Batabat. Oğuz övladlarının – Beyrəklərin, Banuçiçəklərin, Fərhadların, Şirinlərin, Nigarların, Nəbilərin, Həcərlərin qılınc oynadıb, at minib ov ovladıqları, qurşaq tutduqları yurd yerlərimizdən biri. Ordubad elinin başı üstündən başlayıb Batabatdan Sədərəyə kimi halay vuran Naxçıvan dağları sanki igidlər kimi çiyin-çiyinə verib bu yurdun keşiyini çəkirlər. Bəlkə də, onların əzəmətli duruşudu, qaya baxışıdı Dədə Qorqud övladlarının qanına, canına hopub. Bəlkə bu qüdrətin sayəsində çomaq dövründən raket dövrünə kimi yurdumuza hücum çəkən yağı düşmənlər həmişə diz çöküblər.
Naxçıvan dağlarının ovcunda onlarla güllü-çiçəkli, buz bulaqlı, xalı çəmənli yurd yerlərimiz var. Onlardan biri də Batabat yaylağıdır. Bu yaylağın çal-çağırını, növrağını neçə illər fitnə-fəsadlı ermənilərin işğalçılıq planları pozsa da, indi gözəlliklər oylağı olan bu yurd yerinin qonaq-qarası kimi, obaları da çoxalıb. Dağları mehman qəbul edən bu yurd yerinin hər guşəsi bir obanın məskənidir. Dağın o üzündə qurd kimi məqam gözləyən düşmənlərimizdən nə qorxan var, nə də onları düşünən var. Çünki milli ordumuzun əsgərləri səngərlərimizdə gecə-gündüz ayıq-sayıq keşik çəkirlər. İqtisadi qüdrəti artan dövlətimizin hərbi qüdrəti qarşısında yenildiyini hiss edən erməni də Batabat aşırımının o üzündə bəlkə yenə də qan tökmək üçün fürsət axtarsa da, qınına çəkilməyə məcbur olub. Batabat yaylağında oba quran sədərəkli, kəngərlili, şərurlu, culfalı, şahbuzlu heyvandarlar, çobanlar, naxırçılar, sahmançılar buz bulaqların başında çadırlar qurur, kənd təsərrüfatının inkişafına öz töhfələrini verirlər. Bu obalarda yayın ilk ayından – iyun ayından məskən salanlar ta sentyabr ayına kimi bu yurd yerinin gözəllikləri ilə nəfəs alır, təbiətin əsrarəngiz mənzərəsinin hər anının şahidi olur, otlaqlarda bəslənən qoyun-quzudan bol məhsul götürürlər. “Əyri qar”ın başından sübhün gözü açılar-açılmaz boylanan Günəşin şəfəqlərindən, yolların kənarlarında insan oğluna gəl-gəl deyən güllərin, çiçəklərin qönçə dodağının təbəssümündən, bulaqların zümzüməsindən, göllərin qırçın ləpələrinin təranəsindən pay alan bu zəhmət adamları el varını göz bəbəyi kimi qoruyurlar. İndi qonaq-qarası çoxdur Batabatın. Sıldırım dağların bircə aşırım o tərəfindəki düşmənin varlığı belə, əvvəllər olduğundan fərqli olaraq indi heç kəsin yadına düşmür. Bu yerlərin, obaların gözəlliyinə qənim kəsilən qurd xislətli qarı düşmənə Batabatın belə çal-çağırlı günləri də gözdağıdır.
Ömrünü obada, ormanda keçirən bir el çobanı öz xatirələrini danışaraq keçmişlərdəki oba günlərini yada saldı. Bildirdi ki, illər öncə obaların sakinləri üçün yaylaqlarda şənliklər keçirilərdi. “Nəbi səngəri”ndə, “Fərhad evi”ndə əks-səda verib dağlara yayılan cəngi sədasından sonra nağara, qara zurna və sazın səsindən dağlar, dərələr elə bil azmanlaşar, çiçəklər bir az da gözəlləşər, təbiət sanki cilvələnərdi. Mədəniyyət işçiləri maraqlı konsert proqramı ilə çıxış etməmişdən bir gün əvvəl obaya xəbər yayılardı. Ehey..! Xançoban, Bəyçoban haradasınız? Obalara, oymaqlara xəbər verin. Görüşümüzə gələn olacaq. Qaraca Çobanın çoban dədəsinin səsi ətrafa yayılardı. “Duman, gəl, get bu dağlardan” adlı el şənlikləri çox maraqlı çal-çağırla başlayar, biz çobanlar da rəqs edər, sağıcılar, sahmançılarla bir yerdə günümüzü istədiyimiz kimi keçirərdik. Elə həmin illərdə keçirilən belə şənliklərdə “Alçalı” bulaqda, “Ərikli”nin dolaylarında, “Turşsu”da, “Qara yoxuş”da qədim türk yaylaqlarında erməni çobanları da bizə qoşulardılar. Nə bilərdik ki, onlar bizim qonaqpərvərliyimizdən istifadə edib isti aşımıza su qatacaqlar. Ancaq atalarımız demişkən, qonşuya quyu qazanın özü düşər. Onlar da əməllərinin cəzalarını bu gün yoxsulluqla, səfalətlə, aclıqla çəkirlər. Bizsə, yenə yurdumuzun sahibi və sakinləriyik. Çünki ulu öndər Heydər Əliyev elə bir dövlət qurub ki, onu hər istəyən yıxa bilməz. Naxçıvanda da onun qüdrəti ilə bir qarış yurd yerinə belə murdar erməni ayağı dəymədi. Sərhəd kəndlərimiz inkişaf etdi, sərhədlərimiz göz bəbəyi kimi qorundu. Bu, indi də belədir. Ona görə biz arın-arxayın elin var-dövlətini bu yaylaqlara gətirir və bir neçə ay ərzində ürəyimiz istəyən qədər yağ, süd, pendir, ət istehsal edə bilirik. Mal-qaramız da ki həm sağlam, həm də gümrah olur…
Ağsaqqalla söhbətim zamanı elə bildim qulağıma qara zurnada çalınan çoban bayatısının sədaları gəldi. Xatırladım ki, ötən illərdə bura gəldiyim zaman obaların birinin qənşərində bir gənc rəssamla rastlaşmışdım. O, əlindəki rəngli qələmlərlə bir əlçim kağızda nəsə çəkirdi. Gördüm ki, kiçik kağız parçasından qartal baxışlı, dağ vüqarlı və əlində avtomat olan bir gənc rəsmdə sanki mənə sarı boylanır. Elə bil ki, əlisilahlı bu oğlan gözlərini dağların gədiklərinə zilləmişdi. Onda qeyri-ixtiyari mən də çevrilib o dağlara baxmışdım. Elə bu vaxt gənc rəssam demişdi ki, qorxmayın, o gədiklərdə indi şəkildə gördüyünüz kimi əlisilahlı əsgərlərimiz durublar. Gecə-gündüz səngərlərimizi qoruyur, sinələrini Vətən torpağına sipər edirlər.
Nədən bunu xatırladım, bilmirəm. Amma inandığım o idi ki, indi Şahbuz rayonunun dağlarında 40-a yaxın obanın olması, el varının o dağlara qaldırılması səngərlərimizin möhkəm qorunmasından, yağı düşmənin öz qınından çıxa bilməməsindən xəbər verən amildir.
Qısa zamanda da olsa, ulu öndər Heydər Əliyevin yurdumuza gəlişinə kimi güllə səslərindən diksinən yaylaqlarımızın gözəlliklərinə “kənardan” baxmağa məcbur olmuşduq. Gözü yollarda qalan dağların qonaq-qarasının ayağı bu yerlərdən kəsilmişdi. Hələ burnu ovulmayan düşmənin əl-ayaq açdığı o günlərdə qurbanlar da verdik, şəhidlərimiz də oldu. Amma bir qarış yox, bir barmaq boyda belə elimizdən, obamızdan, torpağımızdan keçmədik. Elnən gələn dərd toy-bayramdır deyib, inandıq ki, dar günün ömrü azdır. İnamımız gerçək oldu. Şükürlər olsun ki, o günlər arxada qaldı. İndi vaxtında, vədəsində el yaylağa qalxır, oba qurur, yurd salır, təbii sərvətlərimizdən gen-bol istifadə edilir. Bunun əsas səbəbi də ulu öndərin yolunu muxtar respublikamızda ardıcıl və məqsədyönlü şəkildə davam etdirən muxtar respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbovun aranımıza, yaylağımıza, sərhəd və dağ kəndlərimizə, ən ucqar yurd yerlərimizə yenidənqurma, inkişaf, tərəqqi ruhunu bəxş etməsidir. Bu ruh insanlarda torpaq, yurd, ocaq sevgisini gücləndirib. Çünki o yurdlar, o yuvalar sevgiyə, istəyə layiq bir formaya salınıb.
Yaşamaq, yaratmaq üçün hər bir şəraitin olduğu yurd yerlərimizdə məskən salanların, ev-eşik quranların sayı günbəgün artır. Şəxsi təsərrüfatlardakı mal-qaralar, arı ailələri, ev quşları günbəgün çoxalır. Aranın, yaylağın dəyərini bilən zəhmət adamları dolanışığın yolunu da yaxşı bildiklərindən öz işlərini özləri qururlar. Bu gün onlar Batabat kimi gözəlliyi gözoxşayan təbiətin gözəllik guşələrində yerli məhsulların istehsalı ilə məşğuldurlar. Onlara qolunuza qüvvət deyib, yazımı bu məqamda bitirmək istəyirəm.
Şəhla NƏBİYEVA