22 Dekabr 2024, Bazar

İnsan üçün bu dünyada həyatdan şirin, yaşamaqdan gözəl, əziz heç nə yoxdur və ola da bilməz. Uzun ömür yaşamağın, həm də ağrısız-acısız bir ömür sürməyin başlıca şərti isə cansağlığıdır. Bu haqda dünyanın məşhur adamları, filosofları da maraqlı fikirlər söyləyiblər. Qədim yunan filosofu Platon sağlamlığı insan üçün ən böyük xoşbəxtlik kimi qiymətləndirib, sağlam həyat tərzi olmadan mənəvi gözəllik, həqiqi xoşbəxtlik ola bilməz deyib.
Təbabətin atası hesab olunan Hippokrat isə insanın gözəl, cazibədar, dolğun fizionomiyaya malik olmasını sağlam bədənlə əlaqələndirib. Böyük təbib bunun eyni zamanda hər kəsin özündən də asılı olduğunu bildirib. Böyük Azərbaycan maarifçisi Həsən bəy Zərdabi insan üçün sağlamlığı belə qiymətləndirib: Hər kəs xoşbəxt olmaq istəyirsə, həmişə gərək salamat olmağa çalışsın. Çünki xoşbəxtlik mal-dövlət ilə deyil, bədənin sağlamlığı ilədir. Həzm etməyən mədəyə, yara düşən ciyərə mal-dövlətdən nə fayda?
Bəs hamımızın arzuladığımız sağlamlıq özü nədir, onun şərtləri hansılardır? Nə etmək lazımdır ki, sağlam olasan, həm də ağrısız-acısız bir ömür yaşayasan? Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri sağlamlığı belə qiymətləndirirlər: Sağlamlıq xəstəliyin, yaxud qüsurun olmaması deyil, eyni zamanda tam fiziki, ruhi və ictimai rahatlıqdır. Bu mötəbər təşkilatın ekspertləri sağlamlığın səhiyyə sisteminin səviyyəsindən 12 faiz, irsi genetik faktorlardan 18 faiz, ekologiyadan 20 faiz, sağlam həyat keçirməkdən 50 faiz asılı olduğunu da qeyd edirlər. Bu məlumatdan da göründüyü kimi, sağlamlıq daha çox insanın keçirdiyi həyat tərzindən asılıdır.

Sağlam həyat tərzinin şərtlərindən biri də düzgün, səmərəli qidalanmadır. Hər bir insanın yaşaması və fəaliyyət göstərməsi üçün hər gün müəyyən miqdarda enerji lazımdır. Heç bir iş görmədikdə, hətta yuxuda olduqda belə, orqanizmin fəaliyyəti üçün enerji sərf olunur. Bu enerjini biz qəbul etdiyimiz və tərkibi zülallar, karbohidratlar, yağlar, vitamin və minerallardan ibarət olan qida vasitəsi ilə alırıq. Bu qidaların orqanizmdə mənimsənilməsilə enerji əmələ gəlir ki, bu enerji də bizim hər birimizin gün ərzində gördüyü müxtəlif işlərə sərf olunur. Deməli, insanın yaşaması üçün qidalanması vacib şərtlərdən biridir.
Bəs qida qəbulu, daha dəqiqi, səmərəli qidalanma necə olmalıdır ki, bizim qəbul etdiyimiz qidaların istər keyfiyyəti, istərsə də miqdarı orqanizmimizə mənfi təsir göstərməsin, əksinə, bizim sağlam yaşamağımıza səbəb olsun? Səmərəli qidalanmanın üç prinsipi var ki, bunlara hər bir insan əməl etməlidir. Bunlardan birincisi insan orqanizmi üçün vacib olan bütün qidalardan istifadə etməkdir. Elə bir qida məhsulu yoxdur ki, insan üçün onun tərkibində yuxarıda qeyd etdiyimiz faydalı olan karbohidratlar, zülallar, yağlar, vitaminlər və minerallar olmasın. Elə qida maddələri var ki, onların tərkibində zülallar daha çoxdur. Bəzilərinin tərkibində isə karbohidratlar və yağlar çoxdur. Meyvə və tərəvəzlər isə vitamin və minerallarla zəngindir. Ancaq tərkibində insan orqanizmi üçün lazım olan müxtəlif ərzaq məhsullarından istifadə etməklə bədəndə bütün orqanların normal işini təmin etmək mümkündür. Çox yeyənlər deyil, ən vacib qidanı qəbul edənlər sağlam ola bilərlər.
Səmərəli qidalanmanın ikinci şərti qidalanmada müəyyən həddin gözlənilməsidir. Lazım olduğundan çox yemək mədə-bağırsaq sistemi üçün problemlər yaradır. Bu vərdiş halını alarsa, insanda bədən çəkisinin artması, kökəlmə əmələ gələ bilər.
Bir məsələni də qeyd etmək yerinə düşər ki, əgər bədən çəkisi normal bədən çəkisindən 15 faiz artıq olursa, bu, artıq piylənmə hesab edilir. Artıq çəki insan ömrünü 7-8 il azaldır. Onsuz da qısa olan insan ömründə bu 7-8 il az müddət deyil. Yemək yeyərkən həddən artıq toxluq hissinin yaranmasına yol vermək məsləhət görülmür. Əgər artıq qəbul etdiyiniz iki tikədən sonra doyduğunuzu hiss edirsinizsə, yaxşı olar ki, üçüncü tikəni qəbul etməyəsiniz:

Xəstəlik törədən amilləri sən
Çalış ki, bədəndən kənar edəsən.
Uzaq ol dərmandan, acmamış yemə,
Doymamış əlini götür süfrədən.

Səmərəli qidalanmanın üçüncü şərti vaxtlı-vaxtında qidalanmaqdır. Əgər imkan varsa, çalışmaq lazımdır ki, yemək üçün həmişə eyni vaxtda yemək masasının arxasına keçəsən. İnsan, ümumiyyətlə, ən azı gündə üç dəfə qidalanmalıdır. Uşaqların, yeniyetmələrin orqanizmi güclü inkişaf etdiyindən onların sutka ərzində 4-5 dəfə qidalanması təbii ola bilər. Onu da qeyd edək ki, insanların vaxtlı-vaxtında qidalanmasında bəzi hallarda çətinliklər ola bilər. Məsələn, ezamiyyət, ictimai işlər bəzən qidalanma rejiminin pozulmasına gətirib çıxarır. Belə hallarda insan özü ilə götürdüyü ehtiyat qidadan istifadə edə bilər.
Sözümüzü yekunlaşdırıb onu demək istəyirik ki, hamımız sağlam olmağı arzulayırıq. Bu arzunu reallaşdırmaq üçün düzgün qidalanmanın böyük əhəmiyyəti vardır. Bu isə özümüzdən asılıdır.

Məmmədəli ƏLƏKBƏROV
Naxçıvan Muxtar Respublikası Ağciyər
Xəstəlikləri Dispanserinin həkimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR