Dövlətimizə minnətdarıq
Hörmətli redaksiya!
Mən Kəngərli rayonunun Xok kəndində yaşayıram. Bu məktubu yazmaqda məqsədim mənim kimi aztəminatlı insanlara böyük diqqət və qayğı göstərərək bizi unutmaması üçün dövlətimizə minnətdarlıq etməkdir. Dörd nəfərlik ailəyik. 35 yaşım olsa da, xəstəliyimlə əlaqədar heç bir yerdə işləmək imkanım yoxdur. Həyat yoldaşım da iki azyaşlı uşağımıza baxır. Başqa gəlirlərimiz olmadığından və həyətyanı təsərrüfatla məşğul ola bilmədiyimizdən maddi təminatımız məhduddur. Ancaq sağ olsunlar, dövlətimiz bizim kimi ailələri diqqətdə saxlayır. Vaxtaşırı yaşayış şəraitimizlə maraqlanırlar, maddi yardımlar edirlər. Çox razıyıq. Elə bu yaxında Naxçıvandan gəlmişdilər. Həkimlər, nazirlik işçiləri evimizdə oldular, ailə üzvlərimizi tibbi müayinədən keçirdilər, təzə soyuducu hədiyyə etdilər, ərzaq payı verdilər. Bu, dövlətimizin gücüdür ki, özünün hər vətəndaşına belə qayğı göstərir. Bu qayğıya görə dövlətimizə minnətdarıq.
Hörmətlə, Qılman ƏLİYEV
Kəngərli rayonu,
Xok kəndi
İdmana qayğının daha bir nümunəsi
Övladımın yaşını nəzərə alaraq onun hansı idman növü ilə məşğul olmağını çox müzakirə etdik. İnternet portallarından oxumuşdum ki, uşağı hər hansı idman növünə cəlb etməzdən əvvəl onun yaşını nəzərə almaq lazımdır. Çünki hər hansı idman növünə bələd olmadan uşağı bu sahəyə yönləndirmək onun gələcəyinə mənfi təsir göstərə bilər. Məhz buna görə çox tərəddüd edirdim.
Məktəbdə dərslərindən geri qalmaması üçün daha uyğun seçim etməli, seçdiyimiz idman növü həm də uşağın zehnini yormamalı, asudə vaxtının səmərəli keçməsi üçün ona müsbət təsir etməli idi. Öyrəndim ki, Naxçıvan şəhərində stolüstü tennis idman növü bölməsi fəaliyyətə başlayıb. Müraciət etmək üçün Üzgüçülük Mərkəzinə yollandıq. Etiraf edim ki, gördüyüm şərait məni çox təəccübləndirdi. Qısa vaxt kəsiyində bu bölmənin inkişafı üçün hər bir şərait yaradılıb və uşaqların tennislə məşğul olmaları üçün bu bölmə lazımi avadanlıqlarla təmin edilib. Sevindirici haldır ki, bu bölmədə bütün yaş qrupları üçün imkanlar var. Hələlik, övladım 3 məşqdə iştirak edib və görünən odur ki, stolüstü tennisə hədsiz dərəcədə marağı artıb.
Muxtar respublikada idmanın müxtəlif sahələrinin inkişafına ciddi önəm verilir. Bu da uşaqlarımızın sağlam ruhda böyüməsi üçün başlıca şərtlərdən biridir. Stolüstü tennis bölməsinin yaradılması bu istiqamətdə də həyata keçirilən tədbirlərin davamıdır və bunun üçün minnətdarlığımızı bildiririk.
Gülarə ƏLİYEVA
Naxçıvan şəhər sakini
Yaradılmış şərait məsuliyyət hissimizi artırıb
Hörmətli redaksiya!
Hamımıza məlumdur ki, muxtar respublikamızın siması son illərdə xeyli dəyişilmiş, yeni obyektlər tikilmiş, böyük abadlıq işləri aparılmışdır. Yeni tikilən, əsaslı təmir olunan obyektlər içərisində səhiyyə müəssisələrinin də sayı çoxdur. İndi bu qədim diyarın ən ucqar dağ kəndlərində belə, müasir tələblərə cavab verən tibb ocaqları fəaliyyət göstərir. Əlbəttə, bütün bu işlərin görülməsində əsas məqsəd dövlətimizin vətəndaşlarımızın sağlamlığına verdiyi böyük önəmdir. “Sağlam bədəndə sağlam ruh olar” deyiblər. Biz də tibb işçisi olaraq həyatımızı insanların sağlamlığının qorunması kimi müqəddəs bir vəzifəyə həsr etmişik.
Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi üçün yeni binanın istifadəyə verilməsi hər birimizi çox sevindirdi. Əvvəlki iş yerindən fərqli olaraq indi burada fəaliyyətimiz üçün hərtərəfli şərait var. Mərkəz üçün ən müasir tibbi avadanlıqlar alınaraq quraşdırılıb. Bu avadanlıqlar müxtəlif yoluxucu xəstəliklərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa imkan verir. Ona görə də yaradılmış bu şərait qarşımıza daha böyük vəzifələr qoyur. Çalışacağıq ki, bu vəzifələrin yerinə yetirilməsində səylərimizi əsirgəməyək, bizə göstərilən etimadı əməli işimizlə doğruldaq.
Havva Əliyeva
mərkəzin tibb bacısı
Məktəblilərin yay tətili günləri maraqlı təşkil olunur
Hörmətli redaksiya!
Mən bu məktubu sizə Şərur rayonundan yazıram. Əvvəlcə onu qeyd edim ki, qızım Fatma Məmmədova Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi”ndə iştirak edib evə qayıtdıqdan sonra məndə bu tədbirin təşkilatçılarına minnətdarlıq etmək arzusu yarandı.
Ata-ana üçün övlad dəyərli varlıqdır. Bizim ailəmizin də ən dəyərli varlığı övladımız Fatmadır. Fatmanın Ağbulaq İstirahət Mərkəzinə göndərildiyini eşidəndə çox sevindik. Çünki adətən qızımız yay tətili günlərində istirahətini evdə keçirməli olurdu. Ancaq bu il o da arzusuna çatdı. Ağbulaq İstirahət Mərkəzindən qayıtdıqdan sonra mərkəzdə yaşadığı təəssüratları ailəmizlə bölüşdü və dedi ki, “Yay məktəbi”ndə çox sayda müsabiqələrdə, yarışlarda iştirak edib, özünə yaxşı dostlar qazanıb. Şahbuz rayonunun gəzməli-görməli yerlərində olmaq onun lap ürəyincə olub. Bir sözlə, qızım bu istirahət mərkəzindən böyük sevinc hissləri ilə qayıdıb, daha yaxşı oxumağa, müəllimlərinin verdiyi tapşırıqların öhdəsindən gəlməyə onda böyük həvəs yaranıb. Övladlarımıza yaradılan belə şərait muxtar respublikada sağlam gənclik yetişdirilməsi məqsədi daşıyır. Bunu sabahımıza cavabdehlik hissinin ifadəsi kimi dəyərləndirir və dövlətimizə minnətdarlığımızı bildiririk.
Səfər MƏMMƏDOV
Şərur rayonu