22 Dekabr 2024, Bazar

“Muzey günləri” mühüm ictimai əhəmiyyətə malikdir

Hörmətli redaksiya!
Bu məktubu sizə ünvanlamaqda məqsədim “Muzey günləri”nin, muzeylərə kollektiv gedişlərin, ziyarətlərin müsbət nəticələri barədə fikirlərimi oxucularla bölüşməkdir.
Hər birimizə məlumdur ki, qədim Naxçıvanın 5 minillik zəngin tarixi keçmişi var. Bura, necə deyərlər, insanlığın ikinci yaradılış yeri, dünya sivilizasiyasının beşiyi hesab edilir. Qədim diyarımız böyük tarixi şəxsiyyətlər – siyasətçilər, sərkərdələr, yazıçılar, alimlər yetişdirib, dahilər yurdu kimi şan-şöhrət qazanıb. Sevinirəm ki, muxtar respublikamızda yaradılan muzeylər də məhz qədim mədəniyyətimizi, tarixi inkişaf yolumuzu, tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini əks etdirir, Naxçıvanın keçmişinə işıq salır. Qədim diyarımızda aparılan məqsədyönlü gərgin iş hesabına muzey şəbəkələrinin yaradılması mədəniyyətimizin ümumi yüksəlişini, milli şüurun inkişafını əks etdirir. Muzeylərimiz zəngin mədəni irsimizin qorunmasında və təbliğində, gənc nəslin bədii və estetik tərbiyəsində, elmi dünyagörüşünün zənginləşməsində böyük rol oynayır.

Bu mənada, muxtar respublikamızda “Muzey günləri”nin keçirilməsi bizim doğma diyarımızın tarixi barədə, hətta deyərdim ki, yeni məlumatları öyrənməyimiz baxımından çox böyük əhəmiyyətə malikdir. Çünki əgər biz keçmişimizi unutsaq, gələcəyimiz təhlükə qarşısında qalar. Çin xalqının belə bir deyimi var: keçmiş gələcəyin müəllimidir. Qeyd edim ki, elmi-mədəni inkişafımızda müəllimin hansı önəmə sahib olduğunu izah etməyə ehtiyac yoxdur. Bugünkü muzeylər də keçmişimiz barədə əyani məlumat mənbəyi kimi bizim üçün müəllim rolunu oynayır, tariximizi öyrədir, yaddaşımızı təzələyir, bizi kökümüzə, milli-mənəvi dəyərlərimizə möhkəm tellərlə bir daha sıx bağlayır.
Bütün bunları düşünəndə muxtar respublikada keçirilən “Muzey günləri”nin mühüm ictimai əhəmiyyətini bir daha dərk edirik. Ona görə də mən çox sevinirəm ki, bu gün muxtar respublikamızda keçmişi özündə yaşadan muzeylərə kollektiv gedişlər təşkil olunur. Bu, nümunə gücündə olan çox böyük addımdır. Quranlar, yaradanlar, bizə doğru yolu göstərənlər, keçmişimizə hörmət, gələcəyimizə inamla baxmağı öyrədənlər var olsunlar.

Sahib HÜSEYNOV
Şahbuz şəhər sakini

Uşaq bağçalarında nümunəvi şərait yaradılıb

Hörmətli redaksiya! Sizə bu məktubu Naxçıvan şəhərindən yazıram. Əvvəla onu qeyd edim ki, övladım Aynur bu il Naxçıvan şəhər 3 nömrəli uşaq bağçasında aldığı məktəbəqədər təhsilini başa vurub və indi məktəbə hazırlaşır. Adını çəkdiyim məktəbəqədər müəssisənin övladıma orta məktəbin birinci pilləsinə qədəm qoymaq üçün öyrətdiklərinə görə çox sevinirəm. Bu sevincimdən doğan təəssüratları oxucularla bölüşməyi özümə mənəvi borc bilirəm. 

Bir valideyn kimi muxtar respublikada məktəbəqədər müəssisələr üçün yaradılan şəraitdən çox razıyam. Sözsüz ki, məktəbəqədər müəssisələrin yeni binalarla, ən müasir avadanlıqlarla təmin olunması, təlim prosesinin müasir üsullarla təşkili uşaqların fiziki, estetik inkişafına böyük təsir edir. Bu təsirin müsbət əlamətlərini övladımda da hiss etmişəm. Bağçalarda uşaqların qidalanması yüksək səviyyədədir, sağlamlığı daim diqqət mərkəzində saxlanılır. Nəğməli oyunlar, mahnı oxunması, rəqs və digər mədəni baxımdan spesifik fəaliyyətlər uşaqların gündəlik rejimlərinə daxil edilib.
Bu gün məktəbəqədər müəssisələrdə diqqətçəkən digər bir maraqlı məqam isə tərbiyəçilərin uşaqlara qarşı həssas, məsuliyyətli və qayğıkeş olmasıdır. Bundan başqa, muxtar respublikanın bütün məktəbəqədər müəssisələrində yaradıcılığa həvəsləndirən müvafiq mühit yaradılıb. İndi rəqs, musiqi, rəsm kimi müxtəlif incəsənət növlərindən istifadə edilməsinin səviyyəsi də yüksəkdir.
Muxtar respublikada məktəbəqədər təhsillə bağlı sevindirici yeniliklərdən biri də uşaq bağçalarında valideynlərin və tərbiyəçilərin ümumi səylərinin ortaya qoyulmasıdır. Buna misal olaraq deyə bilərəm ki, bir valideyn kimi uşaqlarla keçirilən bütün kütləvi tədbirlərdə, təlimdə, problemlərin həllində iştirak etməyə cəlb edilmişəm. Belə bir qarşılıqlı əməkdaşlıq övladımın məktəb həyatına daha rahat uyğunlaşma dövrünü keçməsinə təsir göstərib. Muxtar respublikada məktəbəqədər təhsilə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığımı bildirirəm.

Məlahət NOVRUZOVA
Naxçıvan şəhər sakini

Hərbi Liseydə nizam-intizamlı, vətənpərvər gənclər yetişdirilir

Hörmətli redaksiya!
İnsan bəzən o qədər sevincli olur ki, bu hisləri təkcə ailə üzvləri ilə deyil, hamı ilə paylaşmaq istəyir. Mən də qəzet vasitəsilə bu günlərdə yaşadığım sevinc hislərini oxucularla bölüşmək istədim. Heydər Əliyev adına Hərbi Lisey yüzlərlə vətənpərvər gənci öz ətrafında birləşdirir. Ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirildiyi ilk ünvan olan Hərbi Lisey fəaliyyətə başladığı dövrdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli qayğısı ilə əhatə edilib. Biz də istədik ki, övladımız bu ünvanda təhsil alsın, hərbçi kimi yetişmək istiqamətində ilk addımlarını buradan atsın. Şükür ki, arzumuza çatdıq. Oğlum bu il liseydən məzun oldu. Bir ailə üçün bundan böyük qürur ola bilərmi? Həm də ona görə qürur duyuruq ki, övladımız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan bir təhsil ocağından məzun olub. Bundan sonra oğlumu daha böyük vəzifələr gözləyir. Valideyn kimi onun işıqlı gələcəyinə inanıram. Çünki övladım müstəqil Azərbaycanın qüdrətli ordusunun gələcək zabitidir. Zabit adını daşımaq böyük məsuliyyətdir. Bu gün istər ali hərbi məktəblərdə təhsil alan, istərsə də Azərbaycan Silahlı Qüvvələrində xidmətlərini davam etdirən liseyin məzunları öz nizam-intizamları, vətənpərvərlikləri, bilik və bacarıqları ilə seçilirlər.
Hörmətli redaksiya! Bizim ailəyə bu sevinci yaşadan liseydə yaradılmış yüksək tədris şəraiti, möhkəm hərbi nizam-intizam, dövlətimizin müdafiəsinə daim can-başla hazır olan gənc­lərin yetişdirilməsinə göstərilən dövlət qayğısıdır. Belə qayğıdan bəhrələnənlərdən biri də mənim övladımdır. Bunun üçün ailəmiz adından dövlətimizə dərin minnətdarlığımı bildirirəm.

Namiq VƏLİYEV
Kəngərli rayonunun Qıvraq qəsəbə sakini

Fizika-Riyaziyyat Təmayüllü Liseyin yaradılması muxtar respublikada təhsilin

inkişafı istiqamətində görülən işlərin davamıdır

Bir təhsil işçisi kimi muxtar respublikada bu sahənin inkişafına göstərilən qayğı barədə geniş danışa bilərəm. Bu reallığın cəmiyyətimizdəki bəhrələrini görəndə qürur hissi keçirmə­mək mümkün deyil. İlbəil artan uğurlar isə həyatımızın bütün sahələrində özünü göstərir. Və təhsilin millətin gələcəyi olduğu deyimini bir daha təsdiq edir.
Hər il Naxçıvanda yeni məktəb binalarının tikintisi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqi təhsilimizin müasir standartlar səviyyəsinə çatdırılmasını təmin edib.
2015/2016-cı tədris ilindən fəaliyyətə başlayacaq Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi həm valideynlərin, həm də adıçəkilən fənlərə maraq göstərən şagirdlərin böyük sevincinə səbəb olub. Bu günlər bizim ailənin də sevincinin həddi-hüdudu yoxdur. Böyük övladımız Ayxan Mirzəyev həmin məktəbin IX sinfinə qəbul olunub. Şəffaf şəraitdə keçirilən imtahanlardan bütün valideynlər razılıq edirlər. Daha bir məqamı xüsusi vurğulamağı vacib sayıram. Məlumdur ki, ölkəmizdə belə profilli təhsil ocaqlarının əksəriyyəti ödənişlidir. Bu da hər uşağın həmin məktəbdə oxumasına imkan vermir. Ancaq Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə təhsil almaq dövlət hesabınadır və ailə­nin maddi vəziyyətindən asılı olmayaraq, hər bir uşaq burada oxuya bilər. Bu isə o deməkdir ki, liseydə təhsil alan uşaq dövlətimizin ona göstərdiyi qayğının əhatəsində dövlətçiliyimizə, müstəqilliyimizə sədaqət ruhunda formalaşacaq, ona göstərilən etimadı əməli fəaliyyəti ilə doğrultmağa çalışacaq.
Övladıma və onun kimi digər məktəblilərin kamil, intellektli gənclər kimi yetişdirilməsi üçün onlara yaradılan belə şəraitə, göstərilən qayğıya görə ailəmiz adından dövlətimizə minnətdarlığımızı bildiririk.

Şirin MİRZƏYEVA
Ordubad rayon Aza kənd tam orta məktəbinin uşaq birliyinin rəhbəri


Muxtar respublikada fəaliyyət göstərən xidmət obyektləri müasirliyi ilə seçilir

Salam hörmətli redaksiya! Bu məktubu sizə Naxçıvan şəhərindən yazıram. Bəri başdan deyim ki, şəhərimizin hər ötən gün daha da gözəlləşməsi bir sakin kimi məni çox sevindirir. Yaraşıqlı binalar, rahat yollar, gözəl parklar indi qədim Naxçıvanımızın müasirlik ənənələrini özündə əks etdirir. Etiraf etmək lazımdır ki, Naxçıvan şəhərində 5-6 ay olmayan birisi bura geri qayıtdıqda xeyli dəyişikliklərin şahidi olar. Mən özüm də belə dəyişikliklərin çox şahidi olmuşam. Qurulub-yaradılanlara çox sevinmişəm.

Bu məktubda toxunacağım mövzu isə son dövrlərdə muxtar respublikamızda insanların istirahətinin təşkilində, milli mətbəx mədəniyyətimizin təbliğində mühüm rol oynayacaq məkanların yaradılması haqqındadır. Doğrudur, Naxçıvanımızın təbiəti, gözəl mənzərələri hər zaman diqqətçəkən olsa da, etiraf edək ki, 15-20 il bundan əvvəl müasir şəraitə malik istirahət məkanlarımız olmayıb və yaxud belə obyektlər, sadəcə, standart yeməkxana təsiri bağışlayıb. Çoxlarımız uzaq yerlərdən gələn qonaqlarımızı təbiətin təbii qoynundan başqa bir yerə aparmağa cəsarət etməmişik. Səbəb isə o olub ki, tanıdığımız məkanlar adi tələblərə belə, cavab verməyib. Sözün qısası, qonağımızı paytaxt Naxçıvan şəhərində və yaxud rayonlarımızda münasib bir məkana aparmaq üçün xeyli fikirləşməli olmuşuq. Əlbəttə, dost-tanışlarla gözəl bir məkana getməkdə məqsəd yemək və ya çay içmək deyil. Belə məkanlar müasir dövrdə həm də asudə vaxtı dəyərləndirmək, işgüzar söhbət etmək və sair üçün də faydalı hesab olunur. Son illərdə muxtar respublikamızda bu cür infrastruktur obyektlərinin yaradılması istiqamətində görülən işlər hər birimizi sevindirir. Ona görə sevindirir ki, indi bütün şəhər və rayonlarımızda qonaq-qara qəbul edəcək gözəl istirahət ünvanlarımız var, milli mətbəximizin ləziz nümunələrini təqdim edən restoranlarımız fəaliyyət göstərir. Bu yaxınlarda isə şəhərimizdə “Nuh yurdu” restoranının istifadəyə verilməsi bizi bir daha sevindirdi. Bəlkə də çoxları üçün adi görünə bilər, ancaq şəhərimizin, həqiqətən, belə bir ekzotik təbiətə malik restorana ehtiyacı vardı. Doğrudur, şəhərin müxtəlif yerlərində milli mətbəximizi təbliğ edən yeməkxanalar fəaliyyət göstərir. Ancaq yeni istifadəyə verilmiş “Nuh yurdu” restoranı bu obyektlərdən daha geniş və fərqli məkana malik olması ilə fərqlənir. Qəzetinizdə bu restoranın açılışı haqqında məlumatı oxuyandan sonra dost-tanışlarla ora getmək qərarına gəldik.
Qeyd edək ki, restoranın ərazisində yaradılmış şərait, klassik və müasir tərzin sintezini özündə birləşdirən atmosfer, sözün həqiqi mənasında, insana könül rahatlığı bəxş edir. Burada yaradılmış süni göl üzərində çay ocağının fəaliyyət göstərməsi, eləcə də gəmi maketli kafedə müxtəlif sərinləşdirici içkilərin təklif edilməsi çox xoşumuza gəldi. Bundan əlavə, müasir üslubda dizayn edilmiş restoran binası da özünə­məxsus gözəlliyi ilə seçilir.
Şəhərimizdə bu cür gözəl bir restoranın açılmasına çox sevindik. Üstəlik, burada göstərilən xidmətdən də razı qaldıq. Ətrafdakı gözəlliklərdən zövq alaraq restoranın xidmətlərindən istifadə etmək hər kəsin zövqünü oxşayacaqdır. Ümid edirik ki, bu cür obyektlərin sayının artması gələcəkdə turizmin inkişafına da öz təsirini göstərəcək. Muxtar respublikamızda belə xidmət obyektlərinin istifadəyə verilməsinə görə bu işdə zəhməti olan hər kəsə minnətdarlığımızı bildiririk.

Vüsal QULİYEV
Naxçıvan şəhər sakini

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR