Muxtar respublikada əmək ehtiyatlarından daha səmərəli istifadə edərək əhalinin məşğulluğunu təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr uğurla icra olunur.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, qeyri-məşğul əhalinin işlə təmin edilməsi üçün məşğulluq xidməti orqanları muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlardan boş iş yerləri (vakansiya) haqqında məlumatlar toplayır, məşğulluq xidmətinə müraciət edən işaxtaranların peşə və ixtisaslarına uyğun olaraq həmin iş yerlərinə göndərilməsini təmin edir. Cari ilin 6 ayı ərzində məşğulluq xidməti orqanlarına müraciət edən 1391 nəfər peşə və ixtisasına uyğun münasib işlə təmin edilib, sosial müdafiəyə xüsusi ehtiyacı olan 22 nəfər kvota yerlərinə göndərilib, 90 nəfər isə haqqıödənilən ictimai işlərə cəlb olunub. Keçirilən əmək yarmarkalarında 332 nəfərə işə göndəriş verilib.
Gənclərin və qadınların məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılıb, nəticədə, qeyd olunan dövr ərzində işə düzələnlərin 536 nəfərini gənclər, 295 nəfərini isə qadınlar təşkil edib. Həmçinin işlə təmin olunanların 49 nəfəri məhdud fiziki imkanlı şəxs, 44 nəfəri hərbi xidmətdən yeni tərxis olunanlardır.
Məlumatda o da bildirilir ki, işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək istiqamətində də işlər görülüb. “Əmək birjası” sektoru tərəfindən 157 nəfər müvəqqəti və mövsümi xarakterli işlərə göndərilib.
Əmək bazarının tələbinə müvafiq olaraq işaxtaranların peşə hazırlığının təşkili istiqamətində də tədbirlər həyata keçirilib. Qeyd olunan dövr ərzində Naxçıvan Regional Peşə Tədris Mərkəzində Qaz təsərrüfatının istismarı və təmiri üzrə nəzarətçi-çilingər, Elektrik montyoru, Traktorçu-maşınçı, Fotoqraf, Bərbər, Qadın bərbəri, Dərzi, Kompüter istifadəçisi və Xalçaçı peşələri üzrə kurslar təşkil edilib və bu kurslara 195 nəfər, eyni zamanda sağlamlıq imkanları məhdud şəxslərin sosial reabilitasiyası məqsədilə bu kateqoriyadan olan 74 nəfər cəlb edilib.
Cari ilin ötən altı ayı ərzində məşğulluq xidməti orqanlarında işsizlik statusu alan olmayıb.
Muxtar Məmmədov