İqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meyilləri istehlakçıların hüquqlarının qorunması sahəsində də səylərin artırılmasını, bununla bağlı beynəlxalq təcrübənin öyrənilməsini, aidiyyəti dövlət orqanları, ictimai təşkilatlar, sahibkarlıq subyektləri və istehlakçılar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsini tələb edir. Məhz bu səbəbdən son dövrlər istehlakçıların hüquqlarının müdafiəsi ölkəmizdə, eyni zamanda muxtar respublikamızda aktuallıq kəsb edən məsələlərdən birinə çevrilmişdir. İstehlakçı hüquqlarının qorunmasına və sahibkarlığın inkişafına göstərilən diqqətin nəticəsidir ki, muxtar respublikamızda da bu sahədə mühüm addımlar atılır, daxili bazarın keyfiyyətli məhsullarla təminatına ciddi fikir verilir.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığımız məlumata görə, 2015-ci ilin 6 ayı ərzində müəssisədə 81 mal çeşidini əhatə edən 1121 halda mal nümunəsi laboratoriya analizindən keçirilmişdir. Aparılmış laboratoriya təhlilləri, əsasən, 870 yerli istehsal məhsullarını və 251 idxal məhsullarını əhatə etmişdir. Qeyd olunan dövrdə 529 halda hüquqi və 592 halda fiziki şəxslər tərəfindən daxil olmuş 1121 halda mal nümunələrində laboratoriya təhlilləri aparılarkən 1114 nümunənin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 7 halda mal nümunəsinin isə keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilmişdir.
Normativ-texniki sənədlərin tələblərinə cavab verməyən məhsullarda nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti sahibkarlıq subyektləri ilə maarifləndirici istiqamətdə işlər aparılmış və metodik köməkliklər göstərilmişdir.
Qeyd edək ki, Latviya Respublikasının beynəlxalq akkreditasiya orqanı olan Standartlaşdırma, Metrologiya və Akkreditasiya Mərkəzi ilə (LATAK) 2013-cü ildə bağlanmış müqaviləyə müvafiq olaraq “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəzi qida sınaq laboratoriyası İSO 17025 standartı üzrə beynəlxalq akkreditasiyadan keçmiş və T-492-00-2014 nömrəli sertifikat almışdır.
Səbuhi Həsənov