22 Dekabr 2024, Bazar

Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” davam edir. Naxçı­­­van Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə gənc­lərin və aztəminatlı ailələrin uşaqlarının “Yay məktəbi”nin keçirilməsi haqqında tədbirlər planına əsasən təşkil edilən məktəbin ilk iştirakçıları 3-9 iyul tarixlərində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri olublar.
İyulun 11-də isə Ağbulaq İstirahət Mərkəzi növbəti qonaqlarını – Şərur rayonundan gələn 45 şagirdi qəbul edib. Dünən biz də adıçəkilən mərkəzdə olduq, uşaqların asudə vaxtlarının təşkili istiqamətində görülən işlərlə maraqlandıq, şagirdlərin təəssüratlarını öyrəndik. Şərur rayonunun Xanlıqlar kənd tam orta məktəbinin müəllimi Gülnar Səfərova ilə söhbət zamanı bildirdi ki, şagirdlərin “Yay məktəbi” günləri çərçivəsində Ağbulaq İstirahət Mərkəzində ilk gündən başlayaraq müxtəlif mövzularda diskussiyalar aparılıb, konsert pro­qramları təşkil edilib, vətənpərvərlik mövzusunda filmlər nümayiş olunub, müxtəlif idman yarışları keçirilib. Bundan başqa, şagirdlərin Şahbuz rayonu ərazisində olan muzeylərə, Batabat yaylağına gəzintiləri də təşkil edilib. Şagirdlər arasında dostluq və yoldaşlıq münasibətlərinin qurulmasında “Yay məktəbi”nin rolu böyükdür. Burada keçirilən müxtəlif müsabiqələr uşaqların estetik, tətbiqi incəsənət istiqamətindəki qabiliyyətlərinin və yaradıcılıq potensialının inkişafına müsbət təsir göstərir. Buraya gəldiyimizdən bəri apardığımız müşahidələrdən deyə bilərəm ki, uşaqların “Yay məktəbi”ndə iştirakı yaxşı istirahət etmələri ilə bərabər, fiziki fəaliyyət ehtiyaclarını ödəmələrinə, yaradıcılıqlarını inkişaf etdirmələrinə səbəb olub.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının nümayəndəsi Səbuhi Hüseyn­ov şuranın və muxtar respublika Təhsil Nazirliyinin uşaqların “Yay məktəbi” ilə bağlı gördüyü işlərdən danışaraq qeyd etdi ki, məktəblilərin asudə vaxtının illik həcminin əhəmiyyətli hissəsini yay tətili təşkil edir. On iki ayın doqquz ayını dərs oxumaq, imtahanlara, sınaqlara hazırlaşmaq hər bir şagird üçün çox yorucudur. Yayın gəlməsini səbirsizliklə gözləyən məktəblilər tədris ilində yorğunluğu yay tətili zamanı üzərlərindən atmağa çalışırlar. Naxçıvan Muxtar Respublikasında məktəblilər üçün “Yay məktəbi”nin təşkili bu baxımdan böyük əhəmiyyət daşıyır və muxtar respublikada uşaq, yeniyetmə və gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Digər əhəmiyyətli məsələ isə “Yay məktəbi”ndə aztəminatlı ailələrin uşaqlarının iştirakıdır. Bu da onu göstərir ki, dövlətimiz aztəminatlı ailələrə, eləcə də bu ailələrdə böyüyən uşaqlara xüsusi diqqətlə yanaşır. “Yay məktəbi” həm də uşaqların yay tətilinin bir hissəsini səmərəli keçirməyə imkan verir.
Burada istirahət edən Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nurgül Ələkbərova dedi ki, Naxçıvanın bölgələrini gəzmək, görməli yerləri ilə tanış olmaq onun çoxdankı arzusu olub. İndi bu arzusu yerinə yetib. Artıq bir neçə gündür ki, burdadır və Şərur rayonunun digər məktəblərindən özünə yaxşı dostlar da tapıb.
Burada olarkən Şərur rayon məktəblisi Fatma Məmmədovanın atası Səfər Məmmədovla telefon əlaqəsi yaratdıq, fikirlərini öyrəndik. Qızının “Yay məktəbi”ndə iştirakından böyük sevinc hissi keçirən Səfər Məmməd­ov dedi ki, bəzi çətinliklər üzündən qızı yay tətili günlərində istirahətini evdə keçirməli olub. Ancaq indi övladı üçün belə imkanın yaradılması təkcə Fatmanın deyil, hər bir ailə fərdinin ürəyincə olub. Qızına belə bir sevinci yaşatdığına görə dövlətimizə minnətdardır.
Məlumat üçün bildirək ki, iyul ayının 3-dən start verilən “Yay məktəbi”nə sentyabr ayının 10-da yekun vurulacaq. Bu müddətdə 225 şagirdin, ümumilikdə isə 395 nəfərin mənalı istirahəti təmin ediləcək. Belə ki, 4-9 avqust tarixlərində Babək və Şahbuz, gələn ayın 12-17-də Culfa və Ordubad, 5-10 sen­tyabr tarixlərində isə Sədərək və Kəngərli rayonlarının şagirdləri Ağbulaq İstirahət Mərkəzinin qonağı olacaqlar. 20-25 iyul tarixlərində sağlamlıq imkanları məhdud uşaqlar, 28 iyul-2 avqust tarixlərində Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin tələbələri, 20-25 avqust tarixlərində isə Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Tibb Kollecinin tələbələri “Yay məktəbi”nin onlar üçün yaratdığı imkanlardan yararlana biləcəklər.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR