Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, 1941-1945-ci illər müharibəsi veteranlarının yubileylərinin qeyd edilməsi istiqamətində növbəti tədbir mayın 20-də Babək rayonunun Yarımca kəndində keçirilib. Budəfəki yubilyar 95 yaşlı Rza Rzayev olub.
Görüşdə iştirak edən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova yubilyarı 95 yaşı münasibətilə təbrik ediblər.
Bildirilib ki, 1941-1945-ci illər müharibəsində tarixi qələbənin qazanılmasında yaxından iştirak edən muxtar respublikamızın oğul və qızlarının qəhrəmanlığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir.
Qeyd olunub ki, ölkəmizin dinamik inkişafı əhalinin, o cümlədən sosial qayğıya ehtiyacı olan şəxslərin rahat yaşamalarına təminat verir. 1941-1945-ci illər müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, müharibə əlili və müharibə iştirakçısına hər ay Prezident təqaüdü ödənilir, respublikanın sanatoriya və pansionatlarında müalicə olunmaları üçün onlar göndərişlərlə, ehtiyacı olanlar texniki bərpa vasitələri və protez ortopediya məmulatları ilə təmin olunurlar. Eyni zamanda müharibə veteranlarına və müharibə əlillərinə minik avtomobilləri təqdim edilir. Bütün bunlar müharibə veteranlarının sağlamlıqlarının qorunmasına, həyat səviyyələrinin yüksəlməsinə xidmət edir.
Rza Rzayev yüksək qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti