22 Dekabr 2024, Bazar

Oruc Adəm Peyğəmbərdən bəri bütün peyğəmbərlərə və onların ümmətlərinə vacib buyurulmuş ibadətdir. Məsələn, Nuh Peyğəmbər bayram günlərindən başqa, bütün ilboyu, Davud Peyğəmbər isə günaşırı oruc tutarmış. Bu barədə “Qurani-Kərim”də “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” deyə bildirilir (“əl-Bəqərə”, 183).

İslam dinində orucluq

Oruc tutmaq müsəlmanlara Uca Yaradan tərəfindən hicrətin ikinci ilində Şaban ayının on üçündə bəxş edilmişdir. Ramazana bəzən “orucluq ayı” anlamına gələn “Şəhri-Sıyam” da deyirlər. Ərəb mənşəli “savm” (cəmdə işləndikdə “sıyam”) kəlməsi Azərbaycan dilinə tərcümədə nəfsə hakim olmaq mənasındadır.
Ramazani-Şərif müsəlmanlar üçün çox müqəddəs və mübarək aydır. Çünki “Qurani-Kərim” bu ayda nazil olmağa başlamış, Məhəmməd Peyğəmbərə bu ayda peyğəmbərlik bəxş edilməklə İslam dini meydana gəlmişdir. İnsanları pis əməllərdən çəkindirən və axirətdə cəhənnəm əzabından qoruyan oruc ibadətinin bu ayda vacib buyurulması “Qurani-Kərim”də belə əks olunmuşdur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (“Quran”) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar...” (“əl-Bəqərə”, 185).

Allah elçisi də hədislərindən birində Ramazan orucunun faydalarından bəhs edərkən demişdir: “Kim inanaraq və mükafatını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar”.

Oruc ibadətinin həm mənəvi, həm də sağlamlıq baxımından faydaları çoxdur. Bu ibadətin fəzilətlərindən biri insanlarda mərhəmət və xeyirxahlıq hislərini gücləndirməsidir. Orucluq həm də insana nemətlərin dəyərini öyrədir. Çünki insan sahib olduğunun dəyərini onu itirdikdən sonra bilir. Oruc tutmaqla bir müddət dünya nemətlərindən uzaq olan şəxs yenidən onları əldə etdikdə sevinir, həm də Allaha şükür etməyi öyrənir. Bu ibadət insanı sağlamlaşdırır. Çünki on bir ay ərzində çalışan insan orqanizmi orucluq vaxtı, bir növ, dincəlmiş olur. Müasir tibb elmi də oruc tutmağın faydalarını göstərmişdir. Oruc tutmaq insanlara səbirli və dözümlü olmağı öyrədir. Ay ərzində yemək, içmək və digər ehtiyaclardan imtina edən insan sonralar qarşısına çıxan əziyyətlərə də qatlaşa bilir.
Həddi-büluğa çatmış, ağlı yerində olan hər müsəlmana oruc tutmaq vacibdir. Üzrsüz səbəbdən oruc tutma­maq günahdır və cəzası (kəffarəsi) vardır (kəffarə bir gün bilərəkdən tutulmamış oruca görə iki ay ardıcıl oruc tutmaq və ya altmış yoxsulu doyuzdurmaqdır). Oruc tuta bilməyən əldən düşmüş və yaşlı şəxslər isə Ramazanın hər günü üçün fidyə verirlər. Fidyənin miqdarı fitrə qədərdir.
Bəzi üzrlü səbəblər vardır ki, oruc tutulmaya bilər, yaxud tutulmuş orucu pozmaq olar: xəstəlik, səfərə çıxmaq, məcburiyyət, insanı bihuş edən şiddətli aclıq, susuzluq, hamiləlik.
Orucun niyyət edilməsi zəruridir. Niyyətsiz oruc məqbul deyildir. Ramazan orucuna axşamdan obaşdanlığadək niyyət edilir (bəzi alimlərə görə, əgər unudularsa, günortayadək də niyyət etmək olar).
Obaşdanlığa (sahur) qalxıb yemək müstəhəbdir və Məhəmməd Peyğəmbər də hədislərində buna təşviq etmişdir: “Obaşdanlıqda yemək yeyin, çünki onda bərəkət vardır”.
Orucunu tamamlayıb iftar vaxtına yetişən şəxs bundan sevinərək özünü xoşbəxt hiss edər. Allah elçisi isə hədislərində oruclunun iki sevinc anının olduğunu müjdələmişdir. Biri iftar vaxtı, digəri isə bu ibadətinə görə Allahdan mükafatını alacağı vaxtdır.
Ramazan ayı bəzən 29, bəzən də 30 gün olur. Ay 29 gün davam edəndə də orucluq tam hesab edilir. Çünki vacib olan ayı bütünlüklə oruclu keçirməkdir. Məhəmməd Peyğəmbər doqquz Ramazan orucu tutmuş, onların dördü 29, beşi isə 30 gün davam etmişdir.

Oruc tutan şəxsə hansı əməllər qadağandır?

Hər hansı qidanı qəbul etmək, siqaret çəkmək, yaxud qatı toz və ya tüstü udmaq, qəsdən qusmaq orucu batil edər (əlbəttə, qeyri-ixtiyari olaraq və ya xəstəlik nəticəsində qusmaq istisnadır).
Bundan başqa, bədənə imalə etdirmək də orucu pozar.
Kişi, yaxud qadın oruclu ikən qüsullu olmalıdır.
Oruclu bir kəsin suda çox qalması, ağıza girən yağışı və ya dolunu istəyərək udmaq orucu pozan əməllərdəndir.

Orucu pozmayan əməllər

Unudaraq yeyib-içmək orucu pozmaz. Ancaq yemək yeyən kimsə oruclu olduğunu xatırlayınca yeməyi dərhal buraxıb ağzını yayxalamalıdır. Belə ki, oruclu olduğunu yadına saldığı andan etibarən heç bir şey yeməməyə diqqət etməlidir. Oruclu olduğunu yadına saldığı anda yeməyə davam edərsə, oruc batil olur.
Məhəmməd Peyğəmbər “Oruclu olduğunu unudub yeyən-içən kimsə orucunu tamamlasın, onu Allah yedirtmiş, içirtmişdir” buyurmuşdur.
Ağız suyunu, tüpürcəyi və ya bəlğəmi udmaq, gözə dərman salmaq, qan vermək, burnundan gələn selikli qişanı udmaq, boğazına çox olmamaqla toz girmək, istəməyərək su udmaq, çox olmamaqla duş qəbul etmək, gözlərə sürmə çəkmək, dərmanı və qanı udmamaqla diş çəkdirmək, dişləri fırçalamaq, udulma­masına diqqət etməklə su ilə ağızı yayxalamaq orucu pozmayan əməllərdəndir.

Kimlərə oruc tutmaq vacib deyildir?

Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:
- həddi-büluğa çatmamış uşaqlar;
- psixi cəhətdən qeyri-normal şəxslər;
- qocalıb əldən düşmüş şəxslər;
- aclıq və susuzluğa heç cür tab etməyən daimi xəstələr.
Digər dörd təbəqədən olan şəxslər də Ramazan ayında oruc tutmaya bilərlər; bunun üçün onlara kəffarə də düşmür, sadəcə olaraq, itirdikləri hər gün əvəzinə bir gün qəza orucunun tutulması onlara vacibdir:
- hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar;
- körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutulmalıdır;
- Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. Əgər gələn ilin Ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. Əgər gələn ilə kimi sa­ğalmasalar, qəza orucu vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayətdir;
- səfərdə olan şəxs vətənə dönənə kimi orucdan azaddır, amma qayıdandan sonra mütləq qəza orucu tutmalıdır (hər gün üçün bir gün hesabı ilə). Amma bəzi hallarda insan səfərdə də olsa, oruc tutmalıdır və orucu pozmağa ixtiyarı yoxdur.
Hər kəs oruc tutduğunu unudaraq, yaxud özü istəmədən (qeyri-iradi) orucu pozan əməli yerinə yetirsə, orucu yenə düzgün sayılır və öhdəsinə heç bir cərimə düşmür. Məsələn, insan körpüdən keçərkən sürüşüb çaya yıxılsa və başı suya batsa, yaxud xəstələnib qussa, oruc tutduğunu unudub su içsə orucu pozulmaz.
Qeyd olundugu kimi, oruc tutmağın məqsədi dini mükəlləfiyyəti icra etməklə Allahın əmrlərini yerinə yetirməkdir. Bununla yanaşı, orucun əxlaqi və ictimai baxımdan da faydaları vardır. Bu faydalar məhz oruc tutulan zaman insan tərəfindən öz dərin hikməti ilə fəhm edilir.
Əziz müsəlman bacı və qardaşlarımız! Sizi Ramazan ayının başlanması münasibətilə təbrik edirik. Allah ibadətlərinizi qəbul eləsin.

Vüqar Babayev
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR