Azərbaycanın müasir inkişaf modeli ölkəmizdə yeni iqtisadi sistemə sürətli keçidi şərtləndirərək sosial dövlət quruculuğunun uğurla reallaşdırılmasını təmin etmişdir. Bu əsasda bütün istiqamətlərdə islahatların vahid konsepsiya çərçivəsində qısa zamanda gerçəkləşdirilməsi Azərbaycanı sürətli inkişafa malik modern dövlətə çevirmişdir. Ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar əsasında yenidən qurulması və sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun tətbiq edilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli və şəffaf bölgüsünə imkan vermişdir.
Ölkə başçısı cənab İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da informasiya və kommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ölkədə “Elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir. Dövlət-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet saytının (www.dsmf.nakhchivan.az) yaradılması nəticəsində məcburi dövlət sosial sığortahaqqı ödəyicilərinin məcburi dövlət sosial sığorta haqlarını plastik bankomat kartları vasitəsi ilə onlayn ödəməsinə, vətəndaşların fonda elektron müraciət etmələrinə və digər elektron xidmətlərin fəaliyyət göstərməsinə geniş imkanlar açmışdır.
Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalına (www.e-hokumet.nmr.az) Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 20 adda elektron xidməti inteqrə edilmişdir. Fond tərəfindən göstərilən elektron xidmətlər pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla, üç istiqamətdə aparılır.
Hazırda həmin elektron xidmətlərdən sığortaolunanın onlayn uçota alınması, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı, hamiləliyə və doğuma görə müavinətlə bağlı, uşağın anadan olmasına görə müavinətlə bağlı, uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi, sığortaolunanlara məlumatların verilməsi, pensiya kalkulyatoru, pensiya təyinatının və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu, pensiyaçıya məlumatların verilməsi, məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi xidmətləri fəaliyyət göstərir.
Elektron xidmətlərdən istifadə etmək üçün www.dsmf.nakhchivan.az internet ünvanında yerləşdirilmiş elektron xidmətlər bölməsinə daxil olmaq lazımdır. Elektron xidmətlərdən istifadə ödənişsizdir. Digər elektron xidmətlərin də yaxın vaxtlarda fəaliyyət göstərməsi üçün fond tərəfindən müvafiq işlər aparılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunmuş, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılmış, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılmış və informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, demək olar ki, fondun bütün sahələri avtomatlaşdırılmışdır. Bunun da nəticəsində vətəndaşlara, əmək pensiyaçılarına, sığortaedənlərə və sığortaolunanlara göstərilən xidmətlərin keyfiyyəti yaxşılaşdırılmışdır.
Müasir standartlara cavab verən server avadanlıqları ilə təchiz edilməklə fondun aparatının İnformasiya texnologiyaları sektorunda yerləşdirilmiş fondun aparatının, arxivin və Naxçıvan Şəhər Şöbəsinin serverləri fiber-optik kabel vasitəsilə Babək, Culfa, Ordubad, Şahbuz, Kəngərli, Şərur və Sədərək rayonlarındakı serverlərə qoşulmuşdur. Həmin serverlərdə fondun işçiləri tərəfindən gündəlik işlənilən müvafiq məlumatlar, hesabatlar və müasir proqram təminatları yerləşir ki, fiber-optik kabel vasitəsilə istənilən serverlə məlumat mübadiləsi aparmaq mümkündür.
2014-cü ilin noyabr ayından etibarən fond tərəfindən avtomatlaşdırılmış qaydada əmək pensiyalarının təyinatına başlanılmışdır.
Muxtar respublika ərazisində yaşayan və pensiya yaşına çatmış hər bir vətəndaş heç bir sənəd toplamadan, vaxt itirmədən fondun aparatının Pensiya şöbəsində yaradılmış avtomatlaşdırılmış pensiya təyinatı xidmətinə, (+99436) 550-59-79 nömrəsinə zəng etməklə real vaxt rejimində dərhal əmək pensiyası təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılan hər bir vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik bankomat kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir.
Avtomatlaşdırılmış pensiya təyinatının aparılması üçün (+99436) 550-59-79 nömrəsinə zəng edərək müraciət edən şəxsin yalnız şəxsiyyət vəsiqəsinin seriya nömrəsini bildirməsi kifayətdir. Bu məlumat dərhal Dövlət Sosial Müdafiə Fondunda yaradılmış xüsusi proqram təminatına daxil edilir və həmin göstəricilərin sistemdə düzgünlüyü təsdiqləndiyi halda, fondun fərdi məlumatlar bazasına inteqrə edilərək vətəndaşın 1 yanvar 2006-cı il tarixədək olan iş stajı və 1 yanvar 2006-cı il tarixdən ödədiyi məcburi dövlət sosial sığorta haqlarından avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyinatı aparılır. Elə həmin vaxt vətəndaşa ona təyin olunmuş əmək pensiyasının məbləği bildirilir. Eyni zamanda vətəndaşın ünvanına bununla bağlı xüsusi rəsmi bildiriş də göndərilir.
Hal-hazırda ilkin mərhələdə avtomatlaşdırılmış pensiya təyinatı yaşa görə əmək pensiya hüququ yaranmış əmək pensiyaçılarına tətbiq olunur. Gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatı əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranan pensiyaçılara da şamil ediləcəkdir.
Avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyinatı üçün vətəndaşın pensiya yaşı, sığorta stajı və məcburi dövlət sosial sığorta haqlarının məbləği tələb olunan əsas göstəricilərdir.
Avtomatlaşdırılmış pensiya təyinatı sistemi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarında fərdi uçot sektorları tərəfindən işlənmiş fərdi uçot məlumatları əsasında internet üzərindən aparılır.
Pensiyaların ödənişində kart sisteminin tətbiqi sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biridir. Naxçıvan Muxtar Respublikası üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarında uçotda duran bütün növ əmək pensiyaçılarının pensiyaları plastik bankomat kartları vasitəsilə ödənilir.
Fondun yerli orqanları tərəfindən sığortaolunanlara məcburi dövlət sosial sığortası üzrə müavinətlərin ödənilməsi də plastik bankomat kartları vasitəsilə həyata keçirilir. Belə ki, müavinətlərin ödənilməsi üçün sığortaedənlər tərəfindən təqdim edilmiş sifarişlərə əlavə olunmuş haqq-hesab cədvəllərində qeyd edilmiş bank rekvizitlərinə uyğun olaraq, müavinətlər sığortaolunanların plastik bankomat kart hesablarına köçürülür.
Fondun yerli şöbələrində işlənilən məlumatlara fondun aparatı tərəfindən nəzarət olunur. Fondun aparatı və yerli şöbələrinin serverlərində olan bütün məlumatlar arxivləşdirilərək saxlanılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına müraciət edən şəxslərin müraciətləri də araşdırılaraq mövcud qanunvericiliyin tələblərinə müvafiq qaydada operativ cavablandırılır.
Rza QARAYEV
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun
mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi