Cari ilin ilk 6 ayı ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və bu sahədə çalışan işçilərin biliklərinin artırılması məqsədilə 69 tikinti və istehsal müəssisəsinin mütəxəssisləri üçün ixtisasartırma kursları təşkil olunub.
İyulun 6-dan təşkil edilən “Texniki təhlükəsizlik və əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl olunması” mövzusunda növbəti ixtisasartırma kursuna “Gəmiqaya Kərpic Kompleksi”, “Naxçıvan Sement”, “Cahan Motors”, “Gəmiqaya Qida Məhsulları”, “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağlar və Qızılvəng daş karxanalarının, ümumilikdə, 8 mütəxəssisi cəlb edilib.
7 iş günü davam edəcək kursda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən əməyin mühafizəsi üzrə işəgötürənin və işçilərin vəzifələri, iş yerlərinin əməyin mühafizəsi və təhlükəsizliyi normaları, qaydaları və prinsiplərinə uyğunlaşdırılması, işçilərin fərdi və kollektiv mühafizə vasitələri ilə təmin olunması və bu istiqamətdə daxili nəzarətin gücləndirilməsi, baş verə biləcək bədbəxt hadisələr və peşə xəstəliklərinin qarşısının alınmasına dair mövzular tədris olunur. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Səhiyyə Nazirliyinin, Dövlət Baş Sığorta Agentliyinin nümayəndələri tərəfindən iş sahəsində əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərinin görülməməsinə görə məsuliyyət, baş verən qəzalar zamanı zərərçəkənə ilk tibbi yardımın göstərilməsi, baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından işçilərin icbari sığorta olunmasının zəruriliyi ilə bağlı bilgilər də verilir.
Yekunda kurs iştirakçılarının bu sahədə bilikləri yoxlanılacaq.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti