22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı ilə Qaraçuq kəndində torpağın mühafizəsi, həmçinin təbii qazdan və elektrik enerjisindən istifadə edərkən təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açaraq keçirilən tədbirin mahiyyəti haqqında məlumat vermişdir.
Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas Əqil Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi Torpaq Məcəlləsindən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Yerin təkindən, su obyektlərindən, meşədən, bitki və heyvanlar aləmindən, mədəni və təbii landşaftlardan, atmosfer havasından istifadə və onların mühafizəsi üzrə münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Qeyd olunmuşdur ki, torpaqların mühafizəsi onlardan səmərəli istifadə edilməsi, daha qiymətli torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli təbii və antropogen təsirlərdən qorunması, habelə torpaqların münbitliyinin, meşə fondunun bərpası və artırılması məqsədilə həyata keçirilən hüquqi, təşkilati, iqtisadi və digər tədbirlər sistemindən ibarətdir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqların mühafizəsi sahəsində müvafiq tədbirlər həyata keçirməlidirlər. Bu tədbirlərə torpağın münbitliyinin mühafizəsi üçün onu su və külək eroziyasından, şoranlaşmadan, səhralaşmadan, müxtəlif məişət tullantılarından, kimyəvi radioaktiv maddələrlə çirklənmədən və digər dağıdıcı proseslərdən qorunması aiddir.

Vurğulanmışdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Ekoloji cinayətlər” adlanan 28-ci fəslində torpaqları korlamağa görə cinayət məsuliyyətini nəzərdə tutan, eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində torpaqların zibillənməsi, korlanması və sairlə bağlı yaranan münasibətləri tənzimləyən normalar var.
Naxçıvan şəhər prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Ramin Tağıyev təbii qazdan və elektrik enerjisindən istifadə edərkən bütün təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyindən danışmışdır. Bildirilmişdir ki, təbii qazdan və elektrik enerjisindən düzgün istifadə etməmək bədbəxt hadisələrin baş verməsi ilə nəticələnir, eyni zamanda inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Tədbirdə hər iki mövzu üzrə yol verilmiş xətalara görə qanunvericilikdə nəzərdə tutulmuş cəzalar haqqında məlumat verilmiş, tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Tədbirə Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov yekun vurmuşdur.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR