Şərur rayonundakı Mahmudkənddə yaşayan müharibə veteranı Həsənalı Nağıyevin 95 yaşı tamam olub. İyulun 15-də bu münasibətlə müharibə veteranı ilə görüş keçirilib.
Tədbirdə iştirak edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı 95 yaşı münasibətilə təbrik ediblər.
Bildirilib ki, 1941-1945-ci illər müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Onlar minik avtomobilləri ilə təmin edilir, pensiya və müavinətlərlə yanaşı, hər ay onlara Prezident təqaüdü ödənilir, müharibə veteranları sanatoriya və pansionatlara müalicəyə göndərilir, texniki bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunurlar. Bütün bunlar müharibə veteranlarının sağlamlıqlarının qorunmasına, həyat səviyyəsinin yüksəlməsinə xidmət edir.
Həsənalı Nağıyev göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.
Qeyd edək ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti