22 Dekabr 2024, Bazar

İşsizlik  

Bizim yaşadığımız günlərdə işsizlik bir sosial bəladır. Biz ona bekarçılıq da deyirik. Bu, adamların həyat tərzini, əhval-ruhiyyəsini korlayır, ailələri miskin vəziyyətə salır. Bir neçə il əvvəl mətbuatdan bizə aydın olurdu ki, xarici ölkələrdə işsizlər hər ay dövlətdən müavinət alırlar. İndi isə bizdə belə bir dövr və şərait yaranıb. Bazar iqtisadiyyatı və qiymətlərin bahalaşması, hələ heç bir ölkədə görünmədiyi bir səviyyəyə qalxması blokadada yaşayan muxtar respublika əhalisinin güzəranını çətinləşdirir. Belə bir şəraitdə işsizlik getdikcə artır. Bu gün adamlar güzəranın çətinləşməsi problemi ilə üz-üzə dayanıblar.

Bəs işsizlər necə etsin? Cüzi yaşayışını necə qursun? Bu, dözülməz vəziyyətdir. Naxçıvan Muxtar Respublikası Əmək və Məşğulluq İdarəsinin rəisi Vilayət Vəli oğlu Qasımov ilə bu barədə söhbət edirik. Fikir mübadiləsindən sonra bu idarənin hüquq və vəzifələri aydın olur. İdarənin vəzifəsi işləyən əhalinin əmək məsələləri və işsizlərin sosial müdafiəsi ilə məşğul olmaqdır. Yəni işsizləri işə düzəldirlər, onlara müavinət ödəyirlər. Eləcə də peşəyönümünə cəlb edirlər, həm də yeni iş yerlərinin açılması üçün kiçik müəssisələr yaradırlar.
İşsiz o adam sayılır ki, ona işsiz statusu təyin edilir. Bu status muxtar respublikanın şəhər və rayonlarının yerli sosial müdafiə mərkəzlərində Azərbaycan Respublikasının müvəqqəti əsasnaməsinə görə təyin edilir.

İdarə tərəfindən arayış: 1 yanvar 1994-cü ilə muxtar respublikada 4391 nəfər işsiz statusu alıb. Bununla yanaşı, həmin tarixə 6802 nəfər işaxtaran qeydiyyatda durur. 581 nəfər isə hazır­da müavinət alır. Bunlar qeydiyyatda duranlardır. Amma muxtar respublika Dövlət Statistika İdarəsinin verdiyi məlumatdan görünür ki, bu ilin əvvəlinə muxtar respublikada 140 min 500 nəfər əmək qabiliyyətli adam var. Bu adamların 64 min 223 nəfəri işləməyən vətəndaşlardır. Yaxud iş yerlərini itirənlərdir. Əsas sual da buradan doğur. Minlərlə adamı iş yerindən uzaqlaşdıran səbəblər hansılardır? Əlbəttə, ən əvvəl son illərdə muxtar respublikamızın erməni təcavüzkarları tərəfindən blokadaya alınması və bu hesaba müəssisə və təşkilatlara xammal, material və ehtiyatların daxil olmamasıdır. Zavodlarda, fabriklərdə istehsal prosesləri dayandığından iş yerləri də ixtisar edilmişdir. İndi müəssisələr bu adamların hamısını işlə təmin etmək iqtidarında deyil.
İdarə rəisinin dedikləri:
– Çoxlu adam müəssisələrdə işsiz qalıb. Çoxları da əmr verilib işdən azad olunmayıblar. Məsələn, Naxçıvan Alt Trikotaj Paltarları Fabrikində, avtonəqliyyat birliyində və digər müəssisə və təşkilatlarda işçilər minimum əməkhaqqı alırlar. Belələri bizə müraciət edirlər. Lakin onlara kömək edə bilmirik. Həm də müavinət vermək üçün əlavə mənbələr yoxdur. Vəsaitimiz çatışmır. Muxtar respublikanın idarə, müəssisə və təşkilatları əməkhaqqı fondundan hər ay 2 faiz məcburi ayırmaları bizim hesabımıza keçirirlər. 1993-cü ildə cəmi 40 milyon rubl bu hesaba vəsait yığılıb. Bu isə muxtar respublikanın tələbatını ödəmir.
Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında qanuna görə, yerli icraiyyə komitələri işsizləri müəyyən xərclərdən, kommunal mənzil xərcləri ödəməkdən azad edə bilərlər. Bu məsələni biz muxtar respublikanın Nazirlər Kabineti səviyyəsində qaldırmışıq. Lakin əməli nəticəsi olmayıb. Müavinət alanlardan ailə vəziyyəti ağır olanlara yerli icra hakimiyyəti orqanları pul keçirməklə onların müavinətinin həcmini artırmaq olar. Biz məsələ qaldırmışıq ki, işsizlərə 6 ay əvəzinə 1 il müavinət verək. Lakin bu məsələnin də həllinə nail ola bilməmişik. Yeri gəlmişkən bir faktı yada salmaq istərdim. 1990-cı ilin əvvəllərində Amerikada avtomobil kampaniyaları “Ford”, “General Motors”, “Kraysler” və bu kimi sahələrdə ağır vəziyyət yarandığından fəhlələr ixtisar edildi. İşsiz qalanların başqa sahələrdə işləməsi üçün kampaniyaların özü fəhlələrə peşələrini dəyişməyə kömək etdi. Bundan sonra ABŞ konqresi fəhlə qüvvəsinin yenidən hazırlanması haqqında qanun qəbul etdi. Azərbaycan Respublikasında isə əhalinin məşğulluğu haqqında qanun 27 iyun 1991-ci ildə qüvvəyə minib. Və bu qanun Rusiya, Fransa və digər xarici dövlətlərin qanunlarından istifadə olunmaqla hazırlanıb. Bizim qanunun özündə boşluqlar var. Məsələn, orada göstərilir ki, işsiz kimi qeydiyyatda duran hər kəs ayda iki dəfə təkrar qeydiyyatdan keçməlidir. İndi bu qanuna görə, muxtar respublikanın rayon və kəndlərində yaşayan adamlar xeyli nəqliyyat xərci çəkib rayon mərkəzlərinə qeydiyyatdan keçməyə gəlirlər. Məşğulluq İdarəsi məsələ qaldırıb ki, işsizlər ayda bir dəfə qeydiyyatdan keçsin. Bu məsələ də öz həllini gözləyir.
İkinci bir çətinlik müavinət pullarının vaxtında ödənilməməsidir. Çünki yerli əmək və məşğulluq mərkəzləri bu pulu banklardan götürürlər. Bankda isə nağd pul çatışmır. Buna görə də son aylar Şərur və Şahbuz rayonlarında işsizlər müavinətlərini vaxtında ala bilməmişlər.
Xüsusi iş yerlərinə normanı yerlərdə icraiyyə komitələri təyin edir. Çoxuşaqlı qadınlar, gənclər, əlillər üçün iş yerləri təyin olunur. Bu normanı icraiyyə komitələri təsdiq edirlər. Lakin idarə, müəssisə və təşkilatlar bu qərarı yerinə yetirmirlər. Həm də məşğulluq mərkəzlərini eşitmirlər. İdarə, müəssisə, təşkilatlar boş qalmış iş yerləri haqqında məşğulluq idarəsinə məlumat vermirlər. Qanunun özündə də bu boşluq özünü göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabineti sərəncam verib ki, boş iş yerləri məşğulluq idarələrinə bildirilsin. Bu idarələr isə təklif veriblər ki, boş yerlər barədə məlumat verməyən təşkilat rəhbərlərini əməkhaqqının 10 misli həcmində cərimə etsinlər. Bu barədə təklif hələ də qüvvəyə minməyib. Bu da bir problem yaradır.
Müharibə gedən ölkədə istehsal prosesləri pozulduğundan getdikcə işsizlərin sayı artır. Amma həlli mümkün olan məsələlərə muxtar respublikanın yerli icraiyyə komitələrinin laqeyd münasibət bəsləməsi bir çox ailələrin güzəranını aşağı salmış, əhalinin əksər hissəsi kasıblıq həddində yaşayır. Bazar iqtisadiyyatı əhalinin bu qəbildən olan hissəsinin sosial müdafiəsini yaxşılaşdırmaq üçün əlavə tədbirlər hazırlanmasını qarşıya qoyur. Lakin respublikamızın torpaqlarında müharibə getdiyindən hələlik adamların ümid ilə yaşamasından başqa çarəsi yoxdur.

“Şərq qapısı”
9 fevral 1994-cü il

İntibaha qovuşan Naxçıvanda işsiz yoxdur

Qədim Azərbaycan torpağı olan Naxçıvanın tarixdə çox enişli-yoxuşlu yolları olub. Bu yollarda addımlamaq çətin və mürəkkəb olsa da, qədim diyarın insanları hər zaman gələcəyə nikbin baxıb, tarixin dolanbac yollarında inamla və qürurla irəliləməyi bacarıb. Keçmişdən fərqli olaraq müasir dünyanın reallıqları çərçivəsində ən son yaşanmış çətinliklərin tarixi ilə bizi cəmi 20 ildən bir az artıq zaman ayırır. İndi ötən əsrin sonlarında muxtar respublikadakı ictimai-siyasi vəziyyəti, problemlər burulğanında varlığını sürdürməyə davam etdirən bir məmləkətin dərd-sərini “Şərq qapısı” qəzetinin ağ-qaralı səhifələrindən oxuyur və xatırlayırıq. 20-25 il bundan əvvəl qələmə alınmış həmin yazılar intibah Naxçıvanının müasir sakinlərinin düşüncəsində dünənlə bu gün arasındakı kəskin fərqi müqayisə etməyə yetərincə imkan verir.

İnkişaf etmiş və ya etməkdə olan ölkələrdə davamlı inkişaf üçün əsas vacib məsələlərdən biri əhalinin məşğulluğunun təmin edilməsidir. Məşğulluq məsələləri bazar iqtisadiyyatının əsas prinsiplərindəndir. Bu sahənin inkişaf etdirilməsi iqtisadi fəallığın artırılması, eyni zamanda əhalinin daim artan ehtiyaclarının ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ancaq son illərdə dünyanın iqtisadi sferasında baş verən dəyişikliklər bir daha onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr belə, işsizlik problemlərindən sığortalanmayıb. Buna görə də düzgün məşğulluq siyasətinin həyata keçirilməsi nəticəsində yoxsulluq və işsizlik səviyyəsinin minimuma endirilməsi bu gün istənilən ölkə üçün aktual məsələlərdən hesab olunur. Məhz bu prizmadan baxdıqda müasir iqtisadi şəraitdə dövlətimizin makroiqtisadi siyasətinin əsas məqsədlərindən birinin əmək qabiliyyətli əhalinin məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarət olduğu bir daha görünür. 20 il bundan əvvəl ölkəmizdə, eləcə də muxtar respublikamızda yaranmış ictimai-siyasi-iqtisadi vəziyyəti çoxlarımız xatırlayırıq. Sübuta ehtiyacı olmayan faktdır ki, ictimai və siyasi sabitliyi olmayan və ya kövrək olan regionlarda iqtisadi vəziyyətin ürəkaçan olmaması normaldır. Ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi milli dövlətçiliyimizin möhkəmləndirilməsinə, muxtar diyarın ərazi bütövlüyünün qorunmasına şərait yaratdı, burada yaşayan insanların sabaha olan ümidlərini artırdı. Böyük şəxsiyyətin 1993-cü ilin iyun ayında xalqın təkidli tələblərindən sonra ali hakimiyyətə qayıdışı cəbhədə atəşkəsin, ölkədə sabitliyin bərqərar olmasına imkan verdi. Təbii ki, 1988-ci ildən başlayan qarışıq siyasi proseslərin 1993-cü ilin ortalarından etibarən səngiməsi, 1994-cü ildə isə atəşkəsin əldə olunması, “Əsrin müqaviləsi”nin imzalanması ölkə­də yeni iqtisadi proseslərin başlanmasını zəruri edirdi. Bu dövrədək Azərbaycanda iqtisadiyyatın çöküşü təbii ki, ölkədə böyük bir işsizlər ordusunun yaranmasına, eyni zamanda paralel olaraq iqtisadi sektorların müflisləşməsinə gətirib çıxarmışdı. Əlbəttə ki, muxtar respublikanın da iqtisadi durumu acınacaqlı idi. İşsizlik, az sayda işləyən müəssisələrdə maaşların aylarla gecikdirilməsi, gənclərin iş dalınca başqa ünvanlara üz tutması həmin dövrün Naxçıvanının gerçək reallığı idi. Bu yaxın tarix indi də naxçıvanlıların yadından çıxmayıb. Ancaq o günlərin mənzərəsini “Şərq qapısı” qəzetinin 9 fevral 1994-cü il tarixli sayında dərc olunmuş “İşsizlik” adlı yazıda bir daha xatırlayırıq. Həmin işsizlik dövründə əsas işi dövrün mənzərəsini təsvir etmək olan həmkarımız o zaman Naxçıvan Muxtar Respublikası Əmək və Məşğulluq İdarəsindən verilən arayışı təqdim edərək göstərir ki, 1 yanvar 1994-cü ilə muxtar respublikada 4391 nəfər işsiz statusu alıb, 6802 nəfər işaxtaran qeydiyyatda durub, 581 nəfər isə müavinət alır. Muxtar respublikanın Statistika İdarəsinin verdiyi məlumatı qeyd edən müəllif göstərir ki, bu ilin (1994-cü ilin) əvvəlinə muxtar respublikada 140 min 500 nəfər əmək qabiliyyətli adam var. Bu adamların 64 min 223 nəfəri işləməyən və ya iş yerlərini itirən vətəndaşlardır. Məncə əlavə izaha ehtiyac yoxdur. Qeyd olunan rəqəmlər işsizlik faizinin, təxminən, 50 faizə yaxın olduğunu göstərir. Yazının müəllifi haqlı olaraq minlərlə insanı iş yerlərindən uzaqlaşdıran səbəblərin nə olduğunu sual kimi qarşıya qoyur. Və haqlı olaraq bunu muxtar respublikanın blokada vəziyyətinə salınması və nəticədə, burada fəaliyyət göstərən fabrik və zavodların, müxtəlif müəssisələrin fəaliyyətinin iflic vəziyyətinə düşməsi ilə əlaqələndirir. Təbii ki, istehsal olmayan yerdə işçiyə də ehtiyac duyulmur və bu, digər müəssisələrin də fəaliyyətinə təsir göstərir, nəticədə, işsizliyin “qapısı” açılır. Yuxarıda adıçəkilən Məşğulluq İdarəsindən bildirilib ki, bəzi müəssisələrdə işçilər işdən azad olunmasa da, onlar minimum əməkhaqqı alırlar. Bu cür işçilər müavinət üçün müraciət etsələr də, onlara heç bir kömək olunmur. Çünki idarə və təşkilatların əməkhaqqı fondlarından hər ay məcburi ayrılan 2 faiz məcburi ayırmalar bunu ödəməyə imkan vermir, vəsait çatışmır, banklarda isə nağd pul yoxdur.
Yazıda bir maraqlı məqama da toxunularaq bildirilir ki, Azərbaycanda 1991-ci ildə əhalinin məşğulluğu haqqında qəbul edilmiş qanunun mükəmməl olmaması qarşıya müəyyən çətinliklər çıxarır. Qeyd etmək lazımdır ki, bu qanun mükəmməl şəkildə hazırlansaydı belə, həmin dövrdə onun icra mexanizmi yenə işlək olmayacaqdı. Çünki peşə hazırlığı ilə məşğul olan məktəblər artıq bir neçə il idi ki, fəaliyyətlərini dayandırmışdılar. Hətta müxtəlif peşələr üzrə kadrlar hazırlansaydı da, onları yenə də işlə təmin edəcək müəssisələr və yaxud xaricdəki kimi sahibkarlar olmayacaqdı. Yəni işsizlik problemi çox dərinə işləmişdi və kütləvi xarakter daşıyırdı. Yazının sonunda da deyildiyi kimi, insanların ümidlə yaşamaqdan başqa çarəsi yox idi...
İndi bizi həmin dövrdən 20 ildən bir az artıq zaman məsafəsi ayırır. Bu dövrdə Naxçıvan Muxtar Respublikasında məşğulluq problemlərinin həll olunması istiqamətində davamlı səylər öz müsbət nəticələrini verib. Əmək ehtiyatlarından daha dolğun istifadə etmək və əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə 2007-ci il 30 may tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” təsdiq edilib. Dövlət proqramı ilə məşğulluq strategiyasının həyata keçirilməsi üzrə iqtisadi mühitin və əmək bazarının inkişafı, yeni iş yerlərinin açılması, əmək bazarında işçi qüvvəsinin keyfiyyətinin və rəqabət qabiliyyəti­nin yüksəldilməsi, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər müəyyənləşdirilərək uğurla həyata keçirilib. Muxtar respublikada əhalinin işlə təmin olunmasında ən mühüm rolu sahibkarlığın inkişaf etdirilməsi və bunun da nəticəsində yeni istehsal sahə­lərinin yaradılması, kənd təsərrüfatının inkişaf etdirilməsi oynayıb. Göstərilən dövlət qayğısı sayəsində müxtəlif profilli sənaye müəssisələrinin yaradılması həm əhalinin yerli istehsal (ərzaq və qeyri-ərzaq) məhsullarına olan ehtiyacını ödəməyə imkan verib, həm də yeni iş yerlərinin açılmasına şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən verilən məlumata görə, əgər 1997-ci ildə muxtar respublikada 1528 nəfər qeydiyyata düşən işaxtarandan 237 nəfəri işə düzəlibsə, 10 il sonra, 2007-ci ildə 3864 nəfər işaxtarandan 2010 nəfəri işlə təmin olunub. Ötən il isə işaxtaran vətəndaşların sayı 3227, işlə təmin olunanların sayı isə 2727 nəfər olub. Nəzərə alaq ki, işaxtaranların sayının artmasına əhalinin say artımı, habelə bu və ya digər səbəblərdən bura gəlib yaşayanların sayının artması və sair amillər təsir edir. Əhalinin işlə təmin olunmasında peşə hazırlığı da mühüm rol oynayır. Peşə hazırlığı ilə məşğul olan baza müəssisələrində yaradılmış şəraitin nəticəsidir ki, muxtar respublikada 1997-ci ildə 89 nəfər peşə hazırlığına cəlb olunubsa, 2014-cü ildə bu say, təxminən, 5 dəfə artaraq 439 nəfər təşkil edib.

Adıçəkilən xidmətin məlumatlarında işsizlik statusu alanların sayının da ildən-ilə azalması diqqətçəkən məsələlərdəndir. Qeyd edək ki, 1997-ci ildə muxtar respublikada 202 nəfərə işsizlik statusu verilibsə, 2009-cu ildə bu rəqəm 39-a bərabər olub, 2012-ci ildən sonra isə bu statusu daşıyan şəxs olmayıb. Sosial və iqtisadi proqramların uğurlu həlli ildən-ilə daha çox yeni iş yerlərinin açılmasına səbəb olub: əgər 2013-cü ildə muxtar respublikada 2260 yeni iş yeri açılmışdısa və bu iş yerlərindən 2092-si daimi iş yerləri idisə, 2014-cü ildə 3523 yeni iş yeri yaradılıb ki, bunun da 3422-si və yaxud 97 faizi daimi iş yerləridir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 1 aprel 2015-ci il tarixə muxtar respublikada əmək qabiliyyətli əhalinin sayı 302,5 min nəfər, məşğul əhalinin sayı isə 229,2 min nəfər təşkil edib. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsində 1995-ci ildən 1 aprel 2015-ci il tarixədək muxtar respublika üzrə 83 min 697 yeni iş yeri yaradılıb ki, bunun da 56 min 964-ü daimi iş yerləridir.
Xatırlatmaq lazımdır ki, ötən müddət ərzində məşğulluq xidməti orqanları tərəfindən təşkil edilmiş əmək yarmarkalarının keçirilməsi də işaxtaranlar və işəgötürənlər arasında əhəmiyyətli rol oynayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə öz töhfələrini verir. Məsələn, cari ilin aprel ayında muxtar respublikada keçirilmiş əmək yarmarkalarına 177 müəssisədən 1702 boş iş yeri çıxarılıb və 332 nəfər işlə təmin olunub. İşlə təmin olunanlardan 121 nəfərini gənclər təşkil edib. Kvota üzrə işlə təmin olunanların sayı isə 10 nəfər olub. Muxtar respublikada əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə, insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlərin uğurla həyata keçirilməsi əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsinə, vətəndaşların etibarlı sosial müdafiəsinin təşkilinə mühüm təsir göstərib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 sentyabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın ötən il olduğu kimi, yaxın üç il ərzində də uğurla həyata keçirilməsi məşğulluq məsələlərinin həllinə yeni töhfələr verəcəkdir.

Bəli, ötən 20 il ərzində Naxçıvanda digər sahələrlə yanaşı, ən böyük sosial bəla hesab edilən işsizlik də öz həllini tapıb. Bir zamanlar işsiz qalanların indi özünə işçi axtardığının və yaxud Naxçıvana işləmək üçün gələnlərin çox şahidi oluruq. Demək istədiyimiz odur ki, müasir dövrdə istənilən şəxs özünün bilik və bacarığına uyğun münasib iş tapa bilər. İndi iş tapa bilməmək bilik, zəhmət, bacarıq və peşə vərdişi kimi meyarları özündə cəmləşdirə bilməyənlər və ya, sadəcə, işləmək istəməyənlər üçün çətin sayıla bilər. Və nəhayət, yaxın keçmişin qaranlıq dünyasından boylanan ümid dolu baxışlarda bu gün işsizliyə yer yoxdur. Çünki cəmiyyətimizdə də artıq bekar adamlar sevilmir.

 Səbuhi Həsənov

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR