Müxtəlif təbii amillər, xüsusən də ekoloji problemlər müasir dövrdə yaşıllıqların əhəmiyyətini daha da artırıb. Çünki ətraf mühitin qorunması və əlverişli ekoloji mühitin yaradılması insan sağlamlığına xidmət edir. Son illər muxtar respublikada keçirilən iməciliklər bu qədim diyarda təbiətin zənginləşdirilməsinə səbəb olub, yaşıllıqların və meyvə bağlarının sahəsi ilbəil artıb.
İyunun 27-də keçirilən növbəti iməciliklərdə əvvəlki dövrlərdə salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib. Belə ki, Naxçıvan şəhər sakinləri Uzunoba Su Anbarının yaxınlığındakı, müəssisə və təşkilatların ərazilərindəki yaşıllıq sahələrinə aqrotexniki qulluq göstəriblər.
Şərur rayonunun Gümüşlü və Dizə kəndlərindəki yaşıllıq sahələrində bu tədbirlər davam etdirilib, təmizlik və suvarma işləri aparılıb.
Babəklilər rayonun Vayxır və Xal-xal kəndləri arasındakı yaşıllıqlarda, müəssisə və təşkilatların ərazilərində ağaclara aqrotexniki qulluq göstərərək suvarıblar.
Ordubad rayonunda keçirilən iməciliklərdə Naxçıvan-Ordubad magistral yolunun Aza kəndindən Ordubad şəhərinə qədər olan hissəsində və rayon Mərkəzi Xəstəxanasının həyətindəki yaşıllıqlarda təmizlik və suvarma tədbirləri həyata keçirilib.
Culfa rayonunun sakinləri tərəfindən isə müəssisə və təşkilatların ərazilərində ağaclara aqrotexniki qulluq göstərilib.
Kəngərli rayonunda isə Naxçıvan-Sədərək magistral yolunun Qabıllı kəndi hissəsində və rayon İcra Hakimiyyəti binasının arxasındakı yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Şahbuz rayonunda da müəssisə və təşkilatların ərazilərindəki ağacların dibi alaq otlarından təmizlənib, sonra suvarılıb.
Sədərəklilər isə Naxçıvan-Sədərək magistral yolunun sağ və sol hissələrində, Sədərək kənd 1 nömrəli tam orta məktəbin, eləcə də Qaraağac kəndində yol kənarlarındakı yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Həmin gün muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində yaşayan ahıl vətəndaşların həyətlərində təmizlik işləri aparılıb.
Xəbərlər şöbəsi