22 Dekabr 2024, Bazar

Redaksiyamıza gün ərzində onlarla zəng gəlir. Kimisi dərc olunan yazı barədə fikirlərini bildirir, kimisi qəzetlə əməkdaşlıq etmək istəyir. Amma bu dəfə başqa məqsədlə zəng vurulmuşdu. Bir xanım onun ailəsinə göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirirdi.
Həmin ailənin üzvləri ilə görüşməyi qərara aldıq. Üz tutduq Babək rayonunun Güznüt kəndinə. Mehribanlıqla qarşılandıq. Bizə zəng edən Yeganə Qəribovanın fikirlərini olduğu kimi oxucularımıza çatdırıram:

– 1995-ci ildə ailə həyatı qurmuşam. Bir neçə il övladımız olmayıb. 1999-cu ildə oğlum dünyaya gəlib. Adını Fuad qoymuşuq. Ağır travma ilə doğulduğuna görə səhhətində ciddi problemlər var idi. Uzun illərdir ki, onu müalicə etdiririk. Amma maddi imkanımız çatmırdı ki, onu xarici dövlətlərə də aparaq. Bu arzumuz ötən il dövlətimiz tərəfindən gerçəkləşdi. Latviyaya göndərildik. Bu il isə Türkiyə Respublikasının Dənizli şəhərində yerləşən Nobel Tibb Mərkəzində olduq. Bizimlə bərabər 4 sağlamlıq imkanı məhdud olan uşaq da getmişdi. Burada övladlarımız xəstəlikləri üzrə müayinələrdən keçirildilər, müxtəlif müalicələr aldılar. Bizimlə olan valideynlərin sevincini duymaq çətin deyildi. Çünki aldıqları fizioterapiya müalicələrindən sonra övladlarımızın səhhətində xeyli irəliləyiş müşahidə edirdik. Onlar o qədər sevinirdilər ki, bunu sözlə ifadə edə bilmirəm. Elə xəstəxanada düşündüm ki, Naxçıvana qayıdan kimi qəzet və ya televiziya vasitəsilə dövlətimizə minnətdarlığımızı bildirim. Siz də sağ olun, sözümüzü yerə salmayıb gəldiniz. 24 ildir ki, Güznüt kənd həkim ambu­latoriyasında tibb bacısı işləyirəm. Qeyd etməliyəm ki, Fuad müvafiq təşkilatlar tərəfindən qeydiyyata alınıb və daim diqqət əhatəsindədir. Fuad üçün fərdi reabilitasiya kartı tərtib edilib və kart üzrə müalicə prosedurları həyata keçirilir. Fuadın rəsmə marağı böyükdür. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan bütün imkanlardan istifadə edir. Güznüt kənd tam orta məktəbinin IX sinif şagirdidir. Yeni dərs ilinə böyük əhval-ruhiyyə ilə başlayacaq. Mən valideyn kimi arzulayıram ki, o, həmyaşıdlarından geri qalmasın. Sevinirik ki, bu arzularım gerçəkləşir.
Bəli, bir ananın sevinc hislərini oxucularımızla paylaşdıq. Bir daha əmin olduq ki, insan amilinə davamlı qayğı bu gün muxtar respublikada prioritet vəzifəyə çevrilib. Bu isə region sakinlərini ürəkdən sevindirir. Həyata keçirilən tədbirlər isə muxtar respublika sakinləri tərəfindən sabahımıza cavabdehlik hissinin ifadəsi kimi dəyərləndirilir.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR