22 Dekabr 2024, Bazar

(Əvvəli qəzetin 10 iyul 2015-ci il tarixli sayında)

Qədim tarixi ilə seçilən Cəhrinin bugünkü növrağı da göz oxşayır. Babək rayonunun bu iri yaşayış məntəqəsi öz təsərrüfatı və sosial həyatı ilə də seçilir. Naxçıvanda vüsət almış müasir intibah prosesləri Cəhridə də özünü hərtərəfli şəkildə göstərməkdədir. İndi Cəhridə insanların məşğuliyyəti, onların həyat səviyyəsi əvvəlki dövrlərdən xeyli dərəcədə fərqlənməkdədir. Şübhəsiz, insanların həyat tərzinə də təsir edən bu amillərin arxasında muxtar respublikamızda əhalinin həyat səviyyəsində şəhərlə kənd arasında olan fərqin aradan qaldırılması istiqamətində çəkilən uzunmüddətli zəhmətin bəhrəsi durur. Əvvəllər, necə deyərlər, kənd deyəndə möhrə hasarlar, kələ-kötür daşla inşa olunmuş yarıuçuq ev və həyətlər, yarımqaranlıq “sovetlik” binası, primitiv kənd mağazası, sabahın erkənindən kəndi bürüyən təndir tüstüsü və bir avtomobil gələndə toz-dumana qərq olan kənd yolları başa düşülürdü. Bir çoxları, xüsusən mənim kimi turizmçilər, adətən, kənd deyəndə milliliyi, sadə gözəlliyi ilə gözoxşayan bir kənddən bəhs edirik. Ancaq bu, heç də o demək deyil ki, kənddə bunun qorunub saxlanılması üçün kəndlərimiz elə həmin o 50-ci illərin filmlərindəki kadrları xatırlatmalıdır. Qərəz, hər bir insanın harada yaşamasndan asılı olmayaraq, onun güzəranının, həyat səviyyəsinin yüksək olması, şəhər-kənd demədən hamının eyni rifahlardan faydalanması ən təməl insan hüquqlarından biridir. Naxçıvanda hamının yaxşı tanıdığı Cəhri kəndinin timsalında bunun muxtar respublikada necə uğurla həll olunduğunu bir daha görürsən.

Müasir bir Naxçıvan kəndi kimi Cəhridə kənddən daha çox şəhər infrastrukturuna aid olan çox sayda elementlər vardır. Təsərrüfatla əlaqəli olan əhalisinin əksəriyyəti malik olduğu münbit torpaqların becərilməsi ilə məşğul olan Cəhridə bir çox istehsal və xidmət müəssisələri də fəaliyyət göstərir. Un dəyirmanı, 5 çörək, şirniyyat, plastik qapı-pəncərə sexlərində hazırlanan məhsullar cəhrililərin bu məhsullara olan tələbatını ödəyir. Düzdür, müntəzəm hərəkət qrafiki olmasa da, kənddən Naxçıvan şəhərinə gün ərzində mikroavtobuslarla sərnişin daşınması xidməti vardır. Kənddə olarkən bildirdilər ki, hazırda Cəhridə əksəriyyəti lüks avtomobil olmaqla, mindən artıq fərdi minik maşını vardır. Bu da yerli camaatın nəqliyyat tələbatının ödənilməsinə imkan yaradır. Yollarına gəldikdə, Naxçıvan şəhərindən kənd mərkəzinədək və ara küçələrin əksəriyyəti olmaqla, hamar qara örtük salınmışdır ki, bu da həm yerli insanların, həm də kəndə gələn qonaqların rahatlığı üçündür. Cəhrililər çox qonaqpərvərdirlər. Kəndin ümumi ab-havası, ağsaqqal söhbəti, salamlı-sabahlı gənclər burada adamı darıxmağa qoymurlar. Burada hər kəsin qapısı qonağın üzünə açıqdır. Çünki dövlətin Cəhridə qurub-yaratdığı müasirliyin verdiyi rifah burada həm yerli sakinlərin, həm də kəndə ayaq basan digər insanların bir-biri ilə doğma adamlar kimi qaynayıb-qovuşmasına imkan yaradır.
Muxtar respublikamızın hər bir guşəsini ağuşuna almış quruculuqdan Cəhriyə də xeyli pay düşüb. Hələ 2007-ci ildə burada müasir kənd mərkəzi, musiqi məktəbi, 2 nömrəli tam orta məktəb üçün bina tikilib, kəndin yollarına asfalt salınıb. Daha sonra 2014-cü ilin fevralında Cəhrinin 1 nömrəli tam orta məktəbi və xəstəxanası əsaslı təmir olunub, xidmət mərkəzi yaradılıb. Ümumilikdə isə kənddə əlavə olaraq iki ticarət xidməti və bir məişət evi də xidmətlərini kənd əhalisinə təklif edir.
Cəhri özünün təhsil ənənələri ilə seçilən kənddir. Cəhri məktəblərində şəhər məktəblərindən heç bir səviyyədə geri qalmayan tam müasir şərait vardır. Təhsil nəticələrinə gəldikdə, burada bildirildi ki, 2013-2014-cü tədris ilinin yekunlarına görə, Cəhri məktəblərini 86 nəfər bitirib və onlardan yalnız 34 nəfəri ali məktəblərə, 10 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. Ötən il Cəhri məktəblərinin yetirmələrindən, sadəcə, bir nəfərin 600 baldan yuxarı və 6 nəfərin 500 baldan yuxarı nəticə göstərməsi burada çalışan 142 nəfər pedaqoqu ciddi düşündürməlidir.
Cəhrinin sosial həyatını bəzəyən infrastruktur sahəsi kimi burada sakinlərin sağlamlığına xidmət edən xəstəxananı qeyd etməliyik. Kənddə fəaliyyət göstərən aptek və 20 çarpayılıq Cəhri Kənd Sahə Xəstəxanasında çalışan 4-ü həkim, ümumilikdə, 39 tibb işçisi əhalisinin sayı 10 min nəfərdən yuxarı olan yaşayış məntəqəsinə səhiyyə xidməti göstərir.
Müxtəlif xalq çalğı alətləri üzrə təhsil verən musiqi məktəbi və mədəniyyət evi Cəhrinin gənc istedadlarının üzə çıxarılması, onların asudə vaxtının səmərəli keçirilməsi baxımından faydalıdır. Kənddə qurulmuş bir bankomat və üç POS-terminal vasitəsilə cəhrililər rayon mərkəzinə və Naxçıvan şəhərinə getmədən elektron bank ödəniş xidmətlərinə olan tələbatlarını elə buradaca ödəyə bilirlər.

Bəli, zamanın sürətli axarında sanki özümüz də bilmədən tarixin bizə bəxş etdiyi növbəti bir intibah dövrünün bəhrələri qapımızın ağzınadək gəlmişdir. Bir vaxtlar kənddən şəhərə getməyə maşın tapanda sevinən Naxçıvan kəndlisi indi şəhər mədəniyyəti elementləri ilə bax beləcə təmin olunmuşdur. İnsanın yaddaşında kənddən çox şəhər təəssüratı yaradan Cəhrinin simasında da bunun bir daha şahidi olduq.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR