Ağbulaq İstirahət Mərkəzində keçən bir neçə saatın təəssüratları
Hər ailə dünyaya gələcək övladı gözləyərkən o uşaqla bağlı arzularını dilə gətirər, xəyallar qurar, o övladla bağlı gələcək planlarını yaxınları ilə bölüşər. Təbii ki, dünyaya sağlamlıq imkanları məhdud bir uşağın gələcəyi ehtimalını heç kim düşünməz, ağlına belə gətirməz. Ailədə sağlamlıq imkanları məhdud bir uşağın dünyaya gəlməsi həm ata-ana, həm də ailənin yaxınları üçün çətin, gözlənilməyən vəziyyətdir. Çünki belə olan halda həmin uşağın gələcəyi ilə bağlı qurulan bütün arzularda, xəyallarda dəyişiklik baş verir, ailə üzvlərinin üzərinə düşən vəzifələr, məsuliyyət daha da artır.
Naxçıvanda ailə dəyərlərinə xüsusi önəm verilməsinin nəticəsidir ki, dünyaya sağlamlıq imkanları məhdud uşaq gətirən bir çox ailələr uşaqlarının fərqli olmasını qəbul edir, övladlarını bu vəziyyətdə özünə qapanmaqdan uzaqlaşdırır, onlara qayğı göstərir. Bu, çox sevindirici haldır. Çünki yalnız bu halda uşaq yaşıdlarından imkanları daxilində geri qalmamağa çalışır, həyatında baş verən nizamsızlıqların öhdəsindən gəlir. Danışığı, ünsiyyəti, təmizliyi, geyiminə diqqəti, oxuyub-yazmağı kimi təməl zehni bacarıqları və ictimai sahədəki digər bütün bacarıqları inkişaf edir. Belə uşağa təsir edən amillər sırasında digər uşaqların və ata-ananın ona qarşı müsbət davranışları, ailənin ümumi emosional yetkinlik səviyyəsi, ana-atanın təhsil səviyyəsi də var.
Valideynləri tərəfindən böyük bir şəfqətlə əhatə olunsa da, uşağın təhsil müddətində ortaya bir sıra problemlər çıxır və ailələr ciddi köməyə ehtiyac duyurlar. Məhz bu zamanda belə ailələr dövlətimizin diqqət və qayğısını öz üzərlərində hiss edirlər. Qeyd edək ki, son 20 ildə belə qayğıdan yüzlərlə bu qəbildən uşaq bəhrələnib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurlu icrası isə sağlamlıq imkanları məhdud uşaqların qarşısında yeni üfüqlər açıb, onların valideynlərinin qəlbində övladının gələcəyinə ümid işığı yandırıb. Adıçəkilən proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər bu gün də böyük uğurla və ardıcıllıqla davam etdirilir. Bu tədbirlərin davamı kimi iyun ayının 12-dən 19-dək sağlamlıq imkanları məhdud 50 məktəblinin valideynlərinin müşayiəti ilə Ağbulaq İstirahət Mərkəzində istirahətinin təşkili muxtar respublikada gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısının bariz təcəssümü, insan amilinə verilən önəmin parlaq nümunəsidir.
Ötən günlərdə biz Ağbulaq İstirahət Mərkəzinin qonağı olduq, burada uşaqlar üçün yaradılan şəraitlə maraqlandıq. Öyrəndik ki, istirahət mərkəzinə gəldikləri gündən etibarən sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə müxtəlif idman yarışları, mədəni-kütləvi tədbirlər, intellektual oyunlar keçirilib. Uşaqların Şahbuz rayonunun bənzərsiz təbiət abidələri ilə tanışlıqları da yaddaqalan olub. Onların vətənpərvərlik mövzusunda filmlər izləməsi təmin edilib, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyaları təşkil olunub. Fiziki imkanları məhdud ifaçılardan ibarət musiqi qrupu uşaqlar qarşısında konsert proqramı ilə çıxış edib.
Sağlamlıq imkanları məhdud uşaqlar cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlərin keçirilməsi uşaqlara mənəvi dəstək olur, onlarda ruh yüksəkliyi yaradır, onların cəmiyyətdən təcrid olunmasının qarşısını alır.
Ağbulaq İstirahət Mərkəzində olarkən sağlamlıq imkanları məhdud uşaqlarla bərabər, burada istirahət edən valideynlər və uşaqların yaxınları ilə də görüşüb həmsöhbət olduq. Babək rayon Kültəpə kənd sakini Tahirə İsmayılova ürək xəstəliyindən əziyyət çəkən qardaşı oğlu Yusifin səhhətində istirahət mərkəzinə gəldikdən sonra böyük dəyişikliklər olduğunu dedi, burada yaradılan şəraitdən ağızdolusu danışdı. Qeyd etdi ki, uşaqlar üçün bu şəraiti yaradanlara nə qədər minnətdarlıq etsək, azdır.
Culfa rayon Boyəhməd kənd sakini Vüqar Yunisov dedi ki, Qarabağ müharibəsi veteranıyam, dövlətimiz tərəfindən evlə təmin olunmuşam. Açığını deyim ki, iki övladımın sağlamlıq imkanlarının məhdud olması bizə ailəlikcə Naxçıvanın gəzməli-görməli yerlərini gəzib-dolaşmağa imkan vermir. Bu istirahət mərkəzinə göndərildiyimizi eşidəndə mən və həyat yoldaşım Heyran Məmmədova çox sevindik. Bir neçə günlüyə də olsa məişət qayğıları, gündəlik işlər arxada qalıb. Buraya gəlməyimizə ən çox sevinənlər isə övladlarımdır. Onlar burada müsabiqələrdə iştirak etdi, idman tədbirlərinə qatıldı, yeni dostlar qazandılar. Çoxlu uşağın, qayğıkeş insanların əhatəsində olduqları üçün gülərüz, xoşbəxtdirlər. Övladlarımıza bu xoşbəxtliyi bəxş etdiyi üçün muxtar respublikanın rəhbərinə minnətdarıq.
Şərur şəhərindən övladı ilə birlikdə istirahət mərkəzinə gələn Sara Yusifovanın həyat yoldaşı Çernobıl əlilidir. Üç övladının ikisi epilepsiya xəstəliyindən əziyyət çəkir. Deyir ki, burada uşaqların yaxşı istirahət etməsi, asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. İstirahət mərkəzində səliqə-sahman göz oxşayır, hər şey mükəmməl təşkil edilib. Muxtar respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları hər dəqiqə uşaqların qayğıları ilə maraqlanırlar. Burada təşkil edilən müxtəlif yarışlar, müsabiqələr övladlarımın əhval-ruhiyyəsinə çox müsbət təsir edib. Uşaqlar gündə üç dəfə milli mətbəximizin ən ləziz yeməkləri ilə qidalanıblar. Bütün bunlara görə təşkilatçılara dərin minnətdarlığımı bildirirəm.
Burada istirahət edən uşaqlardan Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi Aynur Rzazadə, Naxçıvan Qızlar Liseyinin şagirdi İnci Rzayeva müxtəlif müsabiqələrdə, idman yarışlarında fəallıq göstəriblər. Onlarla söhbət zamanı dedilər ki, ən böyük arzularından biri də kənd həyatı ilə tanış olmaq, vətənin gəzməli-görməli yerlərinə təşkil edilən ekskursiyalarda iştirak etmək olub. Burada tez-tez belə ekskursiyalar, gəzintilər təşkil edilib, onlar bu ekskursiyalarda təbiətlə bağlı məlumatlar alıblar.
Ağbulaqda olduğumuz bir neçə saat ərzində sağlamlıq imkanları məhdud uşaqların, hər cür rahatlıqla təmin edilmiş balacaların böyük dünyası ilə tanış olduq. Gördük ki, bu yaşca kiçik insanların böyük dünyası nə qədər zəngin, rəngarəngdir, arzuları, xəyalları sonsuzdur. Bu arzuların, xəyalların gerçəkləşməsində isə biz böyüklərdən çox şey tələb olunmur. Sadəcə, diqqət, qayğıkeşlik onları dünyanın ən xoşbəxt varlıqları edə bilər.
Biz Ağbulaq İstirahət Mərkəzində olarkən sağlamlıq imkanları məhdud uşaqların istirahətinin sonuncu günü idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları bildirdilər ki, belə sosial layihələr bundan sonra da davam etdiriləcək.
Səbuhi HÜSEYNOV