22 Dekabr 2024, Bazar

Bu yazını hazırlayarkən nədən və haradan başlamaq barədə xeyli düşünməli oldum. Adətən, yazılarımı öncədən planlaşdırmıram, yazıya başlayarkən qələm əlimdə kağızın üzərində sanki öz-özünə hərəkət edir. Ancaq bəhs edəcəyim ünvanda yaşadığım təəssüratları olduğu kimi oxucuya necə çatdırmalıyam? Bax, bu sualın cavabını tapmaq yazmağa başlayanda mənim üçün ən çətin və cavabsız suallardan biri olur. Yəqin ki, bir çoxlarının ahıl yaşını düşünmək ağlına belə gəlməyib. Gəlin etiraf edək ki, ahıl yaşda harada olacağıq, gecə-gündüz beşiyi başında yarpaq kimi əsdiyimiz, böyüdüb boya-başa çatdırdığımız övladlarımız yanımızda olacaqmı? – sualı yəqin ki, yüzümüzdən birini düşündürə, ya yox. Bunda qeyri-adi heç nə yoxdur. İnsan yaranışdan bəri belədir. Sağlam olduğu zaman xəstəliyi düşünmür, cavanlığında qocalığı, ailəsi, övladları, çoxlu dost-tanışları olanda tənhalığı. 

Taleyə, qismətə inanan adam olma­mışam. Alın yazısını, qisməti də elə-belə məfhumlar kimi qəbul etmişəm. Düşünmüşəm ki, insan özü öz hərəkətləriylə öz taleyini yaradır, alın yazısını yazır. Amma ömrünün payız fəslini yaşayan qocaman çinarlarla –ahıl insanlarla bağlı yazını qələmə almağa başlayanda bu haqda bir az düşünməli oldum. Çünki barələrində yazacağım insanların bir çoxu tənhalığı seçməyib, sadəcə, bu, belə alınıb. Etiraf edim ki, bu haqda yazmaq ağrılıdır, hələ də özünü gənc sayan mənim üçün çətindir. Bircə təsəllim var ki, mövzum cəmiyyətə gərəkli mövzudur. Yəqin ki, təxmin etmisiniz. Budəfəki yazımız ahıllar haqqındadır.

…Bəzi ahıl insanlar əhatələrində yüzlərlə insanın olduğunu görsələr də, özlərini tənha hiss edirlər. Bu, ondan irəli gəlir ki, belələri daha yaxın münasibətə, ünsiyyətə, dəstəyə, başqaları tərəfindən başa düşülməyə ehtiyac duyurlar. Kimi bu dövrü rahat keçirir, ətrafdakılara əziyyət vermir, kimisi isə bunu açıq-aşkar büruzə verir, əzab çəkdiyi, özünə yer tapmadığı açıq-aydın görünür. Ancaq bu, çox da uzun sürmür. Bu, həmin ahılın özünün arzu etdiyi tənhalıqdır. Ahıl insanın məcburi tənhalığı isə başqadır. Ahıl insan özü də istəmədən həyat onu tənhalığa sürükləyir, axşam süfrəsi ətrafında oturanı, xəstələnəndə qayğısını çəkən olmur. Haqqında danışacağım insanlar da, bu mənada, məcburi tənha ahıllardır. Ancaq təsəlliləri var. O da bundan ibarətdir ki, dövlət onları tənhalığın məngənəsində sıxılmağa qoymayıb, hər zaman yanlarında olub, dilbər guşəmiz olan Şahbuz şəhərində belələrinə isti yuva rolunu oynayan Ahıllar Evini onların ixtiyarına verib.

Bu ünvandan reportaj hazırlamaq çoxdankı arzum olub. Ancaq bu məkanın qapısından içəriyə doğru bir addım atdıqdan, buradakı ahıl insanlarla tanışlığımdan sonra bu yazının nə qədər çətin hasilə gələcəyini anladım. Çünki onlarla söhbət zamanı ahıl insanların hər birinin dünyaya baxışının, düşüncələrinin sirli-sehrli, əsrarəngiz bir aləm, xatirələrinin bir kitab, xəyallarının əngin dəryalar, ümmanlar qədər olduğunu gördüm. Açığını deyim ki, bu, məndə reportajı tam əhatə edə bilməyəcəyim qorxusunu yaratdı. Çünki bura hərəni bir problem gətirib, kimi mənəvi ehtiyac, kimi tənhalıq, kimi də elə yaxınlarının soyuq münasibəti üzündən qulaq yoldaşı, sirdaş tapmaq ümidilə Ahıllar Evinə üz tutub. Bəlkə də, buna görədir ki, nə qədər şən görünməyə çalışsalar da, bizə doğru baxan gözlərdə kədəri, qəmi, illərin acısını-şirinini hiss etməmək, duymamaq mümkün deyil. Ahıl insanları anlamaq üçün onlarla söhbət etməyə ehtiyac yoxdu. Onlar hərəkətləri, davranışları ilə danışırdılar. Onlara ünvanlayacağım bəzi sualların cavabını, əsl həqiqəti özüm yaxşı bilirdim. Bilirdim ki, “necəsiz?” – deyə soruşsam, “yaxşıyıq” – deyə cavab verəcəklər. “Darıxmırsız ki?” – sualının cavabı da gözlədiyim kimi olacaq. Ancaq onların heç biri ahıl yaşında bu məkana üz tutmağının əsl səbəbini açıqlamayacaq, bunda övladlarını, yaxınlarını günahlandırmayacaq, “özüm buranı seçmişəm”, – deyəcək. Bircə hamının “nənə” deyə çağırdığı adını çəkmək istəmədiyim bir qadından başqa.
Onunla pilləkənlərdə qarşılaşdıq. Ağ qıvrım saçları alnına tökülmüş nənə tez-tez Ahıllar Evinin işçilərinə “bu gün gəlib məni aparacaqlar”, – deyirdi. Bunu eşidəndə çox sevinmişdim. Ona görə sevinmişdim ki, nə yaxşı hansısa bir övladın yatan vicdanı oyanıb, anasını öz evinə, nəvələrinin yanına aparmaq üçün gəlib. Gəlib ki, “ Günahkaram, bağışla məni”, – deyib onu yenə öz süfrəsinin baş tərəfində oturtsun, uzun qış gecələrində nənə öz nəvələrinə nağıllar desin, xeyirdə-şərdə yenə ön sırada yer alsın. Burada onun nə qədər qayğısına qalsalar da, o, öz evini arzulayır, evində yaşamaq istəyir. Deyir ki, son mənzilə buradan yox, öz evimdən getmək istəyirəm. Övladlarım gec-tez məni evimə aparacaqlar.
Burada ömrünün 14 ilini keçirən Tamara Abdullayeva Bakı şəhərindəndir. İxtisasca jurnalistdir. İki oğlu, bir qızı, 8 nəvəsi var. Deyir ki, yoldaşı rəhmətə gedəndə qayınata evində qala bilməyəcəyini görüb övladlarını da yanına alıb çıxıb. Həyat yoldaşının ata evinə bir də övladı ailə qurarkən qayıdıb, ancaq orada çox qalmayıb. Nədənsə, bu evdə bir onunçün yer darlıq edib. O da Ahıllar Evində qalmağa qərar verib. Burada işləyənlərin onlara əsl övlad münasibəti göstərdiyini bildirdi: “Bizə burada gözəl xidmət göstərirlər, normal yaşayırıq. Buna görə dövlətimizdən çox razıyıq. Hansı məsələ ilə bağlı müraciət etsək, Ülviyyə xanım və işçiləri bizə kömək edir”.
Evin ziyalı ahıllarından olan Şərur rayonunun Tumaslı kənd sakini Məhərrəm İbrahimov kənd məktəbində tarix müəllimi işləyib. 2008-ci ildən Ahıllar Evində yaşamağa qərar verib. Nədənsə, burada olmasının səbəbi haqda danışmağa çətinlik çəkir. Bu nəcib insanın atdığı addım, əslində, bütün valideynlər üçün fədakarlıq nümunəsi sayıla bilər. O, əl arabasına məhkum oğlunu çox çətinliklə də olsa, ev-eşik sahibi edə bilib. Ancaq oğlu ailə qurduqdan sonra ailədə problemlər yaşanıb. O da evdən heç bir şey götürməyərək pensiya kartını belə, oğluna verərək çıxıb...
Bu məkanın daha bir sakini Əşrəf Zeynalov Şərur rayonunun Aşağı Yaycı kəndindəndir. 65 yaşı olan Əşrəf dayı maraqlı həmsöhbətdir. Deyir ki, 5 övladım var. Hamısı Bakıda yaşayır. Ancaq bilirəm ki, kirayədə yaşayırlar, çətinlik çəkirlər. Məni yanlarına çağırmağa imkanları yoxdur. Ancaq çağırsalar belə, getmək istəmərəm. Mənim üçün Naxçıvan torpağı ilk və son mənzilimdi. Ona görə də onlardan incimirəm.
Buraya qədər mənə bələdçilik edən Ahıllar Evinin direktoru Ülviyyə xanımdan ayrılıb ahılların asudə vaxtlarında tez-tez üz tutduğu kitabxanaya və istirahət otağına baş çəkirəm. İstirahət otağında dincələn Əmirxan Rüstəmov Şəki şəhərindəndir. 80 yaşlı Əmirxan dayı 7 ildir, buradadır. Tale elə gətirib ki, ailə qura bilməyib, uzun illər həbsxana həyatı yaşayıb. Həbsxanadan çıxdıqdan sonra onun üz tutacağı ünvan olmadığından dövlətimiz ona sahib çıxıb. Əmirxan dayı gəlişindən də, yaradılan şəraitdən də razıdır: “Həddindən artıq razıyam. Burada hər kəs özünü öz evindəki kimi rahat hiss edir”.
Həqiqətən də, Ahıllar Evində yaradılan şərait yüksək səviyyədədir. Otaqlar təmiz, səliqəli, istirahət guşələri rahatdır. Kitabxana, idman guşəsi, tibbi xidmət 24 saat sakinlərin ixtiyarındadır. Ümumiyyətlə, söhbət etdiyim bütün sakinlər yaradılan şəraitdən razılıqla danışdılar. Ancaq Ahıllar Evindən ayrılanda bir şeyi də anladım ki, onlar nə qədər təmin olunsalar da, nə qədər rahat şəraitdə yaşasalar da, bir yaxın adamdan eşidəcəkləri xoş sözə, doğma nəfəsə möhtacdırlar.
11 ildir, Ahıllar Evində yaşayan, ana dili olan rusca ilə bərabər, fransız, alman, Azərbaycan dillərini mükəmməl bilən Violetta Çernışeva ilə söhbət etmək bizə kitabxanada qismət olur. Kitabxananın daimi oxucularından olan həmsöhbətim bizi görüb yazıçı Vidadi Babanlının “Vicdan susanda” kitabını səliqə ilə qatlayıb bir kənara qoyur. Deyir ki, hər bir insanın səhər yuxudan oyananda ilk işi aynaya baxmaq, özünü səliqəyə salmaq olur. Kaş ki bu aynalar insanların vicdanlarındakı əyər-əskiklikləri də göstərə biləydi. O zaman bu dünyada hər şey başqa cür olardı. Həqiqətən də, əgər bir insanın vicdanı ətrafda baş verənlərə qarşı susmuşsa, ondan heç bir müsbət keyfiyyət gözləmək olmaz. Təəssüf ki, buradakı insanların əksəriyyəti susan vicdanların qurbanlarıdır.
...Yazım burada başa çatır. Ancaq hiss edirəm ki, bu məsələyə ictimai diqqətin artırılmasında bir jurnalist kimi peşə borcum, insanlıq, övladlıq, vətəndaşlıq borcum buradan başlayır. Əlim qələm tutduqca bu borcu “qaytarmağa” çalışacağam. Ahıllarımıza soyuqqanlı yanaşanlara, buna birbaşa səbəbkar olan övladlara, qardaş-bacılara demək istəyirəm ki, ömrünüzdə bir dəfə vicdan duyğusunu hiss etmək istəyirsinizsə, tənhalarımıza baş çəkin. Onların qayğıları ilə maraqlanın. Yalnız onda özünüzü əsl insan kimi hiss edə bilərsiniz. Unutmamalıyıq ki, bu gün biz öz valideynlərimizlə necə davranırıqsa, övladlarımız da sabah bizimlə elə davranacaqlar.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR