Dünən 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar olaraq Uzunoba Su Anbarının ətrafında tələbə-gənclərin iştirakı ilə aksiya keçirildi. Aksiya zamanı gənclərə bukletlər paylandı. Gənclər sözügedən anbarın ətrafındakı yaşıllıqlara aqrotexniki qulluq göstərdi, ərazini məişət tullantılarından təmizlədilər.
Aksiya iştirakçılarından Naxçıvan Musiqi Kollecinin IV kurs tələbəsi Mirtoğrul Seyidzadə bizimlə söhbətdə bildirdi ki, tədbir zamanı onlara aksiyanın təşkilatçısı olan qurumların nümayəndələri tərəfindən ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması ilə bağlı məlumat verilib, gənclərin bu sahədə rolundan söhbət açılıb. Sözsüz ki, belə tədbirlər gənclərin ətraf mühitin mühafizəsinə münasibətini köklü surətdə dəyişir, onların diqqətini ekoloji problemlərin həllinə yönəldir. Buna görə tədbirin təşkilatçılarına minnətdardırlar.
Digər bir aksiya iştirakçısı, Naxçıvan Musiqi Kollecinin I kurs tələbəsi Türkanə Hümbətova ilə söhbət zamanı o, bu tədbirin muxtar respublikada ətraf mühitin mühafizəsinə verilən önəmi bir daha ortaya qoyduğunu dedi. Həmsöhbətimiz qeyd etdi ki, muxtar respublikada ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Muxtar respublikamızda bu gün ekoloji məsələlərə xüsusi diqqət yetirilməsi, həyata keçirilən tədbirlər, son illərdə doğma diyarımızın yaşıl örtüyə bürünməsi nümunə gücündədir. Yaxşı başa düşürük ki, görülən bütün işlər muxtar respublika sakinlərinin sağlamlığının və milli genofondumuzun qorunmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əməkdaşı Qabil Vəliyev bu qəbildən tədbirlərin gənclərin ətraf mühitin mühafizəsi ilə bağlı məlumatını artırdığını deyərək qeyd etdi ki, belə tədbirlər gəncləri bərk tullantıların idarə olunması, meşələrin salınması, ağac əkilməsi işlərində də yaxından iştiraka həvəsləndirir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Canməmməd Canməmmədov isə təbiətin mühafizəsinin gücləndirilməsində tələbə-gənclərin üzərinə böyük vəzifələr düşdüyünü dedi. Müsahibim bildirdi ki, gənclərdə ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi, onların ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ətraf mühitin mühafizəsinə cəlb olunması günün tələbidir.
Təmizlik aksiyasını Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi birgə təşkil etmişdi.
Səbuhi Hüseynov