22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə əlaqədar cari ilin ilk 6 ayında 38 müəssisə və tikinti sahəsində nəzarət həyata keçirilmiş, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 26 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılmış, 43 işçi isə həmin vasitələrlə yerində təmin olunmuşdur. Bir halda əməyin mühafizəsi qaydalarının pozulması və istehsalatda xəsarətalma ilə nəticələnən hadisələrlə bağlı tərtib olunan “İnzibati xəta haqqında protokol”a uyğun olaraq, 2 işəgö­türənə müvafiq olaraq 1000 manat və 1500 manat məbləğində cərimə tətbiq edilmişdir.
Müvafiq dövr ərzində istehsalatda baş vermiş hadisələrlə bağlı səhiyyə müəssisələri tərəfindən 23 məlumat daxil olmuşdur. Araşdırma zamanı 6 hadisənin istehsalatla əlaqədar olmadığı müəyyən edilmişdir. Yüngül zədəalma ilə nəticələnən 17 hadisənin səbəbləri aşkarlanaraq gələcəkdə bir daha təkrarlanmaması məqsədilə müvafiq tədbirlərin görülməsinə dair müəssisələrə təlimatlar verilmişdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalatda baş vermiş hadisələrin ümumi sayında azalma müşahidə olunmuş, ölüm və xəsarətalma ilə nəticələnən bədbəxt hadisə baş verməmişdir.
Məlumatda bildirilir ki, 2015-ci ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikinti aparılacaq meydançalarda müvəqqəti qurğuların qurulması və normal əmək şəraitinin yaradılmasına nəzarət məqsədilə, ümumilikdə, 28 tikinti sahəsinə baxış keçirilmiş, müvafiq akt tərtib olunaraq həmin tikinti sahələrində inşaat işlərinə başlanmasına razılıq verilmişdir.
Cari ilin ilk altı ayı ərzində işə götürülən şəxslərlə əmək müqavilələrinin bağlanması və əməkhaqlarının real göstərilməsinə nəzarət məqsədilə 312 sahibkarlıq obyektinə baxış keçirilmiş, 161 işçi ilə yeni əmək müqaviləsinin bağlanmasına və 816 halda isə əmək müqaviləsində əməkhaqqının real göstərilməsinə nail olunmuşdur.
“İstehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstə­likləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyinin nümayəndələri ilə birlikdə müvafiq sahibkarlıq subyektlərində araşdırmalar aparılmış və 147 müəssisədə işçilərin icbari sığorta etdirilməsinə dair müqavilənin bağlanmasına nail olunmuşdur.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əməyin mühafizəsi və texniki təhlükəsizlik norma, qayda və standartlarına əməl olunması” və “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunması” mövzularında maarifləndirici kurslar təşkil olunmuşdur. Kurslara muxtar respublikada fəaliyyət göstərən 69 müəssisədən 75 nümayəndə cəlb edilmişdir.
Kurslarda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Səhiyyə Nazirliyinin, Dövlət Baş Sığorta Agentliyinin, Həmkarlar İttifaqları Şurasının və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri tərəfindən müvafiq mövzular tədris olunmuşdur.
28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə istehsalat xüsu­siyyətləri nəzərə alınmaqla müəssisələrdə əməyin mühafizəsi mütəxəssislərinin biliklərinin və peşəkarlıq səviyyələrinin artırılması məqsədilə seminarlar keçirilmiş, seminar iştirakçılarına əməyin mühafizəsinə dair bukletlər təqdim olunmuş, həmçinin əməyin mühafizəsi sahəsinə dair müxtəlif mövzuda videoçarx hazırlanaraq Naxçıvan Muxtar Respublikası Dövlət Televiziyasında nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR