Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına nail olmaqla onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji bölmə, kinekt və əmək terapiyası otaqları, Naxçıvan Uşaq Bərpa Mərkəzində multisensorlu terapiya otağı yaradılıb. Defektoloji bölmənin, həmçinin bərpa mərkəzlərinin müvafiq mütəxəssislərinin iş təcrübəsinin artırılması daim diqqət mərkəzində saxlanılır və bu məqsədlə onlar müvafiq kurslara, həmçinin distant təlimlərə cəlb edilirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların müasir tələblər səviyyəsində təhsil alması baxımından mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil etdiyi təlim-seminarlar dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi daşıyır. Seminarları Bakı Şəhər Nitq İnkişaf Mərkəzinin defektoloq-loqopedi Esmira Kazımova aparır.
Təlim-seminara cəlb olunan defektoloji bölmənin müəllim-defektoloqlarına, bərpa mərkəzlərinin müvafiq mütəxəssislərinə, həmçinin serebral iflicli və autizm sindromlu uşaqların valideynlərinə “Uşaq serebral iflici və nitq” və “Autizm sindromlu uşaqlar” mövzuları tədris olunur, eyni zamanda defektoloji bölmədə reabilitasiyaya cəlb olunan 38 sağlamlıq imkanları məhdud uşaqlarla fərdi qaydada təlim-məşğələlər keçirilir.
Seminarların təşkilində məqsəd sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsi işinə məsul mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, valideynlərə uşaqları ilə bağlı (davranış, ünsiyyət qurma bacarığının inkişafı və sair) məsləhət xidmətinin göstərilməsi, nəticədə, bu kateqoriyadan olan uşaqların həyat və təhsil mühitinə inteqrasiyasına nail olmaqdır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti