22 Dekabr 2024, Bazar

Ordubad rayonunun ən səfalı guşələrindən biri olan Gənzə kəndindən yazı hazırlayacağımı eşidən yaşlı həmkarlarım elə bil sözləşiblərmiş kimi eyni sözləri deyirdilər: O kənd başqa kənddir, milli dəyərlərə, adət-ənənələrə sadiq yurd yeridir. Elə 4 il bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kənddə olarkən Gənzəni Ordubadın incisi adlandıraraq deyib ki, bu kənd milli-mənəvi dəyərlərimizə, qədim adət-ənənələrimizə sədaqəti, haqqa, ədalətə sadiqliyi ilə həmişə fərqlənib.
...Kəndə çatmamışdan əvvəl yolboyu bu barədə çox fikirləşdim. Görən, bu kənd haqqında necə yazacağam? Təəssüratlarım necə olacaq? Kəndin bugünkü mənzərəsini qələmimlə təsvir edə biləcəyəmmi? Elə bu fikirlərlə də baxdım ki, Gənzə kəndinin gözəlliyinin sehrinə düşmüşəm. O anda şəhərin səsli-küylü ab-havasını xatırladım. Və düşündüm ki, oxucumun da özünü o kənddəki kimi hiss etməsi üçün Gənzədə gördüyüm gözəlliyi və sakitliyi necə təsvir edim? İnanın, Gənzə sanki Ordubada bir pay düşüb, elə bil ki, göydən yerə Günəş enib. Yaşıllıqlar qoynunda elə cilvələnir, görən desin, nazlı qızdır, nazlı gəlindir. Hər tərəfdə səssizlik. Təkcə Gənzə çayı sükutu pozur.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Qürbət Əliyevi çox axtarmaq lazım gəlmir. Gəlişimizdən xəbəri var. Onunla görüşürük. Səmimiyyətlə bizə “Xoş gəldin!” edir. Deyir ki, buyurun, gəzin kəndimizi qarış-qarış. Özünüzü öz evinizdəki kimi hiss edəcəksiniz. Bu kəndə yolu düşənlər həmişə burada belə hisləri yaşayıblar. Kimə istəsəniz, qonaq olun. Bütün qapılar açıqdır. Kimsə də soruşmayacaq ki, niyə gəlmisiniz? Kəndimizi ta uşaqlıqdan belə görmüşəm. Gənzəlinin qapısını açana “Xoş gəlmisiz, səfa gətirmisiniz” deyərlər. Evin qız-gəlini əl-ayaq edib samovara od salar, çay dəmlər. Limonun ən gözəli dərilər, kəsilər.
Və elə kəndi doğrudan da belə gördük. Əvvəlcə bu qədim və sonradan görəcəyim özəllikləri ilə seçilən Gənzəni gəzmək istədik. Qürbət müəllim də bizə qoşuldu. Bir-birindən yaraşıqlı evləri gördükcə heyrətimi gizlədə bilmirdim. Bu iki-üç mərtəbəli evlər və qarşısındakı bahalı avtomobillər kəndin xoş güzəranının göstəriciləridir. Bu barədə soruşmağa dəyməz. Hər şey göz qabağındadır. Sanki Gənzə “bir baxın, ay qonaqlar, gör necə yaşayıram”, – deyə dilə gəlir. Həm dövlətin qayğısı, həm insanların zəhmətkeşliyi ucalardan uca edib Gənzəni.
Bir həyətdən gələn gülüş səslərini eşidirik. Qürbət müəllim bildirir ki, bura Hacıabbas Məmmədovun həyətidir. Həyətə keçirik. Üz-gözündən xeyirxahlıq yağan kişi ilə salamlaşıram. Xoş gəlmisiniz, – deyir.
Yaşını soruşduqda çox təəccüblənirəm. Maşallah deyəndə hiss edir təəccübümü.
– İşləyən adam qocalmaz, ay qızım. Həyətini göstərərək: bax, kartofumuz, göyərtimiz, meyvələrimiz. Bazardan heç nə almırıq. Əkirik-becəririk, şəhərlərdə yaşayan qohumlarımıza da göndəririk. Gənzə torpağında yetişdirilən nemətlər adla deyilir. Əriyi, cəvizi, alması, şaftalısı...
Onun söhbətcil olduğunu hiss edirəm. Şirin Gənzə ləhcəsiylə kəndin adət-ənənələrindən söhbət açır. İş başında olduğuna görə çox söhbətə tutmaq istəmirəm. Amma maraqlı məlumatları oxucuma çatdırmaq üçün dediklərini dəftərçəmə qeyd edirəm.
Deyir ki, bu kənddə möhkəm birlik, bütövlük var. Kənddə heç bir evin qapısını bağlamazlar. Bayramlarda sahibinin olmadığı evlərdə belə, çıraq yandırılar. Bu kənddə heç kəsin heç kimin malında gözü olmaz. Kənddə adətdir: bir nəfər ziyarətə gedirsə, onu bütün kənd yola salır. Qarşılanma mərasimi də eləcə. Ziyarətdən qayıtdıqdan sonra verilən ehsanın kim tərəfindən hazırlandığını çoxları bilmir. Gənzəlilər üçün xarakterik olan ən başlıca xüsusiyyətlərdən biri onların gördükləri hər hansı xeyirxah işin kim tərəfindən həyata keçirildiyini deməmələridir.
Heç vaxt kənd toylarına dəvət üçün dəvətnamələr yazılmayıb. Bu gün də belədir. Bircə dəfə kənd meydanında elan olunur ki, filan vaxt filankəsin evində şadlıq mərasimi var. Naharda qadınlar iştirak edir, axşam isə kişilər. Milli toy adətlərimizə son dərəcə dəqiq əməl olunur. Heç kim mövcud ənənələrdən kənara çıxa bilməz. Gənzəlilər israfçılığı xoşlamırlar. Stolların üstünə düzülən nemətlərin qədərində olmasına xüsusi fikir verirlər. Kənd toylarında milliliyin qorunub saxlanılmasını ifa olunan musiqi nömrələrindən də görmək olar. Cavanlar oynamağa, adətən, yaşlı adamlar toydan getdikdən sonra çıxırlar. Gəlinə alma atmaq adəti hələ də Gənzədə yaşayır.
Deyirlər, elini-obasını sevməyən bir kəs yurduna-yuvasına övlad ola bilməz. Gənzədə yurda bağlılığın ən yüksək səviyyədə olduğunu gördüm. Hətta uzun illər buradan köçüb gedən gənclər əllərini bu kənddən götürməyiblər. Torpaq gənzəlilər üçün müqəddəsdir. Çünki bərəkəti, ruzini torpaqda tapıblar. Bir ovuc torpağı çörək qədər müqəddəs sayar, öpüb gözlərinin üstünə qoyarlar. Andları da torpaq, imdadları da torpaq.
Kənddə kəlağayılı analar gördüm. Gənzəli xanımlar pünhanlığı sevəndirlər, səliqə-sahman güdəndirlər. Adət-ənənə divanəsi, gözəllik pərvanəsidirlər. Məhz buna görədir, kənddəki ailələrin möhkəmliyi, uzun­ömürlülüyü bu gün nümunə göstərilir.
Kəndi gəzərkən təndir başına toplaşan qızlar gördük. Bizi görəndə gülüşdülər, sevindilər, yuxa təklif etdilər, çörək kəsin, – dedilər.
Çörək də nə çörək! Bu əvəzsiz nemətdən, müqəddəs ruzidən bir qismət daddıq. “Süfrəniz bol, eviniz çörəkli olsun” dedik, yolumuza davam etdik.
2011-ci ildə istifadəyə verilən məktəb binasının ətrafında və daxilində təmizilik işləri aparılırdı. Burada gənc müəllim İqbal Əliyevi həmsöhbət seçirəm. Gənzəli deyil. Ordubad şəhərində yaşayır. Deyir ki, məktəbimizi çiçək kimi saxlamağa can atırıq. Əgər bu ucqar dağ kəndində belə müasir məktəb binası tikilibsə, biz də gənzəli uşaqlara təhsil verməklə yanaşı, həm də bu təhsil ocağını qorumalıyıq. 2014-2015-ci tədris ilində məktəbi 8 nəfər bitirib. Pedaqoji kollektiv onların 6 nəfərinin tələbə adını qazanacağına əmindir.
Bir məqamı da vurğulamaq istəyirəm. Buranın insanları həm də çox saf və sadədirlər. Elə Hacıəkbər Əkbərovun ailəsində çay süfrəsi arxasında söhbət zamanı ev sakinləri ilə, evə gələn qonaqlarla söhbətimdə bunları daha aydın hiss elədim. Evdə hər şey təzə, səliqə-sahmanlı idi. Divardan asılmış xalçalar göz oxşayır, könül oxşayırdı. Elə bil dağların gülü-çiçəyi otağın divarlarına köçmüşdü. İncə zövqün, zərif barmaqların sehrindən yaranan bu xalçaları evin ağbirçəyi 79 yaşlı Sahat nənə toxuyub.
Sonra başlayırıq Hacıəkbər baba il söhbətləşməyə. Bir az keçmişə qayıdır, bir az indiki dövrdən danışır:
– Çox ağrılı günlər yaşamışıq. Ötən əsrin 90-cı illərində isə yaşadığımız günlər getsin, bir də gəlməsin. Aclıq, soyuq qış gecələri bir tərəfdən, bir tərəfdən isə bəzi siyasi qüvvələr bizi çox incidirdi. Amma biz yolumuzdan dönmədik. Gənzəlilər yaxşı başa düşürdü ki, onlar yalnız ümummilli liderin sayəsində xoş günlərə qovuşa biləcəklər. Zaman sübut etdi ki, biz düzgün seçim etmişik. Və bəhrələrini də görürük. Çox sakit və firavan həyat yaşayırıq. Fikir verirəm, kənddə gənc ailələr övladlarının oxumasına maraqlıdırlar. Axı bu məktəb binasında kim oxumaz? Şagirdlər pulsuz dərsliklərlə təmin olunurlar. Yanımda oturan nəvəm hərbçi olmaq istəyir. Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmaq üçün imtahan verəcək. Əgər bu gün kənddə oxumaq üçün şərait yaradılmasaydı, nəvəm Səlim də uzun illər bundan əvvəl xarici ölkələrə üz tutub çörək pulu qazanan gənclərdən biri olacaqdı.
Söhbət zamanı oturduğumuz yerdən gözüm müasir kənd mərkəzinin yeni binasına sataşır. Necə də gözəl görünür yaşıllıqlar qoynunda. Kəndin axar-baxarlı guşəsində qərar tutan bu quruculuq ünvanı Gənzəyə ayrı bir yaraşıq, ayrı bir görkəm verir. Söhbətimizə davam edirik:
– Digər kəndlərdə yaradılan şərait kəndimizdə də yaradılıb. Kənd mərkəzindən istifadə edirik. Məktub və ya uzaq yerlərdə yaşayan qohumlara nəsə göndərəndə rayon mərkəzinə, Naxçıvan şəhərinə üz tutmuruq. Dünyanın istənilən nöqtəsiylə əlaqə yarada bilirik. Bu, kənd sakinləri üçün böyük xoşbəxtlikdir. Bu gün kənd yaşayış məntəqələrimizdə yaradılan şərait heç də şəhərlərimizdəkindən seçilmir. Vallah dövlətimiz bizi bizdən çox düşünür. İnsanların sağlamlığının qorunması üçün kəndimizdə müasir həkim ambulatoriyası istifadəyə verilib. Kəndimizdəki xidmət mərkəzi gündəlik tələbatlarımızın elə buradaca ödənilməsinə şərait yaradıb.
Elə bu məqamdaca bir məsələni də önə çəkmək istəyirəm. Gənzə kəndi arxasını məşhur Soyuq dağına söykəyib. Bu dağ Ermənistanla sərhəddədir. Ən yüksək mövqelərdə bizim əsgərlər Naxçıvanın sərhədlərini qoruyurlar. Gənzəlilər yaraşıqlı evlər ucaltmaqdan çəkinmirlər. Çünki arxayındırlar ki, o bölgədə möhkəm müdafiə sistemi yaradılıb. Yuxarıda da qeyd etdiyimiz kimi, uzun illər bundan əvvəl xarici dövlətlərə üz tutan ailələr də kəndə qayıdır. Burada özlərinə gün-güzəran qururlar. Onlar bilirlər ki, kənddə dövlət böyük infrastruktur yaradıb.

Adətən, kənddən yazı hazırlayarkən biz jurnalistlər daha çox statistik rəqəmlərdən istifadə edir, ya da kənd sakinləri ilə söhbətə üstünlük veririk. Bu dəfə iki-üç müsahib seçdim. Kəndin bugünkü mənzərəsini az da olsa, oxucuma çatdıra bildiyimi düşünürəm. Sonda isə onu demək istəyirəm ki, məmləkətimin bir parçası olan Gənzə kəndi el qeyrətinin əyilməz vüqarı, sabaha inamın, saf əqidənin, cəsarətin, ucalığın nümunəsidir. Bu kəndlə qürur duymamaq mümkün deyil. Elə bura ayaq basandan qürurdan qanad bağlayıb uçmaq, məğrurluğa, zirvəyə boylanmaq, zirvələnmək istəyirsən. Bura kim gəlsə, bu yurd yerinin gözəlliyindən, insanlarının bütövlüyündən, birliyindən vəcdə gələr.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR