Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın uğurlu icrası işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır. Proqramda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində görülən işlər muxtar respublika sakinləri tərəfindən insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı kimi dəyərləndirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, cari ilin ötən 5 ayı ərzində xidmət tərəfindən 1484 nəfər işaxtaran qeydiyyata alınıb, onlardan 1156 nəfər işlə təmin olunub, 176 nəfər peşə hazırlığı kurslarına cəlb edilib, 70 nəfər haqqıödənilən ictimai işlərə, 21 nəfər isə kvota yerlərinə göndərilib.
Xəbərlər şöbəsi