Avqust ayının 10-da Naxçıvan Aşıqlar Birliyinin üzvləri Şahbuz şəhərindəki Ahıllar Evində konsert proqramı ilə çıxış ediblər.
Konsertdən əvvəl çıxışlarda qeyd edilib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində ahıl və məhdud fiziki imkanlı vətəndaşlara göstərilən xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib, onların sağlam həyat tərzində yaşaması, maddi və mənəvi tələbatının ödənilməsi üçün hərtərəfli şərait yaradılıb. Tənha yaşayan və başqasının köməyinə ehtiyacı olan ahıllara və məhdud fiziki imkanlı şəxslərə evlərində və Ahıllar Evində sosial xidmət göstərilir. Sosial xidmətə götürülən ahıllara evlərində baş çəkilərək qayğıları ilə maraqlanılır, həkim müayinəsindən keçirilir, zəruri sosial problemləri yerindəcə həll edilir. Ahıllar Evinin sakinlərinin də rahat yaşamaları üçün dövlətimiz tərəfindən yüksək şərait yaradılıb, onlara mütəmadi tibbi və sosial reabilitasiya xidməti göstərilir. Onların asudə vaxtlarının səmərəli keçirilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, muxtar respublikamızın görməli və tarixi yerlərinə gəzintiləri təşkil olunur, əlamətdar günlərdə onların iştirakı ilə tədbirlər keçirilir.
Konsertdə Naxçıvan aşıqlarının bir-birindən maraqlı saz havaları səsləndirilib.
Sonda Ahıllar Evinin sakinləri konsertin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti