Dünyada sadə peşə sahələri kimi tanıdığımız çoxlu peşələr var. Bu peşələrin bir çoxu zaman keçdikcə, daha doğrusu, elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq sıradan çıxsa da, öz əhəmiyyətini saxlayan peşə və sənət sahələri də çoxdur. Belə peşələrdən biri də kankanlıqdır. Kankan peşəsi qədim peşə sahələrindən olub, insanların həyatında mühüm rol oynayıb. Hələ uzaq keçmişdən insanların içməli və təsərrüfat suyuna olan ehtiyacını ödəyən kankanlar kəhrizlərin çəkilməsində əsas rola malik olublar. Tarixən quru kontinental iqlimə malik Naxçıvanda da hazırda tarixi abidə kimi qiymətləndirilən kəhrizlərin qazılması, uzaq məsafələrdən çəkilərək əsas yaşayış məntəqələrinə çatdırılması mühüm əhəmiyyət kəsb edib. Məhz əhalinin su ilə təminatında mühüm rolu olan bu sahənin adamları, yəni kankanlar daim xalq tərəfindən sevilən, hörmət edilən peşə sahibləri kimi tanınıblar. Naxçıvanın ən yaşlı kankanlarından biri olan Yunis İbrahimovla görüşüb bu peşənin incəlikləri ilə bağlı həmsöhbət olduq.
– Kankanlıq peşəsini seçmək hansı zərurətdən doğub, yəqin bunun bir səbəbi olub?
– Əslində, bu peşəyə yönəlməyim ondan irəli gəlir ki, mənim atam da, babam da vaxtı ilə kankan olublar. Atam Naxçıvanın dillər əzbəri olan Kalba Musa kəhrizinin qazılmasında iştirak edib. Söhbət edirdi ki, 1903-cü ildə kəhrizin qazılmasına başlanılıb. İndiki çeşmənin töküldüyü yerdən Şıxmahmud vadisinə qədər 3300 metrlik kəhriz xəttinin çəkilməsi 8 ilə başa gəlib. O zaman Kərbəlayi Musa bu iş üçün 24 min qızıl onluq xərcləyib.
– Bəs siz kankanlığa neçə yaşında başlamısınız və ilk qazdığınız quyu və ya kəhrizi necə xatırlayırsınız?
– Kankanlığa 1948-ci ildə, 11 yaşımda, dediyim kimi atamın yanında başlamışam. Həmin vaxtlar, hətta ondan sonralar da Naxçıvanda kankan Abdulla, kankan Nəcəf kimi tanınmış kankanlar var idi. İndi hər ikisi dünyasını dəyişib. Bu peşəyə atamın yanında başlasam da, sonralar işin əsas incəliklərini Nəcəf kişidən öyrənmişəm. İşdən heç zaman qorxmamışam, çalışqan olmuşam və zəhmətimin də bəhrəsini görmüşəm. İlk kəhrizi isə Naxçıvan çayı vadisində qazmışam. Adına “Xan çeşməsi” deyirlər.
– Yunis dayı, kankanlıq peşəsinin incəlikləri nədən ibarətdir? Yəni bir kəhrizin qazılmasında kankan hansı mərhələləri keçir?
– Əlbəttə, birinci o lazımdır ki, işə həvəsin olsun. Həvəs, maraq olmazsa, həmin işdə uğur qazanmaq olmaz. İkincisi isə kankanlıq çətin sahədir, insandan səbir, dözüm, zəhmət tələb edir. Eyni zamanda kankanlıq insandan müəyyən qədər məntiq tələb edən bir sahədir. Təsəvvür edin ki, sizi kəhriz və ya quyu qazmaq üçün çağırıblar. Ancaq qazılacaq yer müəyyən edilməyib və yaxud müəyyən edilsə də, sizə görə bu seçim o qədər faydalı olmaya bilər. O zaman təcrübəyə əsaslanmalısan. Məsələn, su mənbələrini tapmaq üçün, əsasən, çay vadilərindən, sututarların kənarından, dağ və ya təpələrin yamac hissəsindən istifadə edirlər. Kəhrizlər yeraltı su mənbələridir. Bu mənbələr də, əsasən, yağış, qar sularından qidalanır. Fikir verirsinizsə, yağıntı az olan il Naxçıvanda kəhrizlərin də suyu az olur. Çox olanda isə əksinə. Bir də yeraltı su ehtiyatının çox olduğu ərazilərdə xüsusi bitkilər olur ki, bu bitkilərin kökləri metrlərlə aşağıya doğru uzanır və alt qatdakı sudan qidalanır. Belə ərazilərdə kəhriz quyularının qazılması hər zaman özünü doğruldur. Kəhrizlərin qazılması müəyyən mühəndislik bacarığı tələb edir. Buna görə də ərazidəki qazılacaq yer əvvəlcə müəyyən edilir. Buna “gümana” quyusu deyilir, yəni güman edilir ki, burada su ola bilər. Gümana quyusunu qazıb oradan suyun çıxacağına arxayın olduqdan sonra kankan indi aşağıya doğru, suyun axacağı istiqamətdə qazılacaq digər quyunun yerini müəyyənləşdirir. Bəzən bir yox, üç gümana quyusu qazılır, həm də bir-birindən üçbucaqlı formada yerləşmək şəklində. Və həmin quyulara rəngli maye və ya rəng tökürlər ki, yeraltı suyun hansı istiqamətdə axdığını bilsinlər. Bundan sonra quyulardan ən əlverişlisini, yəni suyu bol olanını daha da dərinləşdirərək suyadavamlı laya qədər qazırlar. Sudaşıyıcı laydakı suyu tamamilə bir yerə yığmaq üçün sukeçirməyən lay üzərində lağımı bir az da dərinləşdirməklə suyu bir yerə toplayırlar. Sonra suyun axarı istiqamətində ikinci quyunu qazmağa başlayırlar. Quyu 2-3 metr qazıldıqdan sonra onun ağzına çarx qoyurlar. Quyu qazılıb müəyyən dərinliyə çatdıqdan sonra (buna “fərş” də deyirlər) dibindən lağım açmağa (kürə açmaq) başlayırlar. Lağımın düzgün qazılması üçün quyunun ağzına bir ağac uzadıb gümana quyusuna tərəf ustaya istiqamət verirlər. Lağım atarkən səhv etməmək üçün kankan həmişə geri, yəni işıq gələn tərəfə baxır. Lağımın uzunluğu çox olduqda, onda kankanlar iki tərəfdən qarşı-qarşıya qazırlar. Bu zaman kankanlar külüngün səsi ilə bir-birinin üzünə doğru qazırlar. Yerin altında külüngün səsi 10-15 metrlikdən aydın eşidilir. Bu səsə kankanlar “taqqa” deyirlər. Quyuda işləyən kankan yer üstündə olan kankana digər quyunun istiqamətini təyin etmək işində kömək edir. Bunun üçün kankan qulağını yerə söykəyərək yer səthində səsin haradan gəldiyi yeri dəqiqləşdirməsi üçün yerini dəyişdirməklə dayandığı nöqtənin yerin altından gələn səslə kürənin tam üstdə olmasını təsdiq edir. Sonra həmin nöqtədə 60 santimetr radiusunda dairə cızaraq yeni quyunu qazmağa başlayırlar. Quyunun fərşi lağımdan bir az yuxarı qalxdıqda onu qazıb lağım səviyyəsinə salırlar. Buradan çıxan ilkin su ikinci quyuya buraxılır. Su bu quyuda “boğulandan” sonra üçüncü quyudan buraya lağım atırlar. Beləliklə su boğula-boğula, sucarla (“sucar” lağımın su axan yerinə deyilir) axıra qədər aparılır və kürələr də bütün kəhrizboyu eyni ölçüdə və eyni səviyyədə qazılır. Bir şeyi də demək istəyirəm ki, kəhriz quyuları qazılan zaman əgər torpaqda qumluq çoxdursa, o zaman bir az enli qazmaq lazımdır ki, sonra torpaq uçub qazılan yeri doldurmasın. Buna görə də yeraltı kəhriz tunelləri qazılan zaman çox vaxt onun kənarlarını daşla hörürlər. Buna “saybənd” deyirlər. Keçmiş zamanlarda imkanlı şəxslər belə divarları bişmiş kərpiclərdən hördürərdilər.
– Yunis dayı, kankanın istifadə etdiyi alətlər hansılardır?
– Torpağı qazmaq üçün, əsasən, külüng, bel və ya kürəkdən istifadə olunur. Bundan əlavə, isgənə, torpağı doldurmaq üçün dol, çəkic, keçəbel, çıraq və sairdən istifadə olunur. Dol keçmiş zamanlarda dəridən tikilirdi, qulpu da olurdu. Qazılan torpağı çölə çıxartmaqda istifadə olunurdu. Bu işi görənlərə “dolkeş” deyirlər. İndi isə sənaye üsulu ilə hazırlanmış rezin vedrələrdən istifadə edilir. Məndə də biri var idi. Uzun müddət işlətmişdim, sonra baxımsızlıqdan qurudu. Dolu gərək təmiz saxlayasan, hər il duzlayasan. Keçəbellə də, əsasən, torpağı doldururlar. Torpağı çölə çıxartmaq üçün keçmiş zamanlarda da, indi də çarxlardan istifadə olunub. Çarxlar var ki, ayaqla işləyir, elələri də var ki, əllə. Amma əllə işləyənlər daha rahatdır. Keçmişdə çarxları ağacdan hazırlayırdılar. Əsas gövdəsi hazır olduqdan sonra ona çarx bağlayırdılar.
– Təxmini də olsa, indiyədək nə qədər quyu və ya kəhrizin qazılmasında iştirak etmisiniz?
– (Gülür). Vallah çox olub, sayını itirmişəm. Təsəvvür edin də, ömrümün 45 ilini bu işə vermişəm. Həm də təkcə Naxçıvan şəhərində qazmamışam. Şərurda, Culfada, Ordubadda çox işləmişəm. Hətta 1964-cü ildə Füzuli rayonuna gedib orada da bir ildən çox kəhriz quyularının qazıntısında işləmişəm. Orada da Naxçıvanda olduğu kimi çoxlu kəhrizlər var. Bir neçəsini sonradan təmir etmişik. Bəzən bir kəhrizi təmir etmək yeni bir kəhrizin qazılmasından daha çətin olub.
– Son illər muxtar respublikada kəhrizlərin təmir olunmasında xeyli işlər görülüb. Siz bu işlərdə necə iştirak etmiziniz?
– Düz deyirsiniz, Naxçıvanda kəhrizlərin, çeşmələrin təmir olunmasına indi dövlət böyük diqqət göstərir. Mən də son 8 ildə Kəhrizlər İdarəsində işləmişəm, indi təqaüdə çıxmışam. Bu idarədə işlədiyim dövrdə şəhərdəki “Xan diki”, “Lülə”, “Kalba Musa”, Kəngərli rayonunun Xıncab kəndində “Camışbatan”, Culfa rayonunun Camaldın kəndində “Baş kəhriz”, Babək rayonunun Məzrə kəndində “Kənd” kəhrizlərində işləmişəm. Əksəriyyətinin saybəndlərini də mən qoymuşam.
Su çəkdirmək, insanların suya olan ehtiyacını ödəmək bütün dövrlərdə savab iş sayılıb. Keçmişdə, indinin özündə də çoxlu xeyirxah insanlar olub ki, məhəllələrə, digər sahələrə su xətti çəkdirməyi müqəddəs iş hesab ediblər. İndi muxtar respublikada kəhrizlərin təmiri işində, artezian quyularının qazılmasında işləyən xeyli işçi qüvvəsi olsa da, onlar arasında öz işini bilən kankanlar da var. Bu kankanların bir qismi ilə bir yerdə işləmişik, öyrəndiklərimizi birgə tətbiq etmişik. Kankanın ömrü daim su axtarmaqla, suyu əldə etməklə keçir. Bu isə yeri qazmaqdan yox, necə qazmaqdan asılıdır. Sevinirik ki, Naxçıvanda Kəhrizlər İdarəsi var və bu idarə kəhrizlərin bərpası istiqamətində mühüm işlər görür.
– Yunis dayı, sağ olun ki, bu peşə ilə bağlı bizə maraqlı məlumatlar verdiniz.
– Siz də sağ olun.
Bəli, ağsaqqal Yunis İbrahimovla söhbətimiz bir xeyli çəkdi. Öz peşəsinin incəliklərindən böyük həvəslə danışan bu təcrübəli kankanın həyatı, sözün həqiqi mənasında, özgələrinə quyu qazmaqla keçsə də, bu quyulardan axan sular sahiblərinə xeyir, bərəkət, özünə isə savab qazandırıb. Müasir dövrdə texniki imkanlar nə qədər artsa da, kankanın “çörək ağacı” keçmişdə olduğu kimi yenə də külüng, keçəbel, dol, isgənə, çarx və digər əşyalardır. Necə deyərlər, insanların suya olan təminatında bu peşənin tələb etdiyi zəhmət heç bir yeniliyə güzəşt etməyi bacarmır. Bəlkə də buna görədir ki, kankanlıq həm də müqəddəs peşədir.
Səbuhi Həsənov