Son 20 ildə muxtar respublikamızda yaşıllıq sahələrinin həcminin bir neçə dəfə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi muxtar respublikanın hər bir guşəsində keçirilən və naxçıvanlıların vətəndaşlıq borcuna çevrilən iməciliklər nəticəsində mümkün olmuşdur. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyəti getdikcə yüksəlir. Son illər iməciliklər yolu ilə xeyli meyvə bağları, yaşıllıq zolaqları salınmışdır.
Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilməkdədir.
Mayın 30-da muxtar respublikanın şəhər və rayonlarında keçirilən iməciliklərdə, ümumilikdə, 24 min 510 nəfər iştirak etmişdir.
Həmin gün Naxçıvan şəhərinin sakinləri Babək rayonunun Şıxmahmud kəndi yaxınlığındakı yaşıllıq sahəsinə, müəssisə və təşkilatların ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Şərurlular Dəmirçi və Maxta kəndləri ərazilərindəki, babəklilər rayon Mədəniyyət Evinin ətrafındakı, müəssisə və təşkilatların ərazilərindəki, ordubadlılar Naxçıvan-Ordubad magistral yolunun Aşağı Əylis kəndi ərazisindəki və rayon Mərkəzi Xəstəxanasının həyətindəki yaşıllıqlarda çalışmış, culfalılar Naxçıvan-Ordubad magistral yolunun kənarlarındakı yaşıllıqlara aqrotexniki qulluq göstərmiş və Bayraq Meydanının ərazisində 17 həmişəyaşıl ağac əkmişlər.
Kəngərli sakinləri Naxçıvan-Sədərək magistral yolunun Böyükdüz kəndi ərazisində 600 ədəd meyvə ağacı, şahbuzlular Naxçıvan-Batabat magistral yolunun Sələsüz kəndi ərazisində 100 ədəd həmişəyaşıl ağac, Şahbuz şəhərində yeni tikilən uşaq bağçasının həyətinə və şəhərdəki yaşıllıqlara 470 ədəd gül kolu əkmişlər.
Sədərək rayonunun sakinləri Qaraağac kəndinin ərazisindəki və Sədərək kənd 2 nömrəli tam orta məktəbin həyətindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, Heydərabad qəsəbəsindəki park və xiyabanlarda 5 min ədəd gül kolu əkmişlər. Ümumilikdə, iməcilik günü 6 min 187 ədəd ağac, gül və bəzək kolları əkilmişdir.
Həmin gün muxtar respublikanın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik və abadlıq işləri aparılmışdır.
Xəbərlər şöbəsi