22 Dekabr 2024, Bazar

“Cahan Holdinq” Şirkətlər İttifaqı ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, xidmət sahələrinin yaradılmasına da nail olub. 2011-ci ilin oktyabr ayında istifadəyə verilən “Cahan” Alış-Veriş Mərkəzində (AVM) alıcılara nümunəvi xidmət göstərilir. Ümumi sahəsi 10 min kvadratmetr olan alış-veriş mərkəzində Almaniya, Yaponiya, Cənubi Koreya və Türkiyə istehsalı olan texniki avadanlıqlar quraşdırılıb.

“Cahan” Alış-Veriş Mərkəzində 21 bölmədə müxtəlif çeşiddə, yəni bir binanın inşa olunmasından ev əşyaları ilə təminatınadək mal və materialların topdan və pərakəndə satışı həyata keçirilir, mallar isə orta qiymətdən 10-20 faiz ucuz satılır. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Türkiyə, İtaliya, Yaponiya və Cənubi Koreya istehsalı olan məhsullar da satılır. Alış-veriş mərkəzində bütün növ tikinti materiallarının vahid bir mərkəzdən satışı təşkil olunub. Mərkəzdə müştəri xidməti və satışdan sonrakı xidmət sistemi müasir standartlara uyğun qurulub. Belə ki, burada çalışan əsas xidmət heyəti Türkiyə Respublikası və Birləşmiş Ərəb Əmirliklərində kurs keçib.

“Cahan” Alış-Veriş Mərkəzində idarəetmə, satışın təşkili, mal təminatı, mühasibat sistemi bu sahədə dünyada şəbəkə şəklində fəaliyyət göstərən böyük firmaların iş təcrübəsi öyrənilməklə həyata keçirilir. Müəssisənin Bakı şəhərində, Türkiyə Respublikasında, Çin Xalq Respublikasında, Birləşmiş Ərəb Əmirliklərində nümayəndəlikləri fəaliyyət göstərir və “Cahan” AVM-in satın­alma bölməsinin sifarişləri əsasında mal tədarük olunur.
Alış-veriş mərkəzi fəaliyyətə başladığı 2011-ci ilin oktyabr ayından ötən dövr ərzində üç dəfə uduş kampaniyası keçirilib. Birinci və ikinci dəfə keçirilən uduş kampaniyasının hər birinə 1, üçüncü dəfə keçirilən uduş kampaniyasına isə 2 avtomobil çıxarılıb. Bu kampaniyalar zamanı 2 ədəd “OPEL”, 2 ədəd “NAZ-Lifan” markalı avtomobil və 100-dən çox bahalı hədiyyələr udulub.
Müəssisə dünyada tanınmış şirkət və firmalarla əlaqələr quraraq mənşə sertifikatı olan daha keyfiyyətli mal və materialların muxtar respublikamıza idxal olunması üçün mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərir. Hazırda alış-veriş mərkəzi dünyanın 42 şirkət və firmasının Naxçıvan Muxtar Respublikasında daimi satış nümayəndəsi və ya satış təmsilçisidir. Alış-veriş mərkəzində marketinq işi günün tələbləri səviyyəsində qurulub. Daxili bazarın tələbatı öyrənilməklə hər hansı bir malın sifarişi vaxtında verilir və alınan malların keyfiyyət göstəriciləri nəzərə alınmaqla dünya bazarında tanınmış şirkətlərdən idxal olunur. Yəni xarici ölkə və yerli istehsal mallarının satışı alıcı­ların arzularına və istəklərinə uyğun seçim etməyə imkan verir. Yüksək keyfiyyəti ilə seçilən bu məhsullar beynəlxalq standartlara tam uyğundur. Təkcə bir faktı qeyd edək ki, elektron avadanlıqlar Cənubi Koreyanın “Samsunq”, “Soni”, mebellər Türkiyənin “Mondi”, “Melinos”, “İstiqbal”, xalçalar “Gümüş suyu”, ev əşyaları “Emsan”, “Arzum”, inşaat materiallarından metlax və kafellər “Çanaqqala Seramik”, “Uşaq seramik” firmalarından alınıb gətirilir. Alış-veriş mərkəzi fəaliyyətə başlayan zaman muxtar respublikamızda 2-3 növdə metlax və kafel satışa çıxarılırdısa, hazırda burada 70-ə yaxın çeşiddə metlax və kafel alıcılara təqdim olunur. Satışa çıxarılan metlax və kafellərin hər kvadratmetrinin qiyməti 5 manatdan 12 manata qədər dəyişir. Yəni ticarət mərkəzində hər bir vətəndaş üçün ailə büdcəsinə uyğun mal və material seçmək imkanı mövcuddur.
Alış-veriş mərkəzində POS-terminallar quraşdırılıb, alınan mal və materialların pulunun ödənilməsi plastik kartlar, nağd ödəmələr isə nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilir. Ötən dövr ərzində münasib qiymət, yüksək keyfiyyət prinsipi ilə işləyən “Cahan” AVM kifayət qədər alıcı cəlb etməklə muxtar respublikamızda ən böyük vergi ödəyicilərindən birinə çevrilib. Həmçinin “Cahan” Alış-Veriş Mərkəzinin bütün bölmələrində 100 AZN-dən yuxarı alış-veriş edən hər bir müştəriyə “Cahan” AVM-in bonus xüsusi plastik kartı verilir. Sonrakı mərhələdə məbləğindən asılı olmayaraq, alınan malın qiymətinin 2,5 faizi bonus olaraq həmin kartın hesabına köçürülür. Bu hesaba köçürülmüş məbləğdən istənilən vaxt pulsuz olaraq mal almaq mümkündür.
Dünya təcrübəsindən istifadə etməklə nümunəvi xidmət göstərilən “Cahan” AVM-in maddi-texniki bazası ildən-ilə daha da möhkəmləndirilir. Ötən il yeni Əyləncə və İstirahət Mərkəzi istifadəyə verilib. Mərkəz 38 min kvadratmetr sahədə yaradılıb. Mərkəzdə istirahət edənlərə nümunəvi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb, burada ikimərtəbəli bina inşa edilib. Binanın birinci mərtəbəsində geyim mağazası, 2 kafe və sahəsi 1230 kvadrat­metr olan örtülü oyun salonu vardır.
Binanın ikinci mərtəbəsindəki mebel dəstlərinin satış bölməsində xarici ölkə və yerli istehsal məhsullarının satışı həyata keçirilir. Çeşid bolluğu alıcıların arzularına və istəklərinə uyğun səmərəli seçim etməyə imkan verir.
Əyləncə və İstirahət Mərkəzinin həyətində 33 metr hündürlüyündə, 24 kabinəli, 144 yerlik karusel, 8 yerlik 120 dərəcəli yelləncək, 32 yerlik uşaq maşını, qatar və uşaqlar üçün nəzərdə tutulmuş 4 idman qurğusu vardır. Mərkəzin həyətində böyüklərin istirahəti üçün 1 kafe fəaliyyət göstərir. “Cahan” AVM-in ərazisində “Arena” paintball klubu yaradılıb, oyunda istifadə edilən xüsusi geyimlər və silahların saxlanılması üçün ayrı-ayrı otaqlar istifadəyə verilib, oyunun keçirilməsi üçün geniş bir ərazidə oyunun şərtlərinə uyğun qurğular quraşdırılıb. Kollektiv muxtar respublika sakinlərinin və şəhərimizə gələn qonaqların istirahəti üçün yaradılan şəraitdən səmərəli istifadə etməyə çalışır, vaxt­aşırı olaraq tanınmış müğənnilər dəvət etməklə konsert proqramları təşkil edir. Bu günlərdə “Cahan Holdinq” Şirkətlər İttifaqının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq Naxçıvana gələn Avrasiya sirkinin çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Ötən il “Cahan” AVM-də yenidən­qurma işləri aparılıb, ərzaq məhsullarının və gündəlik tələbat mallarının satışı həyata keçirilən yeni xidmət sahəsi, çörək və Şərq şirniyyatları istehsalı sahəsi yaradılıb. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan məhsullar da satışa çıxarılır. Hazırda ticarət mərkəzində fəaliyyət göstərən çörək və Şərq şirniyyatları sexinin məhsullarına böyük alıcı tələbatı vardır. Eyni zamanda cari ildə fəaliyyətə başlayan yeni bağça bölümündə taxtadan hazır­lanmış 1 və 2 otaqlı binalar, villa və istirahət yerləri üçün avadanlıqlar, həyətyanı sahələri bəzəyən müxtəlif güllər və dekorativ bəzəklər satışa çıxarılır.
Mərkəzin inşaat materiallarının satışı binasında bütün növ tikinti materiallarının topdan və pərakəndə satışı təşkil olunub, anbar istifadəyə verilib. Burada 35 min addan çox məhsulun satışa çıxarılması mənzil təmiri, ev tikintisi və inşaat işləri zamanı alıcılara geniş seçim imkanı yaradır.
Müasir görkəmi və memarlıq üslubu ilə seçilən alış-veriş mərkəzi əhalinin məşğulluğunun təmin olunmasına da öz töhfəsini verib. Hazır­da “Cahan” AVM-də 310 nəfər çalışır ki, onlar da yüksək əməkhaqqı və gediş-gəliş üçün servis xidməti ilə təmin olunurlar.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR