Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzinin yaradılması əmək bazarında ixtisaslı kadrlara olan tələbatın ödənilməsində mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar mərkəzdə rəqabətqabiliyyətli ixtisaslar üzrə peşə hazırlığının, xidmət sahələri, habelə əmək bazarının tələbinə uyğun milli və xalq tətbiqi sənəti növləri üzrə peşə kurslarının təşkili, ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə onlara tədris müddəti ərzində əmək bazarının tələbinə uyğun peşə ixtisasları barədə məlumatların verilməsi, sosial müdafiəyə ehtiyacı olanların, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial reabilitasiyası məqsədilə peşə kurslarının təşkili sahəsində ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində Məşğulluq Xidməti orqanları tərəfindən göndərilən işaxtaran vətəndaşlar əmək bazarının tələbinə uyğun peşələrə yiyələnir, onların ixtisaslarının artırılması, eyni zamanda fərdi məşğulluğunun təmin edilməsi, həmçinin müxtəlif idarə, müəssisə və təşkilatlara ixtisaslı kadrların hazırlanması məqsədilə müqavilə bağlanaraq peşə hazırlığı kursları təşkil olunur. Peşə hazırlığının səmərəliliyini yüksəltmək üçün müəssisələrin hansı peşələrə daha çox ehtiyaclarının olduğunu müəyyənləşdirmək məqsədilə sorğular keçirilir. Sorğuların nəticəsi olaraq ixtisaslı kadrlara olan tələbat nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kursların təşkili diqqət mərkəzində saxlanılır.
Peşə kurslarının təşkilində müdavimlərin seçilməsi, qruplaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Belə ki, işaxtaranların yeni peşələrə yiyələnmələri üçün onların əvvəlki peşə, ixtisas və iş təcrübəsi, peşə meyilləri, bacarıq və vərdişləri nəzərə alınır.
Naxçıvan Regional Peşə Tədris Mərkəzi fəaliyyətə başladığı 2009-cu ilin aprel ayından 1 may 2015-ci il tarixədək 133 peşə hazırlıq kursu üzrə 1814 nəfərə müvafiq peşə təhsili verib.
Peşə təhsili alanlardan 771 nəfərini qadınlar, 1442 nəfərini gənclər, 130 nəfərini isə sağlamlıq imkanları məhdud vətəndaşlar təşkil edir. Kursları müvəffəqiyyətlə başa vuran müdavimlərin öz peşə sahələri üzrə münasib işlə təmin olunması da diqqət mərkəzində saxlanılır.
Muxtar respublika sakinlərinə göstərilən məişət xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə bərbər, qadın bərbəri, ofisiant, aşpaz köməkçisi, dərzi, kənd təsərrüfatı, energetika, qaz təsərrüfatı və rabitə sahələrinin ixtisaslı kadrlara olan tələbatını təmin etmək məqsədilə traktorçu-maşınçı, elektrik montyoru, kabel lehimləyicisi və elektrik montyoru, qaz təsərrüfatının istismarı və təmiri üzrə nəzarətçi-çilingər, müasir avadanlıqlarla təmin olunan inzibati və yaşayış binalarının qazanxanalarını ixtisaslı peşə sahibləri ilə təmin etmək üçün qazanxana maşinisti, həmçinin muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışan kadrların təcrübə və peşəkarlıqlarının artırılması məqsədilə fotoqraf, videooperator, kinooperator, televiziya rejissorluğu, teleaparıcı peşəsi üzrə kurslar təşkil olunub.
Muxtar respublikada milli dəyərlərimizin qorunması və yaşadılmasına böyük diqqət və qayğı göstərilir. Xalq sənətkarlığı nümunələrinin incəliklərini öyrənmək və yaşatmaq məqsədilə toxucu, xalçaçı, keçəçi, qalayçı, misgər və ağac üzərində oyma peşələri üzrə kursların təşkil edilməsi qeyd olunanların əyani ifadəsidir.
Muxtar respublikaya qədəm qoyan hər bir turistə peşəkar xidmət göstərmək məqsədilə mərkəzdə bələdçi, cəzaçəkmə müəssisələrindən azad edilən şəxslərin sosial reabilitasiyası üçün Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində misgər və kompüter istifadəçisi peşələri üzrə hazırlıq kursları öz bəhrələrini verib.
Mərkəzdə müdavimlərin zəruri biliklərə yiyələnmələri üçün bütün şərait yaradılıb. Müdavimlər mərkəzdəki elektron lövhə, internet, kompüter sinifləri, emalatxanalar vasitəsilə peşə sirlərini öyrənir, təcrübə məşğələləri ilə bilik və vərdişlərini zənginləşdirirlər. Burada müdavimlər üçün kitabxana, yataqxana, yeməkxana da fəaliyyət göstərir. Muxtar respublikanın rayonlarından gələn müdavimlər yataqxanada qeydiyata alınır, gündə 3 dəfə yeməklə təmin olunurlar.
Arzu Abdullayev