Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların, o cümlədən gənclərin və məhdud fiziki imkanlı şəxslərin əmək bazarına inteqrasiyasına, onların sosial rifahının yüksəlməsinə imkanlar yaradıb.
Cari ilin dörd ayı ərzində gənclərin və məhdud fiziki imkanlı şəxslərin məşğulluğu, onların peşə kurslarına cəlb edilməsi, müəssisələrdə müəyyən edilən kvota yerlərinə işə göndərilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqət mərkəzində saxlanılıb, məhdud fiziki imkanlı və hərbi xidmətini başa vuran 61 nəfər müvafiq işlə təmin edilib, 77 nəfər isə peşə kurslarına cəlb olunub.
Dövlət proqramının sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi bəndinin icrasına uyğun olaraq, mayın 26-da Şərur rayonunun Çərçiboğan və Yuxarı Daşarx kənd sakinləri – məhdud fiziki imkanlı Emin Məmmədovun və hərbi xidmətdən tərxis olunan Bəhlul Məmmədovun, Culfa rayonunun Bənəniyar kənd sakini, məhdud fiziki imkanlı İbrahim Həsənovun hər birinə bir baş heyvan (inək balası ilə birlikdə) verilib. Güzəştli şərtlərlə verilən inəklərin dəyəri 30 ay müddətində geri qaytarılacaq.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti