22 Dekabr 2024, Bazar

Sosial siyasət dövlətin ali maraqlarının yerinə yetirilməsi üçün tələb olunan zəruri sosial zəmanətlər verilməsi vəzifəsi daşıyır. Bunlar arasında ölkənin milli təhlükəsizliyinə də təsir edən sosial təhlükəsizliyin təmin olunması ən təxirəsalınmaz vəzifədir. Çünki insan amili üzərində qurulmuş sosial siyasət prioritetlərinə baxdıqda ümumi təhlükəsizliyin təmin olunması sosial dövlətin üzərinə düşən yük kimi həmişə özünü göstərir.

Müasir cəmiyyətin həm iqtisadi, həm də sosial-mədəni inkişaf vektorlarına nəzər saldıqda insanları kifayət qədər dərindən düşündürən gələcəkdə onları nələrin gözlədiyi, ola biləcək çətinliklərə qarşı hansı qabaqlayıcı və profilaktik tədbirlərin görülməsi yönündə çox sayda problemlərlə rastlaşırıq. Bunlara bir də qloballaşmanın yaratdığı çox geniş informasiya və kommunikasiya əlaqələri zəminində yanaşsaq, planetin istənilən guşəsində əldə olunmuş bir mədəni nailiyyətlə çox sürətlə tanış olmaq imkanı qazandığımız kimi insan sağlamlığına, onun mənəviyyatına, mal-mülkünə və nəhayət, yaşadığı ölkənin suverenliyinə və xalqının milli dəyərlərinə təhlükə doğuran hər cür neqativ ünsürlərlə də qarşılaşmaq təhlükəsi ilə üz-üzə qalırıq. Bundan heç bir geriyə qayıtma mexanizminin olmadığı bir vəziyyətdə həyata keçirilən sosial siyasət tədbirləri arasında sosial təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti bir daha ortaya çıxır.

Bu gün Naxçıvanda yaşayan ailələr uşaqlarının gələcək təhsili, məzuniyyətdə yay tətilinin harada keçirilməsi və yaxud hansı model yeni avtomobil almaq kimi qayğılarla yaşayırsa, ötən əsrin 90-cı illərinin əvvəllərində insanlar üçün səhər tezdən evdən çıxıb axşam sağ-salamat qayıtmaq hər şeydən vacib bir tələbat halına gəlmişdi. Halbuki bir vətəndaş və onun ailəsi üçün bu təmin olunmadıqda yerdə qalan digər bütün ehtiyaclar ödənsə belə, onların heç bir dəyəri olmayacaqdı. Deməli, əsl rifahı müəyyən edən, cəmiyyətdə hər kəsin sahib olduğu yaradıcı gücün ortaya çıxıb məhsul verməsi üçün onun təhlükəsizliyinin təmin olunmasını və ona bir dövlət zəmanəti verilməsini ən vacib tələbat kimi qiymətləndirməliyik.
Sosial tələbatlar arasında təhlükəsizliyin mahiyyətinə baxdıqda onun vətəndaş azadlıqları, iqtisadi və ekoloji təhlükəsizliyin təmin olunması ilə paralel olaraq yarandığı, insanın məqsədyönlü fəaliyyətini stimullaşdıran bir model olduğu qənaətinə gəlirik. Bu, əlbəttə, təkcə hansısa bir qurumun müəyyən müddətə müəyyənləşdirdiyi tədbirlər planı, yaxud konkret işlərlə hasilə gələn bir nəticə olmayıb, hər bir insanın dünyaya gələndən ömrünün sonuna qədər ehtiyacı olduğu, bəzi məqamlarda onun özündən çox ailə üzvlərini, yaxın adamlarını da maraqlandıran bir ümummilli nailiyyətdir. Təhlil etdikdə, digər sahədə, məsələn, iqtisadi təhlükəsizlik məsələsində fərdin daha çox şəxsi maraqları üzə çıxırsa, sosial təhlükəsizliyə gəldikdə tam əksinə, buna daha çox ehtiyacı olan şəxslərin ön plana çıxması təsadüfi deyildir. Məsələn, bu gün dünyada cərəyan edən terrorizm, ekstremizm, narkomaniya və radikallıq hadisələri fonunda ölkəmizdə, xüsusilə muxtar respublikamızda belə halların doğura biləcəyi təhlükədən söhbət gedə bilməz. İnsanın özünə, onun şəxsiyyətinə və həyata baxışlarına çox ciddi zərərlər vuran belə halların qurbanlarının əksər hallarda uşaq və gənclər olduğunu nəzərə alsaq, onda yuxarıda qeyd olunan fikrimizi bir daha dəstəkləmiş oluruq. Belə olduqda yaşadığı cəmiyyətdə hər hansı bir xarici və daxili aqressorun təsir və təzyiqlərinə qarşı etibarlı qorunduğunu hiss edən şəxsi ən xoşbəxt insan adlandıra bilərik. Bu gün dünyada baş verən sürətli qütbləşmə, yoxsulluğun artması, köklü mədəniyyətə sahib bəzi ölkələrin dövlət iflası (defolt) səviyyəsinə gəlib çatması, səmavi kitablarda lənətlənmiş bəzi eybəcərliklərin qanuniləşdirilməsi fonunda bunları təmin edə bilmək çox çətin iş olub, dövlətin bütün hüquqi, sosial və mədəni idarəetmə sistemlərinin davamlı və dəqiq koordinasiya edilmiş fəaliyyətindən asılıdır. Hər bir cəmiyyətin iflasının son həddi, dövlətə inamın tamamilə yox olduğu vətəndaş müharibəsi məhz bu institutların, əslində, yox olduğu və siyasi liderin nüfuzdan düşdüyü məqamın bir aynasıdır. Dövlət-xalq, xalq-dövlət işbirliyinin hava-su kimi zəruri olduğu məqamlarda atılan qurtuluş addımları isə tarixdə hər kəsə nəsib olmayan bir Tanrı hədiyyəsidir. Bu baxımdan yaxın tariximizdə, cəmisi 20 il əvvəl Azərbaycanın tamamilə işğal təhlükəsi ilə üz-üzə qaldığı zamanda, bütün ictimai həyatı bürümüş xaos dövründə, zəif və zərif insanların axşam saatlarında evdən çıxmağa qorxduğu bir vaxtda gələn Qurtuluşun dəyərini indi daha dərindən dərk edirik. İstər dünyada, istərsə də bəzi qonşu dövlətlərdə siyasi oriyentasiyasızlıqdan, iqtisadi və sosial tərəddüdlərdən vaxtaşırı olaraq yaranan şok dalğaları dərhal həmin təhlükə ocaqlarını yenidən alovlandırmaqdadır. Şübhəsiz, burada insana verilən dəyəri, onun vətəndaş azadlıqlarına, fikir və düşüncələrinə, dini etiqad və inanclarına, iqtisadi fəaliyyət seçimlərinə və ən nəhayət, asudə vaxtına göstərilən diqqəti xüsusilə vurğulamaq lazımdır.
Sosial siyasət daimi, arası kəsilmədən həyata keçirilən proses olduğu qədər, cəmiyyətin inkişafı ilə paralel olaraq özünü yeniləyən, yeni imperativləri cəsarətlə qarşılayan bir məcrada olmalıdır. Yəni burada təkrara heç bir ehtiyac yoxdur. Başqa sözlə, əgər 1995-ci ildə aparılan sosial siyasət tədbirləri arasında əhalinin ifrat yoxsullaşmasının qarşısının alınması ön planda olmuşdusa, hazırkı dövrdə çiçəklənən Azərbaycanın daxilində boşluq tapmaq istəyən ünsürlərin yerindəcə zərərsizləşdirilməsi dövlətin, eləcə də hər bir vətəndaşın qayğısıdır. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən vətəndaş cəmiyyəti quruculuğunu ləngitmək, insan hüquq və azadlıqlarına kölgə salmaq, demokratik təsisatları zəiflətmək istəyən xarici qüvvələrə, onların havadarlarına qarşı ən layiqli cavab məhz insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən davamlı işlər, yerinə yetirilən layihələr, rayonlarda, kənd­lərdə əhali ilə keçirilən açıq görüşlərdir. Ölkəmizdə “Elektron hökumət” layihəsi istiqamətində atılmış addımlar, hər bir vətəndaşın maneəsiz olaraq dövlət və hökumət institutlarına çıxışının təmin olunması, internetin tamamən sərbəstləşdirilməsi sosial təhlükəsizlik məsələlərində önləyici tədbirlər qədər effektlidir.
Uğurlu sosial siyasət haqqında çox danışılsa da, bu, həmişə hər kəsə müyəssər olmayan bir nailiyyətdir. Hazırda müasir Azərbaycan cəmiyyəti öz inkişafının elə bir tarixi mərhələsini yaşayır ki, indi xalqımız həm uzaq, həm də yaxın keçmişdə baş vermiş taleyüklü hadisələri bir daha qiymətləndirib, ondan düzgün nəticə çıxarması üçün ən əlverişli bir zamana gəlmişdir. Azərbaycanın beynəlxalq aləmdəki imicinin yüksəlməsi indi artıq vətəndaşlarımızın da dünyaya baxışlarını, gələcəyə inamını yeni müstəvidə formalaşdırmışdır. Ulu öndər Heydər Əliyevdən miras qalmış Milli Qurtuluşla öz həyatının yeni bir intibah dövrünə qədəm qoyan Azərbaycan xalqı artıq əldə olunmuş sosial-siyasi sabitliyin nə qədər böyük bir sərvət olduğunu hər ötən il daha da dərindən mənimsəyir. Çünki bu, bütün cəmiyyətin rifahıdır.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR