22 Dekabr 2024, Bazar

Naxçıvanda şəhər infrastruk­turunun inkişafı ilə yanaşı, insanların sağlamlığının qorunması və istirahətinin səmərəli təşkili də diqqət mərkəzində saxlanılır. Ötən ilin iyul ayında Uzunoba Su Anbarında yeni çimərliyin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamı olmaqla yanaşı, həm də insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Ötən il olduğu kimi, bu il də şəhər sakinləri Uzunoba İstirahət Kompleksində fəaliyyət göstərən Naxçıvan şəhər çimərliyində öz vaxtlarını səmərəli keçirəcəklər.
İyulun 1-də Naxçıvan şəhər çimərliyində çimərlik mövsümünün başlanması münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri Şamı Abdullayev tədbirdə iştirak etmişlər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək demişdir ki, bu gün Naxçıvan şəhərində insanların sağlamlıqlarının qorunması və istirahətinin səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Ötən il istifadəyə verilən Naxçıvan şəhər çimərliyi də bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır. Yeni mövsümə başlayan çimərlikdə yüksək səviyyəli istirahət və xidmət şəraiti yaradılmışdır. Burada restoran və digər xidmət sahələri fəaliyyət göstərir. Bu da isti yay günlərində sakinlərin və şəhərə gələn qonaqların istirahətinin səmərəli təşkilinə imkan verəcəkdir.

Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, mayor Azadil Hüseynov yeni mövsümdə Naxçıvan şəhər çimərliyində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, çimərliyin ümumi sahəsi 14 min 850 kvadratmetrdir. Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Uşaqlar üçün çimərliyin uzunluğu 30 metr, eni 15 metr, dərinliyi isə 70-120 santimetrdir. Böyüklər üçün çimərliyin uzunluğu isə 255 metr, eni 20 metr, dərinliyi isə 2-4 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulmuşdur.
Çimərlik ərazisində insanların istirahət etməsi üçün lazımi şərait yaradılmışdır. Burada 51 günlük, 49 çarpayı, 20 stul qoyulmuş, paltardəyişmə yerləri, duş kabinələri, futbol və voleybol meydançaları, eləcə də avtomobil dayanacağı yaradılmış, ictimai iaşə xidməti təşkil olunmuşdur. Çimərlik istirahət zonasında su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün bütün şərait vardır. Burada təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılmış, müşahidə qülləsi yaradılmış, ərazidə xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulmuşdur. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedici qrupu ərazidə xidmət aparır. Çimərlikdə xilasedici qayıqlardan istifadə olunur.
Çimərlik səhər saat 6-dan axşam saat 8-dək işləyəcəkdir. Naxçıvan şəhərindən çimərliyə və əks istiqamətə avtobus xidməti də göstəriləcəkdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR