Şərura çatmağımıza az qalmış şəhərin uzun illər bundan əvvəlki miskin görkəmi yadıma düşdü. Rayonun bu mənzərəsini yaxşı xatırlayıram. Əslən bu rayondan olduğum üçün yaşımın bu vədəsinə kimi hər həftə, hər ay Şərura getmişəm. Ona görə də Şərurun dünənini və bu gününü müqayisə etmək mənim üçün çətin deyil.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Şərurun şəhər olmağı yalnız adında idi. Nə yolları yol idi, nə də küçələri. Piyadalar üçün gediş-gəliş yollarını zəbt edən primitiv köşkləri, yöndəmsiz, köhnə tikililəri rayon sakinləri yaxşı xatırlayırlar. Kəskin şaxtalı-çovğunlu qışın gəlişi qayğıları daha da artırırdı. Uzun qış gecələri dözülməz olurdu. Bu saatlarda şəhər zülmətə bürünürdü. Heç yadımdan çıxmaz. 1994-cü il idi. Qonşuluqda yaşayan ailələrdən biri Naxçıvan şəhərinə köçürdü. Həmin gün valideynlərimizin etdiyi söhbəti indi də yaxşı xatırlayıram. Qonşu Tünzalə xala burada vəziyyətin dözülməz olduğunu, çörəkpulu qazanmağın çətinliklərini və gün-güzəranlarının getdikcə pisləşdiyini ürəkağrısı ilə anama danışaraq tez-tez ah çəkirdi. O səhnəni, yəqin ki, unuda bilməyəcəm. İndi hər dəfə o küçədən keçəndə istər-istəməz o evə tərəf boylanıram. Uşaqlıq xatirələrimin yaşadığı bu ünvanı bugünkü görkəmdə görəndə gözlərimə inana bilmirəm. Sanki bu küçə elə bu gün gördüyüm kimi olub – uzun illər bundan əvvəl uçuq-sökük evin yerində, necə deyərlər, saray ucaldılıb. Tünzalə xalagil neçə illər əvvəl yenidən doğma Şərur torpağına qayıdaraq burada özlərinə yaxşı şərait yaradıblar.
Bu düşüncələrlə bir də baxdım ki, Şərur şəhərindəyik.
Şərurla bağlı uşaqlıq xatirələrimi bir-bir yada salaraq şəhəri gəzirəm. Bu dəfə heç kəslə danışmayacağımı qərara almışam. İstəyirəm ki, doğma şəhərimlə baş-başa verəm. Onun üçün də müsahibim elə Şərur şəhərinin özüdür. Şəhəri gəzirik və gördüklərimizi həmkarım fotoaparatın yaddaşına köçürür. Ürəkaçan görüntülər bir deyil, beş deyil. Hara baxırsan, bir yenilik gözə dəyir. Şəhərin təmizliyinə də söz ola bilməz.
Oğuz-türk yurdu bu gün regionun ən abad və yaraşıqlı yaşayış məskənlərindən birinə çevrilib. Tikilən, ərsəyə gətirilən obyektlərin əksəriyyəti son illərin ərməğanlarıdır. Ancaq onu da mütləq vurğulamalıyam və hər bir şərurlu da təsdiq edər ki, bu gün qurulanlar, ərsəyə gətirilənlər, insanların ixtiyarına verilənlər elə-belə başa gəlməyib. Zəhmət çəkilib, tər tökülüb, yollar axtarılıb. Çəkilən zəhmət isə Şərurda öz bəhrəsini verib.
Yadıma xalqımızın ümummilli lideri Heydər Əliyevin Şərur və onun işgüzar sakinləri barəsində söylədiyi fikirlər düşür: “Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar var”, – deyən müdrik rəhbər rayon sakinləri ilə görüşündə onlara öz tövsiyə və tapşırıqlarını da verib: “Arzu edirəm ki, Şəruru daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.
Sakinlər ulu öndərin bu tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışırlar. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər diqqəti daha çox cəlb edir. Rayonda bir sıra infrastruktur layihələri həyata keçirilib, onlarla müasir bina inşa olunub. Demək olar ki, rayonun bütün idarə, müəssisə və təşkilatları belə binalarda fəaliyyət göstərir. Bu isə torpaq qədri bilən yurd təəssüblü şərurlulara yüksək səviyyədə xidmət etməyə imkan verib.
Şərur şəhərində diqqəti çəkən ünvanlardan biri ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdir. Prospekt abadlığı, səliqə-sahmanı, gülzarlıqları ilə seçilir. Bu isə, ilk növbədə, şərurluların ulu öndərin adı ilə bağlı ünvanı daha gözəl, yaraşıqlı görmək, fərqləndirmək istəyindən qaynaqlanır. Axı hər yerdə olduğu kimi, bu rayonda da insanlar yaxşı dərk edirlər ki, bu xoş günləri, əmin-amanlığı bizə məhz ulu öndərimiz bəxş edib; bugünkü inkişafın təməli ümummilli liderimiz tərəfindən qoyulub.
Bir məsələni xüsusilə diqqətə çatdırmaq istəyirəm. Hər dəfə Şərur şəhərinə üz tutanda burada müxtəlif təyinatlı obyektlərin tikintisinin şahidi oluruq. Yeni ucaldılan yaraşıqlı tikililər, müasir görkəmə salınan yaşayış binaları, parklar göz oxşayır, qəlbi riqqətə gətirir. Əlbəttə, bütün bunlar sadə görüntü, yaxud bəsit məntiqin nəticəsi kimi yozulmamalıdır. Bütövlükdə, muxtar respublikamıza xas olan quruculuq, abadlıq ab-havasının bu rayon mərkəzində yaratdığı füsunkarlığın arxasında böyük məna dayanır. Salınmış səkilər, bir-birindən yaraşıqlı, müasir binalar, onların ətraflarını bəzəyən çiçəklər, gülzarlıqlar, parklar, xiyabanlar gözəllik mahiyyəti kəsb etməklə yanaşı, sağlam mənəvi atmosferi, əhalinin rahatlığını, həmçinin şərurluların qurub-yaratmaq əzmini də göstərir.
Azərbaycan ədəbiyyatının böyük simalarından olan Nizaminin və Sabirin adını daşıyan ünvanları da gəzdim. O ünvanları ki, bir vaxtlar az qala yaddan çıxmış, necə deyərlər, gözdənuzaq, könüldəniraq düşmüşdülər. Həmin küçələrdə elə böyük abadlıq-quruculuq işləri aparılıb ki, sözlə təsvir etmək çətindir.
Şərur şəhərində iki tam orta məktəb fəaliyyət göstərir. Hər iki təhsil ocağına muxtar respublikada aparılan abadlıq, quruculuq işlərindən pay düşüb. Məktəblərin binaları yenidən qurulub, maddi-texniki bazaları gücləndirilib. Bu, təhsil ocaqlarında tədrisin səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərib.
Ölkə Prezidenti cənab İlham Əliyev 2007-ci ilin oktyabr ayında Naxçıvana səfəri zamanı rayon mərkəzində inşa olunmuş xəstəxana şəhərciyi kompleksinin açılış mərasimində iştirak edərkən burada görülən işləri, həyata keçirilən tədbirləri yüksək qiymətləndirib: “Çox şadam ki, Şərurda belə gözəl səhiyyə ocağı tikilib istifadəyə verilibdir. Mən xəstəxana ilə indi tanış oldum, gördüm ki, sözün əsl mənasında, bütün dünyada mövcud olan yüksək standartlara cavab verən bir tibb ocağıdır. Belə gözəl xəstəxanalar inkişaf etmiş ölkələrin böyük şəhərlərində də tikilmir”.
Şərur şəhərindən ayrılanda nahar vaxtı idi. Müxtəlif idarə, təşkilat və müəssisələrdə çalışanların bir qismi nahar üçün evlərinə tələsirdi. Onların üzlərinə baxdım. Təbəssümlü baxışları çox mətləblərdən xəbər verirdi. Hiss etmək çətin deyildi ki, onlar Şərurun bu günü ilə qürur hissi keçirirlər. Həmin gün gördüyüm, şahidi olduğum hər bir şey – abad yol, yaraşıqlı məktəb binaları, gözoxşayan olimpiya-idman kompleksi mənə röya görürmüş kimi gəlirdi. Amma bütün bunlar yuxu deyil, gerçəklik, obrazlı desəm, müstəqillik Günəşinin yaşı qədim, özü yeni qurulan bir yurd yerinə saçdığı şəfəqin ziyasında parlayan quruculuq ərməğanları, müasir günlərimizin reallığıdır.
Sara Əzimova