22 Dekabr 2024, Bazar

Artıq muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri növbəti yay tətilinə buraxılıblar. Bütün uşaqlar kimi, sağlamlıq imkanları məhdud uşaqlar da ötən dərs ilində məktəblərə getdi, şagird yoldaşları ilə dərs saatlarında müəllimlərini dinlədi, onlarla bərabər oxudu, potensialı imkan verdiyi qədərilə öyrəndi, ömür-günlərinə yeni çalarlar qatdılar. Hərəkət qabiliyyəti məhdud uşaqlar üçün ilk dəfə olaraq distant (məsafədən) təhsil almaq imkanları yaradıldı. Onlar da müəyyən biliklərə sahib olmaqla yanaşı, sevindilər. Darıxdırıcı keçən günlərini bir-birindən maraqlı anlar əvəz etdi. 

Bir sözlə, ötən dərs ili muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inte­qrasiyasında, onlar üçün məhdud çərçivələrin aşılmasında əlamətdar oldu. Heç şübhəsiz, bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq im­kan­ları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın qarşıya qoyduğu tədbirlərin icrasından qaynaqlanıb.

Dövlət proqramının müvafiq bənd­lərinin icrası ilə bağlı aidiyyəti təşkilatlar kimi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də qarşıya qoyulan vəzifələri 2015-ci ilin ilk 5 ayı ərzində həyata keçirməyə çalışıb. Belə ki, dövlət pro­qramına uyğun olaraq, muxtar respublika üzrə sağlamlıq imkanları məhdud 1972 uşaqdan 370 nəfərinin məktəbəqədəryaşlı olduğu müəyyən edilib və onlar haqqında məlumat bazası yaradılıb.
Məlum olub ki, muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində 64 nəfər sağlamlıq imkanları məhdud uşaq təhsil alır. 2015-ci ilin ilk 5 ayı ərzində əqli və fiziki potensialları nəzərə alınaraq 4 nəfər məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaq muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən uşaq bağçalarına cəlb edilib.
Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində 12 nəfər sağlamlıq imkanları məhdud uşaq qeydiyyatdadır. Cari ilin ötən dövrü ərzində sağlamlıq imkanları məhdud uşaqların təlim-təhsil işlərinin həyata keçirilməsi məqsədilə mərkəzə komitə tərəfindən 3 uşaq yerləşdirilib.
Məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə “İntiba­hın şəfəqlərilə böyüyürük biz” mövzusunda Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin uşaqları arasında müsabiqə keçirilib, 24 nəfər sağlamlıq imkanları məhdud uşaq həmin müsabiqədə iştirak edib. Eləcə də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar müəssisələrin dərnək üzvləri olan 59 nəfər sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə rəsm, əl işləri, musiqi müsabiqələri keçirilib, qaliblərə və iştirakçılara diplom və hədiyyələr verilib.
Cari ilin müvafiq dövründə rayon (şəhər) İcra hakimiyyətləri və Naxçıvan Müəllimlər İnstitutu ilə birgə muxtar respublikada fəaliyyət göstərən uşaq bağçalarında təlim-tərbiyə işinə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması üçün 25 nəfər müəllim, metodist və tərbiyəçinin iştirakı ilə kurs təşkil edilib. Kursda məktəbəqədər müəssisələrin müvafiq işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə məruzələr dinlənilib və tədbir iştirakçılarına mövzuya uyğun əyani vəsaitlər paylanılıb.
Bu ilin müvafiq dövrü ərzində komitə tərəfindən əlaqə saxlanılan sağlamlıq imkanları məhdud uşaqlardan əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən və hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən 8 uşağın olduğu müəyyənləşdirilib və onlar haqqında məlumat bazası yaradılıb.
Proqrama uyğun olaraq, ümumtəhsil müəssisələrində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə muxtar respublikanın tam orta məktəblərində sağlamlıq imkanları məhdud uşaqların, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə tədbir keçirilərək maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Bundan əlavə, muxtar respublikanın 14 uşaq müəssisəsində keçirilmiş monitorinq və seminarlarda müəllim, uşaq və valideynlər arasında müvafiq mövzuda söhbətlər aparılıb və 800-dən çox maarifləndirici broşürlər paylanılıb.
Cari ilin ilk 5 ayı ərzində komitə tərəfindən əlaqə saxlanılan sağlamlıq imkanları məhdud uşaqların bacarıq və maraqları nəzərə alınaraq 2-si musiqi məktəblərinə, 2-si müxtəlif idman qruplarına, 8-i məktəbdənkənar müəssisələrin dərnəklərinə, müasir informasiya texnologiyalarından istifadə biliklərinin artırılması məqsədilə 6 uşaq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunmuş məşğələyə cəlb edilib.
Ümumiyyətlə, proqramın icrası ilə bağlı 2015-ci ilin ilk 5 ayı ərzində komitə tərəfindən 355 sağlamlıq imkanları məhdud uşağın valideynləri ilə əlaqə yaradılaraq maarifləndirici söhbətlər aparılıb, bu uşaqlardan 4 nəfər uşaq bağçalarına, 3 nəfər Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 2 nəfər uşaq musiqi məktəblərinə, 2 nəfər idman məktəbinə, 8 nəfər məktəbdənkənar müəssisələrin dərnəklərinə, 6 nəfər Naxçıvan Uşaq Bərpa Mərkəzinə, 6 nəfər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə və 1 nəfər Naxçıvan Regional Peşə Tədris Mərkəzinə yönləndirilib.
Müvafiq xəstəliyi olan uşaqlar üçün komitə tərəfindən qanvermə aksiyası təşkil olunub, 6 litrə yaxın qan toplanılaraq həmin uşaqlara köçürülmək üçün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin qan bankına təhvil verilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bundan sonra da proqramın müvafiq bəndlərinin icrası ilə bağlı üzərinə düşən vəzifələri icra müddətinə uyğun olaraq həyata keçirməyə çalışacaqdır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR