Dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. Mərasimi giriş sözü ilə şöbənin rəisi, mayor Vüqar Rəhimli açıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Ordubad Rayon İcra Hakimiyyətinin şöbə müdiri Etibar İsmayılov, Təhsil Şöbəsinin əməkdaşı Əyyar Səfərov çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları, onların valideynlərini təbrik ediblər.
Valideyn Rövşən Hüseynov ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiyini deyib.
Çağırışçılar adından çıxış edən Vüqar Hüseynov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını can-başla yerinə yetirəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin rəisi, mayor Vüqar Rəhimli çıxışında deyib ki, ölkə başçısı cənab İlham Əliyev 2015-ci il 29 may tarixində “Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 1997-ci ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il iyulun 1-dən 30-dək hərbi xidmətə çağırılması mərasimləri yüksək səviyyədə təşkil olunur. Bu gün Milli Ordumuzda yaradılmış hərtərəfli şərait və möhkəm nizam-intizam hər bir çağırışyaşlı gənci Vətən qarşısında öz borcunu ləyaqətlə yerinə yetirməyə sövq edir.
Bildirilib ki, ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin qüdrətlənməsinə səbəb olub. Bu gün Azərbaycanın güclü və qüdrətli ordusu vardır. Ordumuz istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə orduya ayrılan xərclərin artırılması, ordu quruculuğu sahəsində görülən işlər, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, ordunun müasir əsaslarla komplektləşdirilməsi bunu deməyə əsas verir.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsində də gənclərin ordu sıralarına yolasalma mərasimi keçirilib.
Səbuhi HƏSƏNOV