22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin səyyar xidmət avtomobili ilə muxtar respublikamızın kənd yaşayış məntəqələrində vətəndaşlara müvafiq xidmətlər göstərilir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi üçün ayrılmış “Hyundai” markalı avtomobildə lazımi avadanlıqların quraşdırılması vətəndaşlara ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, eləcə də ov silahlarının qeydiyyata alınması kimi xidmətlərin göstərilməsinə imkan verir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin səyyar xidmət avtomobilinin növbəti dayanacağı mayın 20-də Şərur rayonunun Sərxanlı kəndi olub.
Nazirliyin əməkdaşı, polis baş leytenantı Seymur Tağıyev bizimlə söhbətində bildirdi ki, indiyədək Şərur rayonunun 19 kəndində belə səyyar xidmət göstərilib, növbəti günlərdə Gümüşlü və Axura kəndlərinin sakinləri bu xidmətdən yararlana biləcəklər. Hazırda burada vətəndaşlara 5 hüquqi növdə xidmət göstərilir. Çalışırıq ki, vətəndaşların müraciətlərini yerlərdə operativ şəkildə cavablandıraq, onların xidmətdən lazımınca yararlanmalarına şərait yaradaq.

Sərxanlı kənd sakini Rəna Mehdiyeva səyyar xidmətə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edib. Deyir ki, xidmət vasitəsilə vəsiqənin çıxarılması üçün lazım olan sənədləri qısa vaxt ərzində yaxınlıqdakı kənd mərkəzində fəaliyyət göstərən inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən əldə edib, eyni zamanda burada təşkil olunan Şərur Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası tərəfindən tibbi arayışla təmin olunub. Həmsöhbətimiz belə xidmətin təşkil olunmasında zəhməti olan hər kəsə minnətdarlığını bildirdi.
Digər kənd sakini Saleh Nəcəfov da sakinlərə göstərilən xidmətdən razılıq etdi: “Əvvəllər şəxsiyyət vəsiqəsi almaq və ya dəyişdirmək üçün rayon mərkəzinə getmək lazım gəlirdi. Bu da vaxt itkisinə səbəb olurdu. Ancaq indi, şükürlər olsun ki, dövlətimiz belə bir şəraiti bizim üçün yaradıbdır. Mənim üçün də sevindiricidir ki, yeni şəxsiyyət vəsiqəsini elə öz kəndimizdə alacağam”.
Səyyar xidmətə müraciət edən digər kənd sakini Tacirə Cəfərova da sevincini bizimlə bölüşdü və dedi ki, şəxsiyyət vəsiqəsini vaxt itirmədən və rahat şəkildə alıb. Müsahibimiz bildirdi ki, xidmətin əməkdaşları vətəndaşları lazımi səviyyədə məlumatlandırır, hər birimizə yaxından kömək göstərməyə çalışırlar. Buna görə də dövlətimizə minnətdarlığımı bildirirəm.
Kəndin icra nümayəndəsinin müavini Elşad Nəcəfov dedi ki, vətəndaşların arayış və sənədlərini qısa bir müddətdə almaları üçün nümayəndəlikdə hərtərəfli şərait yaradılıb. Hər kəs öz işinin öhdəsindən layiqincə gəlir. Artıq kənd sakinləri kənddən kənara çıxmadan, heç bir əziyyət çəkmədən, rahat şəkildə dövlətimiz tərəfindən yaradılmış bu şəraitdən lazımınca yararlanırlar. İcra nümayəndəsinin müavini onu da bildirdi ki, Sərxanlı kəndində təşkil olunmuş xidmətə qonşu Muğancıq-Mehrab və Muğancıq-Müslüm kənd­lərinin sakinləri də müraciətlər edirlər. Ən çox müraciət edənlər yeni şəxsiyyət vəsiqəsi alanlar və yaxud şəxsiyyət vəsiqələrini dəyişdirənlərdir. Öyrənirik ki, saat 12 radələrinədək 12 nəfər şəxsiyyət vəsiqəsi alıb ki, onlardan 4-ü yeni belə vəsiqəsi alandır.
Sonda onu da qeyd etmək istərdik ki, səyyar xidmətin təşkilinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, müasir texnologiyaların tətbiq olunması və vaxt itkisinin qarşısının alınmasıdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR