22 Dekabr 2024, Bazar

Hörmətli oxucum, fotoşəkil və yazının adı sizə az-çox məlumat verdi. Bəli, xoşbəxt ailə, uzunömürlü ailə. İstədik, həmin ailənin qonağı olaq, uzunömürlü ailənin sirrini öyrənək, oxucumuza çatdıraq. Yazımız üçün seçdiyimiz qəhrəmanlar Səfərovlar ailəsidir. Bu ailənin təməli düz 55 il bundan əvvəl Kəngərli rayonunun Qarabağlar kəndində qoyulub. Ailə başçısı Kəngərli Rayon Ağsaqqallar Şurasının sədri Nahas Səfərovdur...

Üz tuturuq ziyalıları ilə öyünən Qarabağlar kəndinə. Elə kəndə çatana yaxın yol kənarında əlində qəzet olan bir nəfərə yaxınlaşırıq. Nahas müəllimin evini soruşuruq. Deyir ki, o da Nahas müəllimgilə gedir, qəzet aparır. Birlikdə yol alırıq Nahas müəllimin evinə. Qəzetdə Nahas müəllimin “Yeniləşən, gözəlləşən Kəngərli” adlı geniş məqaləsi çap olunub. Alıb baxıram. Bu sətirlər diqqətimi çəkir: “Bu gün təkcə şəhərlər deyil, kəndlərimiz də inkişaf edir, abadlaşır və müasir sima alır. Kənd yollarının abadlaşdırılması, asfalt döşənməsi, müasir kənd mərkəzlərinin, o cümlədən müxtəlif xidməti binaların istifadəyə verilməsi kənd əhalisi üçün yaradılan şəraitdən və göstərilən qayğıdan xəbər verir. Təsadüfi demirlər ki, mədəniyyət yoldan başlayır. Bəli, insanları, yerləri, yurdları bir-birilə birləşdirən yollardır. Yol nə qədər rahat olarsa, gediş-gəliş də o qədər yaxşı olar, əhalinin rifah halı yüksələr. Bu baxımdan rayonumuzun çoxsaylı yaşayış yerlərini bir-birinə bağlayan Qıvraq-Çalxanqala-Təzəkənd dairəvi yolu yol infra­strukturunun yaxşılaşdırılması istiqamətində aparılan uğurlu bir nailiyyətdir”.

Bəli, Nahas müəllimin dediyi o yol bizi onun evinə rahatca çatdırır. Nahas müəllim nəvələrini başına toplayıb bizi gözləyirmiş. Çünki gəlişimizdən xəbəri var idi. Salamlaşıb içəri daxil oluruq.
Oxucularımızı intizarda qoymayıb bu uzun­ömürlü ailə haqqında qısa məlumat vermək istəyirəm. Nahas müəllim 1933-cü ildə Qarabağlar kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix ixtisasını bitirdikdən sonra öz doğma kəndinə qayıdaraq 60 ilə yaxın müəllim kimi fəaliyyət göstərib. Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi və SSRİ maarif əlaçısı adlarına layiq görülüb. Bir çox mötəbər tədbirlərə nümayəndə seçilib, muxtar respublikanın ictimai həyatında fəal iştirak edib. Nahas müəllim həm də gözəl qələm sahibidir. Onun mütəmadi olaraq dövri mətbuatda məqalələri çap olunur.
Səfərovlar ailəsini tanıyanlar deyirlər ki, bu ailə səmimi, mehriban, bir-birini duyan, bütün ailə əziyyətlərini birgə çiyinlərinə götürən, adət-ənənələrimizə sadiq qalan ailədir. Ailənin möhkəmliyini göstərən ən önəmli amillərdən biri də onların Vətən üçün yetişdirdiyi layiqli övladlardır. Nahas müəllim və Zəminə xanım 3 qız, 2 oğul tərbiyə edib, boya-başa çatdırıb. Hamısı da ali təhsillidir. Müxtəlif ixtisas sahibidirlər. Haliyədə hamısı dövlət təşkilatlarında çalışır.
Nahas müəllimlə çay süfrəsi arxasında söhbətə başlayırıq. Deyir ki, məndən tez-tez soruşurlar: 55 ildir ki, ailə qurmusunuz, aranızda da heç bir inciklik olmayıb. Bunun sirləri nədədir?
– Ailə haqqında resept vermək olmaz, tələm-tələsik söz vermək olmaz. Mən şəxsən ailə qurarkən atamla anamın ailəsini özümə nümunə götürmüşəm. Atamın məsləhəti ilə də evlənmişəm. 55 ildir ki, hər ikimiz verdiyimiz sözə xilaf çıxmamışıq. Etibar da müqəddəsdir, vəd də, söz də. Övladlarım da bu yolla ailə qurub. Məhəbbət, sevgi, eşq insana xas olan ən ülvi hislərdir. Ailə məhəbbəti elə bir qiymətli ləldir ki, onu nə almaq, nə də satmaq olar. O, dəyəri məlum olmayan bütöv bir dünyadır. Bu 55 illik ömür sirri hər iki tərəf arasında qarşılıqlı müqəddəslikdir. Hər ikimizi bir-birinə bağlayan incə, təmiz, ləkəsiz hisdir. Onun ölçüsü, müddəti, həddi, sərhədi yoxdur.
– Bəs nədir uzunömürlü ailənin sirri? Nahas müəllim ailənin uzunmüddətli xoşbəxtliyini nədə görür? suallarını o belə cavablandırır:
– Ailədə düzlük, doğruçuluq, səmimilik ön planda dayanmalıdır. Bir-birini duymaq, bir-birinə inam, sədaqət və ailədə dostluq da əsas şərtlərdəndir. Ailənin uzunmüddətli olması üçün, hər şeydən əvvəl, bu kiçik dövlətdə hamı bir-birinə hörmət etməli, hər kəs öz yerini bilməlidir. Dədə-babadan belə deyiblər ki, ən möhkəm pərdə yaxın adamlar arasında olmalıdır. Yəni çöldə-bayırda kimdənsə xoşun gəlməsə, ortaya narazılıq çıxsa, üzünü çevirib gedərsən, məsələ də bununla bitər. Ancaq ailədə kimdənsə üz çevirib getmək, küsmək nə asan işdir, nə də bu addımı atmaq olar. Ona görə də mən hər zaman ailə münasibətlərində qarşılıqlı hörmətin birinci yerdə durmasını istəmişəm. 55 illik ailənin belə yaşamasının səbəbi ailədə olan məhəbbətdir, birlikdə çəkilən əzab-əziyyətdir.
Deyirlər, ailəni möhkəm edən qadındır. Doğrudan da, belədir. Bu uzunömürlü ailədə Zəminə xanımın rolu danılmazdır. Üzündən xoş təbəssümü əskik olmayan Zəminə xanım belə hesab edir ki, onun həyatda ən böyük uğuru övladlarına verdiyi yüksək tərbiyədir. Əlavə edir:
– 55 ildə çox problemlərlə üzləşmişik. Ancaq öhdəsindən gəlməyi bacarmışıq. Aramızdakı hörməti sarsıtmamışıq. Ailədə qadın da, kişi də səbirli olmalıdır. Hər şeyi məhz səbirlə həll etmək lazımdır.
Söhbətimiz zamanı Nahas müəllim gənc ailələrə də məsləhətini verir:
– Ailə bir dövlətdir, bir cəmiyyətdir. Bizim hər birimiz o dövlətin vətəndaşları, cəmiyyətin üzvləriyik. Bugünkü gənclərimiz bu həqiqəti dərindən dərk etməlidirlər. Ancaq bu halda ailə uzunömürlü ola bilər. Gənc ailələrə məsləhətim odur ki, ailəyə qarşı səmimi və hörmətlə yanaşsınlar. Ailənin uzun müddət yaşaması üçün qarşıya çıxan bütün əziyyətlərə dözsünlər. Valideynlər övladlarına düzgün tərbiyə versinlər. Çünki normal ailədə böyümüş, düzgün tərbiyə, təhsil almış gəncin qurduğu ailə də möhkəm olur. Bundan başqa, mütləq təhsilə böyük önəm vermək lazımdır. Mən dövrün çətinliklərinə baxmayaraq, övladlarımın hamısını oxutmuşam. Amma indi Allaha şükür, demək olar ki, təhsil almaq heç də çətin deyil. İndi uşaq oxutmağa nə var ki!
Nahas müəllim, sözün həqiqi mənasında, ziyalıdır. O, bir ziyalı kimi, kəndinin keçmişini və bu gününü müqayisə edir və qəlbi dağa dönür:
– Təqaüddə olsam da, mətbuatla yaxından əməkdaşlıq edirəm. Çünki ürəyim doludur. Biz gördüyümüz çətinlikləri övladlarımız görmür. Baxın, evimizin qarşısında müasir məktəb binası, bir az aralıda kənd mərkəzi, həkim ambulatoriyası. Kəndli torpağın əsl sahibidir. Bütün bunları görəndə ilhama gəlirəm. İndi muxtar respublikamızda ailələrin rifah halı günü-gündən yaxşılaşır. Bu da ailələrin uzun­ömürlü olmağına öz təsirini göstərir. Bütün bunlar doğma diyarımızda yaradılan sabitlik hesabınadır. Bu gün təkcə gənc ailələrə deyil, bizim kimi uzunömürlü ailələrə də xüsusi diqqət göstərilir. Belə ailələrin yubileylərinin qeyd olunması yubilyarların yaddaşlarında silinməyən xoş izlər buraxır.
Söhbətimiz yavaş-yavaş sona yetməkdədir. Nahas müəllimin həyətini gəzməyə çıxırıq. Ailənin zəhməti hesabına başa gəlmiş gözəl bağ qəlbimizi oxşayır. Bizə meyvələrdən pay hazırlamaq istəyirlər. Razılaşmırıq. Hərəkətimizin Zəminə xanıma toxunduğunu hiss edirəm. Sözünü yerə salmırıq. Bir saatlıq-saatyarımlıq səmimi söhbətin təəssüratlarını hələ də yaşayırıq. Azərbaycan qadınına məxsus olan bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən bu qadının sözünü yerə salmaq istəmirik. O da bunu hiss edir. Və üzünə təbəssüm qonur. 55 illik ömür-gün yoldaşı ilə birlikdə bizi qapıya qədər yola salır. Ayrılarkən dediyi sözləri olduğu kimi oxucularımıza çatdırıram: Xoşbəxtliyin açarı hər kəsin öz əlindədir. Çalışın ki, o açardan düzgün istifadə edəsiniz. Bu yerdə Nahas müəllim gülür, əlavə edir:
– Bizim kimi...

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR