İyunun 16-da Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi Ordubad Rayon İcra Hakimiyyəti ilə birgə “Sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirib.
Ordubad Rayon İcra Hakimiyyətində keçirilən tədbiri icra başçısı Elşad Məmmədov açaraq son illərdə rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək sığorta olunmağın vacibliyindən danışıb, vaxtında sığortalanmağın baş verən bədbəxt hadisələr zamanı faydalarını diqqətə çatdırıb. Baş direktor icbari və könüllü sığortaların əhəmiyyətindən də bəhs edərək bu sahədə Ordubad rayonunda müəyyən işlər görüldüyünü bildirib. Çıxışda avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, eləcə də könüllü sığortalardan ev əmlakının sığortası, avtonəqliyyat vasitələrinin tam sığortası, fərdi qəza sığortası, mal-qaranın sığortasının hüquqi və fiziki şəxslər üçün nə dərəcədə əhəmiyyətli olduğu konkret baş vermiş hadisələr ətrafında təhlil edilib.
Baş direktor Ordubad rayonunda sığorta fəaliyyəti sahəsində görülmüş işləri təhlil edərək daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı sığortası, fərdi qəza sığortası və digər sığorta növləri üzrə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, Ordubad rayonunda icbari qaydada sığorta olunmalı olan daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Buna görə də aidiyyəti qurumlarla birgə əlavə tədbirlər müəyyənləşdirilməklə Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən icbari sığortalar üzrə hər bir sığorta obyekti sığortaya cəlb olunmalıdır. Qarşımızda duran vəzifələrdən biri də əhali arasında sığorta sahəsində maarifləndirmə tədbirlərini genişləndirmək, sığorta savadlılığını artırmaq, sığorta mədəniyyətini inkişaf etdirmək və yaradılmış sığorta ənənələrini dərinləşdirmək yolu ilə bütün vətəndaşlar üçün gözlənilməz qəza və digər hadisələrdən dəyə biləcək zərərlərin aradan qaldırılmasına sığorta təminatı yaratmaqdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Ordubad Rayon Şöbəsinin və Ordubad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin nümayəndələri görülmüş işlər barədə məlumat veriblər.
Xəbərlər şöbəsi