Qədim Naxçıvanın yurd yerləri arasında Şərur elinin şöhrəti çox uzaqlara yayılıb. Tarixin minillik qatlarından süzülüb gələn Vətən sevgisinin təəssübü bu torpaqlara bağlanmış şərurluların xoşbəxt günlərinin sorağı ilə bu yurda ayaq basan hər müsafir bir anda özünü müasir intibahın qucağında hiss edir. Bir-birinə qol-qanad vermiş kimi sıx Şərur kəndlərinin növrağını bəzəyən yeni həyat quruculuğu bu yerlərin sakinlərinin arzularının aynası kimi doğma Arazın köksündən bərq vurur.
Belə bir gözəl yaz günündə əhalisinin sayına görə Şərur rayonunun böyük yaşayış məntəqələrindən biri olan Dəmirçi kəndinə üz tutduq. “Şəhərləşən kəndlərimiz” rubrikasında Dəmirçinin ümumi mənzərəsini, onun sosial həyatını, bu kəndin gələcəyin qəsəbə və şəhəri olmaq yönündə inkişafını oxuculara çatdırmaq üçün ilin də əlverişli zamanı idi. Hər zaman işgüzarlığı ilə seçilən Dəmirçidə həmin gün də həyat qaynayırdı.
Naxçıvan-Sədərək magistral yolunun 65-ci kilometrində, rayon mərkəzi Şərur şəhərindən 14 kilometr məsafədə yerləşən Dəmirçi ilə tanışlıq onun adından başlanır. Adının türkdilli tayfalarla bağlandığı ehtimal olunan bu kəndin bilinən tarixi qədimdir. Kənddə XVI əsrə aid olduğu güman edilən pir, arxeoloji qazıntılar nəticəsində tapılmış maddi-mədəniyyət nümunələri kəndin tarixi haqqında tutarlı dəlillər verir. Kənd geniş bir sahəyə malikdir. Dəmirçi kəndinin ərazisi 1264 hektardır. 6 min 200 nəfərə yaxın əhalisi olan Dəmirçidə 900-dən çox ev vardır. Kənd əhalisinin məşğuliyyəti, əsasən, buradakı bərəkətli torpaqların əkilib-becərilməsi ilədir. Dəmirçililər geniş sahələrdə taxıl əkini, üzümçülük və meyvəçiliklə məşğuldurlar. İndi bu kənddə 70 hektardan artıq taxıl sahəsi, 40 hektar sahədə meyvə bağı vardır. Dəmirçidəki fermerlərə məxsus 1800 başdan artıq iribuynuzlu, 7700 başdan artıq xırdabuynuzlu heyvan vardır. Aran kəndi olmasına baxmayaraq, Dəmirçidə 100-ə yaxın arı ailəsi də saxlanılır. Burada camışçılıq da çox fayda verir. Camış südündən hazırlanan ağartı məhsulları hər il muxtar respublikanın paytaxtında və Bakı şəhərindəki yarmarkalarda alıcılara təqdim olunur. Adamların mülkiyyətində olan çox sayda kənd təsərrüfatı texnikası kənd əhalisinin əl əməyini yüngülləşdirməkdə olduqca faydalıdır.
Bütün bunlarla yanaşı, Dəmirçiyə şəhər görkəmi qazandıran, onun əhalisinin sosial-mədəni şəraitini yüksəldən istehsal və sosial infrastruktur obyektləri də vardır. Kənddə iki çörəkbişirmə, iki kərpic istehsalı sahələri fəaliyyət göstərir. Bundan əlavə, Dəmirçidə həyata keçirilmiş quruculuq tədbirləri çərçivəsində yaradılmış xidmət mərkəzi əhalinin sosial ehtiyaclarının ödənilməsində mühüm əhəmiyyət daşıyır. Kənd əhalisinin 250-dən artıq minik avtomobili olsa da, gündə iki dəfə Naxçıvan şəhərinə və beş dəfə Şərur şəhərinə avtobus marşrutu işləyir. Naxçıvan-Sədərək avtomobil yoluna doğru genişlənən kənddə yeni villatipli yaşayış evləri kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsindən xəbər verir.
Təhsil və səhiyyə xidmətləri hər bir yaşayış məntəqəsinin sosial inkişafını müəyyən edən əsas göstəricilərdəndir. Dəmirçidəki tam orta məktəbdə təhsil alan 500-dən artıq şagirdin təlim-tərbiyəsi ilə 80-ə yaxın müəllim-pedaqoq məşğul olur. Ötən tədris ilinin yekunlarına nəzər saldıqda Dəmirçidən məzun olan 50 nəfər gəncdən yalnız 11 nəfərinin ali məktəblərə qəbul olunduğunu və onlardan 500 bal həddini ötən olmamasını da qeyd etmək lazımdır. Halbuki Dəmirçi özünün tanınmış ziyalıları ilə seçilən kəndlərimizdəndir. Moskvada yaşayıb fəaliyyət göstərmiş tibb elmləri doktoru Lətif Əsgərov kimi daha neçə elmlər doktorları və fəlsəfə doktorları bu kəndin yetirmələri olmuşlar. Dövlətimizin kənd yaşayış məntəqələrinin abadlaşdırılması üçün gördüyü nəhəng quruculuq tədbirləri kəndlərimizin simasını sürətlə dəyişdiyi kimi, təhsildə də göstərilən nəticələr şəhər məktəblərindən geri qalmamalıdır. Dövrün tələbi belədir.
2013-cü ilin sentyabrında istifadəyə verilmiş kənd və xidmət mərkəzləri, orta məktəb, həkim ambulatoriyası və digər obyektlər Dəmirçinin simasına şəhər ovqatı bəxş edən müasir binalardır. Kənddaxili yolların asfaltlanması sakinlərin və kəndə gələn qonaqların rahatlığı üçündür. Aralıq kəndindən çəkilmiş içməli su xətti isə kənddəki subartezian quyuları ilə birlikdə əhalinin yüz faiz təmiz su ilə təmin olunmasına imkan verir. Dəmirçidə əhalinin sağlamlığının keşiyində duran iki həkim və ona yaxın orta tibb işçisi onlara həvalə olunmuş vəzifənin öhdəsindən layiqincə gəlirlər. Bu kənd həm də uzunömürlüləri ilə tanınır. Öyrəndik ki, Dəmirçidə yaşı doxsandan yuxarı olan 5 nəfər yaşayır.
Muxtar respublikamızda bir-birindən maraqlı tarixçəyə və inkişaf xüsusiyyətlərinə malik olan yaşayış məntəqələri çoxdur. Əhalisi sürətlə artan, qəsəbə və şəhər olmaq yolunda inamla irəliləyən bir sıra iri kənd yaşayış məntəqələrimiz vardır ki, onlardan da biri olan Dəmirçi kəndi ilə tanışlığımızın təəssüratlarını oxucularımızla bölüşdük.
Dəmirçi özünün ziyalıları, Vətənin müdafiəsində canından keçmiş şəhidləri, sadə, zəhmətkeş insanları ilə tanınmış bir kənddir. Onu ona yaraşan müasirliyə qovuşdurub, xoşbəxt həyat bəxş edən intibah isə Dəmirçini daha parlaq gələcəyə səsləyir.
Əli Cabbarov