22 Dekabr 2024, Bazar

2015-ci il Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib. Bu il tarixən formalaşan təsərrüfatçılıq ənənələrinin inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. Ənənəvi əkinçilik təsərrüfatı, xüsusən taxılçılıqla bağlı əkinçilik ənənələrinə aid yazı hazırlamaq qərarına gəldik.

Qədim Naxçıvanımız taxılçılıq ənənələrinin yarandığı ilk ərazilərimizdən biri olmuşdur. Arxeoloji materiallara söykənərək demək olar ki, Naxçıvanda hələ 8-9 min il bundan əvvəl əkinçilik mədəniyyəti yaranmış və inkişaf etməyə başlamışdır. Kültəpənin Еnеоlit təbəqəsindən həm yаbаnı, həm də mədəni tахıl dənlərinin tаpılmаsı Nахçıvаnın Cənubi Qаfqаzdа dənli bitkilərin bеcərildiyi ilk оcаqlаrdаn biri оlduğunu göstərir.

Əkinçiliklə bağlı təqvim adətlərinin, inamların və mərasimlərin başlanğıcı Novruz bayramından hesab olunur. Toplanmış etnoqrafik çöl materiallarından aydın olur ki, xalqımız əkinə (yazlıq) çıxmaq üçün hazırlıq işlərinə kiçik çillədən başlayırmış. Əkin üçün lazım olan alətlər itilənib hazırlanar, qoşquya qoşulacaq heyvanlar xüsusi bəslənərmiş. Əkiləcək məhsulların toxumları çeşidlənib seçilərmiş. Ömrünü torpağa bağlayan əkinçilər səpin üçün ayrılmış toxumu yeməz, onu müqəddəs hesab edərmişlər. Səpiləcək toxum haram olmamalı idi, çünki “torpaq haram götürməz” inancı yaz əkininin əsas şərtlərindən imiş.
Novruz bayramından sonra xalq əkin sahəsinə çıxırdı. Xalq deyiminə görə, “karnabıd” (qarın soyuğuna deyirlər) bitməmiş əkinə çıxmazlar. Novruz bayramından sonrakı 15 gün əkinçi üçün qorxulu hesab edilərmiş. Çünki bu günlərdə güclü boran olar. Xalq arasında da bunu “qarğa boranı”, yaxud “çalağanın yumurtasının çatlayan dövrü” adlandırarmışlar. Belə bir el deyimi də var ki, çalağanın yumurtası çatlamayınca istilər düşməz. Əgər bu dövr bitməmiş yazlıq toxum (arpa, buğda) səpilsə, onu soyuq alar.
Elə ki bu dövr başa çatdı, sonra taxıl əkini üçün şuma çıxardılar. Şuma çıxanda deyərdilər ki, artıq torpaq keşdəndi (bəzən “çeşdəndi” də deyirlər), əkinə çıxmağın vaxtıdır. Topladığımız materiallara görə, torpağın keşə gəlməsini bilmək üçün torpağı ələ alıb sıxar, sonra yerə salardılar. Əgər torpaq dağılsa, deyərlər, “artıq yetişib”. Digər müşahidələrə görə, Culfa bölgəsində İlanlı, Cəhriçay hövzəsində Qaraquş, Şahbuz bölgəsinin bəzi kəndlərində, Ordubad bölgəsinin bəzi yerlərində və Kəmki dağının başında qar varsa, əkinə çıxsan, taxıl dən bağlayar, yox əgər qar əriyibsə, dən olmaz, ot olar. Başqa bir müşahidəyə görə isə xalq arasında qara ot kimi tanınan bitki çiçək açandan sonra o yerdə torpağa toxum səpməzlər, demək, artıq əkinin vaxtı keçib. Xalq arasında bu gün də belə bir deyim var ki, yazdan bir gün itirən, yaydan bir ay, payızdan isə bir il itirər və yaxud yaz bir tərlan quşdur, onu tutdun, xeyrini görərsən, tutmadın, uçub gedər.
Onu da qeyd edək ki, Naxçıvanda şuma, əkinə çıxmaq bölgələr üzrə, yəni dağlıq və aran zonalar üzrə fərqlənir. Dağ və dağətəyi zonada taxılçılıq və bağçılıq, dağətəyi və düzənlik zonada isə taxılçılıq, bostan və tərəvəzçilik, üzüm və bağçılıq daha intensiv inkişaf etdirilmişdir. Əkinçilik dağlıq zonada dəmyəyə, dağətəyi və düzənlik zonada isə süni suvarmaya əsaslanmışdır. Bölgənin düzən ərazilərində, əsasən, taxılçılıqda payız əkini, dağ və dağətəyi ərazilərdə isə yazlıq əkin daha geniş yayılmışdır. Onu da qeyd edək ki, dağ və dağətəyi ərazilərdə aparılan şumu arandakına nisbətən dayaz (yəni üzdən) edərlər. Bu da onunla əlaqədardır ki, bu zonalarda şeh arana nisbətən çox olduğundan şumu dayaz edərlər ki, Günəş şüası toxuma təsir eləsin. Həm də nəmişlik çox olarsa, toxum tez çürüyər. Aran zonasında isə şumu nisbətən dərin edərlər ki, səpindən sonra Günəş şüası toxumu qurutmasın, həm də toxum torpaqdan nəm çəkə bilsin.
Şumaçıxmanı əkinçilər bayram kimi qeyd edərdilər. Xalq arasında bu, “Şum bayramı” adlandırılmışdır. Şum bayramında başda ağsaqqal, mötəbər adamlar olmaqla əkinçilər əkin yerinə gedərdilər. Şum bayramında hamı bir-birindən fərqlənməyə çalışardı; birinci olub nəmər, mükafat almaq başucalığı gətirərdi. Bayram şənliyini təşkil etmək və kənd əhalisini bir yerə toplamaq məqsədilə kəndə yaxın olan əkin sahələrindən biri bayram mərasimi üçün mərkəz seçilərdi. Kənddən bir nəfər yaxşı və bacarıqlı əkinçi “bayramın sahibi” olardı. İlk şuma çıxanda plov, hədik bişirib əkin sahəsinə aparıb yeyər, qalanını torpağa səpərdilər. Qoyulan hədik səpiləcək toxumdan bişirilirdi ki, məhsul bol olsun. Bolluq, bərəkət, artıb-çoxalmaq simvolu olaraq kotana qoşulan öküzlərin başına yumurta vurardılar. Qızlar səməni göyərdib əkin sahəsinə çıxardılar. Oxşar inama görə, məhsulun bol olması üçün səpiləcək toxum sahəyə aparılarkən içərisinə nar qoyulardı. Çünki nar keçmişdə bolluq, artıb-çoxalma rəmzi hesab olunmuşdur. Şum işinə ilk dəfə “əl-ayağı uğurlu” insanlar başlayardılar. Və torpağın şumlanması xışla həyata keçilərdi.
Elə ki şum qurtardı, yubanmadan səpin işinə başlayardılar. İnama görə, hansı il qaranquş tez gələrsə, həmin il taxıl bol olar. Yaşlıların verdiyi məlumata görə, əhali yeni ilin necə olacağını göyərçinlə də bilərmiş. Belə ki, xalq inanarmış ki, göyərçin dəstəsi birinci dəfə əkin, şum sahəsinə enərsə, bu hal ilin məhsuldar, bolluq olacağına, əkilməmiş yerə qonarsa, quraqlıq olacağına işarədir. Səpin vaxtı yerə duman enərdisə, bu, əkinin tez göyərəcəyinə işarədir. Yaz dumanı ruzi, bərəkət hesab olunurdu. Ona görə də “Yaz dumanı bar gətirər”, – demişlər əkinçi babalarımız.
Əkinçilik adətlərimizə görə, torpağın əkilməsinin (taxıl) iki qaydası vardır. Birinci “səp suvar”, ikinci “suvar səpmək”dir ki, buna da “nov” deyərlər. Bundan başqa, torpağın suvarılıb sonra əkilməsinə həm də “arat əkinçiliyi” deyirlər. Əkin yerini qabaqcadan suvaranda əkin “keşə” gələr ki, bu, məhsulun bol olmasına kömək edər. Yazlıq əkini “səp suvar” sistemi ilə aparılardı. Çünki həmin dövrdə torpaq nəm olur. Naxçıvan bölgəsinin dağ kəndlərində taxıl əkinləri suvarılmaz, çünki əkinçilərin dediyinə görə, “əkin şehlə yetişər”. Belə əkin sahələri “demyə”, “demistan” adlanır.
Qeyd edək ki, taxılçılıqda payızlıq əkin daha geniş yayılmışdır. Çünki yazlıq əkin həmişə bol məhsul vermirdi. Əkin sahəsinə toxum iki dəfə səpilir, bu, “ikiüzlü səpin” adlanır. Ağsaqqallarımız toxum səpən kimsəyə həmişə məsləhət edərdilər ki, səpin zamanı toxumu arxalı at, yəni sıx at ki, quşların, həşəratların da payı çıxılsın, məhsul yaxşı olsun. Səpin qurtardıqdan sonra səpinçi ovcunu toxumla (buğda, arpa) doldurub onu “quşların, yetimlərin payına” deyib əkin yerinə səpər. Toxum səpilib qurtardıqdan sonra torpağı malalayarlar. Səpin sonrası əkinçilərimiz suvarma işinə başlayarlar.
Suyun əkin üçün nə qədər əhəmiyyətli olduğunu el deyimlərindən də görürük. Məsələn, “göy ağlamayınca, yer gülməz” və yaxud “göy xəsisləşəndə insanlar da xəsisləşər”. Xalq arasında çiskin, narın yağış (xalqımız bu yağışa “babagözüçıxaran” da deyir) bolluq-bərəkət nişanəsidir. Bərəkət, bolluq nişanəsi olan yağışlardan biri də “qumquma” yağışıdır ki, bu inanc Ordubad bölgəsində çöl materialları toplayarkən qeydə alınmışdır.
Xalq arasında belə bir deyim var ki, yazın 40-ı çıxandan sonra əkini suvarmasan, əkin məhsul verməz. El sınamalarına görə, yazdan 40 gün getdi, yağış göydən gur tökülsə də, yenə əkinə su verilməlidir. Yazda armud ağacının çiçəkləməsi və ya payızlıq əkinin öz kökünə kölgə saldığı dövr də yaz suyunun vaxtını bildirir. Topladığımız etnoqrafik çöl materiallarına görə, əkinə üç dəfə su verərdilər. Birinci “torpaq suyu”, ikinci “xəkov suyu”, üçüncü “dənov və ya dən suyu”dur. Culfa bölgəsinin bəzi kəndlərində (Bənəniyar, Saltaq) taxıla verilən üçüncü su “ləngov su” adlanır. Yəni “suyu ləngit ver” mənasında. Ordubad rayonunun Əylis kənd­lərində isə bu suya “gülab” suyu deyilir. Düylün kəndində əkinçilikdə suvarma ilə bağlı belə bir deyim var ki, “xəkovu ötür”, “dənovu yetir”. Yəni üçüncü suyu yaxşı və tez versən, onda heç ikinci suya ehtiyac qalmayacaq. Şərur bölgəsinin bəzi kəndlərində isə ikinci suya “yemlik” suyu deyilir. Torpaq suyu əkinə qaraltma üsulu ilə, yəni yavaş-yavaş, “xəkov” suyu taxılı yandırmaqla (taxıla bir müddət su verilmir, bu, yandırma adlanır) verilirdi. Yuxarıda adlarını çəkdiyimiz sular taxıla müəyyən dövrlərdə verilirdi. Məsələn, “dənov” suyunu buğdanın süddüyən və ya mum dövründə, yəni dən bağlayan vaxtı verərdilər. Onu da qeyd edək ki, taxıl zəmilərini suvarmaq üçün əkin sahəsini moralara bölüb suvarardılar. Suvarılma sistemi, adətən, aşağıdan yuxarıya doğru aparılardı.
Yaz fəslinin sonu, yayın əvvəlləri taxıla son su, “dənov” suyu verilərdi. Etnoqrafik çöl materiallarına görə, əkinçilikdə məhsuldarlığı artırmaq üçün əkin sahələrini bir il kəhriz, növbəti il isə çay, bulaq suyu ilə suvarmaq lazım idi. Suvarmada da xalq təqvimindən geniş istifadə edilmişdir. Məsələn, xalq təcrübəsinə əsaslanaraq əkinçilər “dənov” suyunu əkinə sərin və küləksiz vaxtlarda verərdilər. Gecələr suvarma müddətini isə ayın və bəzi ulduzların çıxıb batması ilə müəyyənləşdirərdilər. Suvarma suyunun vaxtını həm də kölgə ilə ölçərdilər. Ona görə də bir növbə üçün nəzərdə tutulmuş vaxta “bir kölgə” deyilir. Bir kölgə isə səkkiz ayaq ölçüsü hesab olunurdu.
Taxıl əkinçiliyi ilə bağlı ən mühüm işlərdən biri də biçindir. Naxçıvanda aran bölgəsində taxıl biçini dədə-baba deyimi ilə Novruzdan yüz gün keçəndən sonra başlanılırdı. Naxçıvan biçinçiləri biçin işlərini ya mərəndi, ya da oraqla həyata keçirərdilər.
Elə ki biçin başladı, biçinçilər taxılı biçib bafa halında bir yerə yığardılar. Bir bafa biçinçinin 4 əl tutumu sünbülü qədərdir; 4-6 bafa sünbül isə bir dərz adlanır. Dərzləri bəndam eşib bir-birinə bağlayardılar. Sonra dərzlər at, öküz arabalarına yüklənib xırmana daşınardı.
Bu gün bütün bu işlər insan zəkasının nailiyyətləri olan texnika ilə tez və asan formada həyata keçirilir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan kəndlisi bu gün də torpağın dədə-baba dilini, sirrini unutma­mış, minilliyin təcrübəsini qoruyub saxlamışdır.

Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR