22 Dekabr 2024, Bazar

Uşaqlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması, hamilə qadınların və uşaqların patronaj xidmətinin gücləndirilməsi, yenidoğulmuşların vaxtında qeydiyyata alınması, uşaqların qidalanmasının düzgün təşkil edilməsi, onların xüsusən ana südü ilə qidalandırılması muxtar respublikamızda uğurla həyata keçirilən səhiyyə islahatlarının tərkib hissələrindən biridir.
Uşaqların idarəolunan yoluxucu xəstəliklərə qarşı aldığı peyvəndlərin ardıcıl icra olunması gələcək nəslin sağlam böyüməsində mühüm rol oynayır. Uşaqlara elektron sağlamlıq kartların verilməsinin əhəmiyyətinin izah edilməsində, uşaq və yeniyetmələrin zərərli vərdişlərdən, xüsusən siqaretə, spirtli içkilərə meyillilikdən uzaq böyümələri üçün valideynlərin maariflənməsində “Ailə sağlamlıq məktəbi”nin böyük rolu vardır.
Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən belə məktəblərdə məşğələlər ardıcıl şəkildə davam etdirilir.­

“Ailə sağlamlıq məktəbi”nin növbəti məşğələsi Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında keçirilmişdir. Məşğələni Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayev açaraq muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısından, onlara idarəolunan yoluxucu xəstəliklərə qarşı vurulan peyvəndlərin, verilən elektron sağlamlıq kartlarının əhəmiyyətindən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası Poli­klinika şöbəsinin müdiri Şəmsi Əsgərov uşaqlara idarəolunan yoluxucu xəstə­liklərə qarşı Azərbaycan milli peyvənd təqviminə görə vurulan peyvəndlərin qrafikindən danışmışdır.
Həmin xəstəxananın Sanitariya maarifi kabinəsinin həkimi Aytən İbrahimova isə uşaqlara verilən ana südünün əvəzolunmaz qida kimi üstünlükləri, yenidoğulmuşlara düzgün qulluq göstərilməsi qaydaları barədə analara tibbi məsləhətlər vermişdir.
Xəstəxananın baş həkimi Rəhim Rəhimov belə məşğələlərin əhalinin tibbi maariflənməsində böyük rolu olduğunu qeyd etmişdir.
Məşğələdən sonra həm plan üzrə, həm də müəyyən səbəblərdən peyvəndlərdən imtina etmiş valideynlərin uşaqları yoxlanılmış, peyvəndlər icra olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR