İnsanların məşğulluq problemlərinin həlli istiqamətində son illər muxtar respublikada geniş layihələr həyata keçirilir.
Həyata keçirilən tədbirlər içərisində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət daşıyır. Proqramın əsas məqsədi muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsinə, əmək bazarının dəyişən tələblərinə uyğun müasir peşə hazırlığı kurslarının təşkilinə köməklik göstərməkdən ibarətdir. Proqramdan irəli gələn vəzifələrin həyata keçirilməsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin üzərinə mühüm vəzifələr düşür. Xidmətdən verilən məlumata görə, 1 yanvar 2014-cü il tarixdən 1 avqust 2015-ci il tarixədək muxtar respublikada 4385 işaxtaran öz peşə və ixtisaslarına uyğun münasib işlə təmin olunub.
Məşğulluq problemlərinin həll olunmasında ildə 4 dəfə təşkil edilən əmək yarmarkalarının da böyük rolu var. Bu məqsədlə muxtar respublikada fəaliyyət göstərən məşğulluq orqanları tərəfindən əvvəlcədən işəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir. Qeyd edək ki, 2015-ci ilin birinci yarısında muxtar respublikada məşğulluq xidməti orqanlarına müraciət etmiş 1391 nəfər işlə təmin edilib.
Növbəti əmək yarmarkalarının keçirilməsinə isə avqust ayının 18-dən başlanılacaq. İlk əmək yarmarkası həmin gün Sədərək rayonunda təşkil olunacaq. Kəngərli rayonunda işaxtaranlar əmək yarmarkasına avqustun 19-da müraciət edə biləcəklər. Şahbuz rayonunda keçiriləcək əmək yarmarkası isə ondan bir gün sonra – avqustun 20-də təşkil ediləcək. Culfalı işaxtaran vətəndaşlar avqust ayının 21-də əmək yarmarkasında iştirak edəcəklər. Ordubadlılar isə bu tədbirə avqustun 25-də qatılacaqlar. Analoji tədbir Babək rayonunda avqustun 26-da, Şərur rayonunda isə avqustun 27-də baş tutacaq. Naxçıvan şəhərindəki işaxtaranlar isə vakant iş yerləri haqqındakı məlumatlarla avqustun 28-də “Gənclik” Mərkəzində təşkil olunacaq əmək yarmarkasında tanış ola biləcəklər.
Qeyd edək ki, əmək yarmarkalarının təşkil olunması Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun rayon mərkəzləri tərəfindən həyata keçirilir.
Xəbərlər şöbəsi