22 Dekabr 2024, Bazar

İnsanların qəza halında məruz qaldığı itkilərin maddi dəyərinin əvəz olunmasında fərdi qəza sığortasının əhəmiyyəti böyükdür. Buna görə də ölkəmizdə vətəndaşların həyat və sağlamlığını təbii və texnogen hadisələrdən sığortalamaq yolu ilə sosial müdafiəsinin təşkili sığortanın əsas vəzifələrindən biri hesab olunur.

Fərdi qəza sığortası öz formasına görə könüllü sığortadır. Bu, tərəflərin qarşılıqlı razılaşması yolu ilə müəyyən olunmuş qaydalar əsasında aparılır. Tətbiqi icbari olan digər sığorta növləri ilə müqayisədə isə bu sığorta növünün bir sıra üstünlükləri vardır. Belə ki, istehsalatda bədbəxt hadisələrdən icbari sığorta yolu ilə sığortalanan şəxslərə yalnız iş vaxtı baş verə biləcək hadisələrdən təminat verilirsə, fərdi qəza sığortası olan insana onun harada olmasından və günün hansı saatından asılı olmayaraq, baş vermiş gözlənilməz, bədbəxt hadisələrdən təminat verilir. Gündəlik həyatımızda belə hadisələr baş verir və bu hadisələrin bəziləri insanların həyat və sağlamlığına zərər vurmaqla ciddi maddi itkilər törədə bilir. Belə hallarla rastlaşdıqda daha etibarlı gələcək üçün sığorta agent­liyi tərəfindən həyata keçirilən fərdi qəza sığortasının hər kəs üçün əhəmiyyətli olduğunu deyə bilərik.

Cəmiyyət getdikcə müasirləşsə də, insan sağlamlığının və əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən qəfil, gözlənilməz bədbəxt hadisələrə həmişə, hər yerdə rast gəlinmə ehtimalı qalmaqdadır. Fərdi qəza sığorta hadisəsi hesab olunan belə hadisələr zamanı sığorta olunduqda sığortaçı tərəfindən ona ödənilən ödənişlər dəymiş zərərin aradan qaldırılması üçün istifadə oluna bilər. İnsana fiziki, kimyəvi, texniki xarakterli təsadüfi hadisələrdən dəymiş zərərlərin əvəzini məhz bu yolla ödəmək mümkündür. Belə ki, insanın cansağlığının və əmək qabiliyyətinin itirilməsi ilə müşayiət olunan qəfil yanğın, partlayış, donma, suda boğulma, elektrik cərəyanı, ildırım, günvurma, vəhşi heyvanların hücumu, tənəffüs yollarına yad əşyanın düşməsi, zəhərli bitkilərdən kəskin zəhərlənmə, eləcə də maşın, mexanizm və alətlərdən istifadə zamanı ona dəymiş zərərə görə sığortalı vətəndaşın özü və ya ailəsi sığorta müqaviləsində göstərilmiş məbləğdə sığorta ödənişi ilə təmin olunur.
Qeyd etdiyimiz kimi, fərdi qəza sığortası tərəflər arasında razılaşdırılmış sığorta müqaviləsi bağlanılmaqla həyata keçirilir. Bu müqaviləyə əsasən, sığortalı şəxsin ödədiyi razılaşdırılmış sığortahaqqı müqabilində sığorta hadisəsi baş verdiyi zaman həmin müqavilədə göstərilən sığorta məbləğinin sığortaçı tərəfindən faydalanan şəxsə, yəni sığortaolunana və ya sığortaolunan bədbəxt hadisə nəticəsində vəfat etdiyi hallarda isə övladlarına verilməsi nəzərdə tutulur.
Fərdi qəza sığorta növü üzrə müqavilə bağlanarkən sığortalı şəxsin ödədiyi sığortahaqqı razılaşdırılmış sığorta məbləğinə və sığortaolunanın peşəsi və məşğuliyyəti nəzərə alınmaqla müəyyənləşdirilən tarif dərəcəsinin sığorta məbləğinə nisbətdə hesablanmış pul məbləğidir. Başqa sözlə, fərdi qəza sığortası üzrə tarif dərəcəsi risklərin səviyyəsindən asılı olaraq, 0,5 faizdən 2 faizədək məbləğdə müəyyənləşdirilir. Məsələn, aşağı risk dərəcəsində min manat dəyərində sığorta məbləği üçün 0,5 faiz tarif dərəcəsi ilə 5 manat sığortahaqqı ödəməklə müqavilə bağlamaq mümkündür. Beş min manatlıq sığorta məbləği üçün isə müqavilə bağlandıqda 0,5 faiz tarif dərəcəsi ilə 25 manat sığortahaqqı ödənilməlidir. Nisbətən yüksək risk səviyyəsi mövcud olduqda isə min manatlıq sığorta məbləği üçün 1 faiz tarif dərəcəsi ilə 10 manat sığortahaqqı, beş min manatlıq sığorta məbləği üçün isə 50 manat sığortahaqqı ödənilməklə müqavilə bağlanılır.
Müasir cəmiyyətimizə xas olan fəal həyat tərzi və işgüzarlıq insanların texnikadan və nəqliyyat vasitələrindən daha çox istifadə etməsinə, bu da, öz növbəsində, gözlənilməz qəfil qəza hadisələrinin də rastgəlmə ehtimalının artmasına səbəb olur. Belə gözlənilməz bədbəxt hadisələrdən vaxtında sığortalanmaq isə insanların çıxılmaz vəziyyətdən, maddi zərərlərdən xilas olunmasına çox kömək edir.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR