22 Dekabr 2024, Bazar

Duzdağda müalicə olunub sağlamlığıma qovuşdum

Hörmətli redaksiya!
Mən Bakı şəhərinin Yasamal rayon sakiniyəm. Məktubu yazmaqda məqsədim Naxçıvanda olduğum müddətdə aldığım təəssüratları oxucularla bölüşməkdir.

Bir neçə il əvvəl nəfəs almaqda çətinlik çəkdiyimdən həkimlər mənə Naxçıvana gedib müalicə almağı tövsiyə etdilər. Duzdağ haqqında əvvəllər eşitsəm də, yolun uzaq olması və bir az da nabələdlik səbəbindən bir il gələ bilməyib gözlədim. Ancaq üç il əvvəl ilk dəfə Duzdağ Fizioterapiya Mərkəzində olarkən məndə yaranan xoş təəssüratı indi də unuda bilmirəm. Təbiətin möcüzəsi insan əlinin qüdrəti ilə birləşdikdə nələr yaradıla bilərmiş, burada gördüm. Artıq üçüncü dəfədir ki, mərkəzdə olduğum müddətdə aldığım müalicə, həkim və tibb işçilərinin insanlara diqqəti, Naxçıvan şəhərində gördüyüm qonaqpərvərlik məndə yüksək təəssürat yaradıb, sağlamlığıma yenidən qovuşmağa mənə çox kömək eləyib. Bu yay mövsümü də məzuniyyətimi Naxçıvanda keçirməyi, Duzdağda müalicəmi davam etdirməyi planlaşdırıram. Qəzetiniz vasitəsilə ailəmiz adından Duzdağda yaradılan nümunəvi şəraitə görə öz səmimi minnətdar­lığımı bildirmək istəyirəm.

Hörmətlə, Əfruzə Qasımova
Bakı şəhər sakini

Buna ən çox sevinən uşaqlar idi...

Salam, hörmətli redaksiya! Bu məktubu sizə Naxçıvan şəhərindən yazıram. Daimi oxucunuz olduğumdan qəzetinizdə “Oxucu məktubları” rubrikasında yayımlanan məktubları çox maraqla oxuyuram.

Muxtar respublika sakini kimi qəzetiniz vasitəsilə bura gələn qonaqlardan bu qədim diyar haqqında xoş sözlər oxuyuruq. Belə bir məşhur ifadə var: “Aşıq gördüyün çağırar”. Doğrudan da, bu gün Naxçıvanın gözəlliyini görməmək, bu gözəlliklərdən ləzzət almamaq mümkün deyil. Yaşadığımız Naxçıvan şəhəri son dövrlər gözəlliyi ilə yanaşı, həm də bura gələn əcnəbi qonaqların sayının artması ilə də diqqəti cəlb edir. Bu isə onu göstərir ki, şəhərimizə maraq gündən-günə daha da artır. Ancaq mənim demək istədiklərim, sadəcə, bu gözəlliklər yox, həm də gözəlliklər içərisində şəhər sakinlərinə, xüsusilə uşaqlarımıza yaradılmış şərait haqqındadır.
Yaxşı yadımızdadır, 15-20 il bundan əvvəl uşaqlarımızı şəhərdə gəzdirmək üçün indiki qədər gözəl ünvanlar, əyləncə mərkəzləri yox idi. Gücümüz o qədər də ürəkaçan olmayan şəhər parklarına çatırdı. Ancaq indi vəziyyət tamam dəyişilib. Uşaq və yeniyetmələrin, o cümlədən gənclərin üz tuta biləcəyi çox gözəl obyektlərimiz var. Bu günlərdə peşəkar sirk ustalarının şəhərimizə təşrif buyurması və maraqlı pro­qramlarla çıxış etməsi isə təkcə uşaqlar deyil, böyüklər üçün də maraqlı oldu. Mən də fürsətdən istifadə edib balaca nəvəmlə bu əyləncədə iştirak etdim. Onu da deyim ki, Naxçıvanda sirk oyunlarının axırıncı dəfə nə zaman nümayiş etdirildiyini xatırlaya bilmirəm. Uşaqlarımız hər dəfə bu cür əyləncə proqramlarına yalnız televiziya vasitəsilə baxmalı olurdular. Ancaq sirkdəki oyunçularla canlı təmasda olmaq, onları yaxından görmək, düşünürəm ki, hər kəs üçün maraqlıdır. Biz də bir-birindən maraqlı nömrələri böyük sevinc və həyəcanla izlədik. Sirk çadırının tamaşaçılarla dolu olması bu əyləncəyə nə qədər böyük maraq olduğundan xəbər verirdi. Əlbəttə ki, buna ən çox sevinənlər uşaqlar idilər. Balaca Aygünün proqramdan sonra da mənə ünvanladığı suallar, sirk haqqında hər şeyi öyrənmək istəyi balacaların bu əyləncəyə nə qədər maraqlı olduqlarını göstərir. Bu cür tədbirlər gələcəyimiz olan uşaqların əyləncəsi ilə yanaşı, onların dünyagörüşlərinin artmasına, günümüzün yenilikləri haqqında məlumatlar toplamalarına da öz müsbət təsirini göstərir. Mən isə uşaqlarımızın yaddaşında xoş izlər buraxmış bu proqramın təşkilatçılarına minnətdarlığımı bildirmək üçün bu məktubu sizə yazdım.

Ləzifə Quliyeva
Naxçıvan şəhər sakini

Kəndimiz müasir yaşayış məntəqəsinə çevrilib

Hörmətli redaksiya! Yaşadığım Şahbuz rayonunun Gömür kəndi muxtar respublikanın ucqar sərhəd və dağ yaşayış məntəqələrindən biridir. Sovet dönəmində Gömür digər belə ünvanlarda yerləşən kəndlər kimi gözdənuzaq düşmüşdü. 1995-ci ildən sonra hərtərəfli qayğı ilə əhatə olunan kənddə ilk quruculuq tədbirlərinə öz ata-baba yurdlarından didərgin düşərək buraya pənah gətirən soydaşlarımıza yeni mənzillər tikilməsi ilə başlanıldı. Digər məqsədyönlü tədbirlər həyata keçirildi. Bunların davamı kimi bu il aprel ayının 22-də kənddə daha bir neçə obyekt istifadəyə verilib. Onlardan biri 2 mərtəbədən ibarət olan kənd mərkəzidir. Burada inzibati ərazi dairəsi üzrə nümayəndə­lik, bələdiyyə, rabitə evi, kitabxana, feldşer-mama, baytarlıq və polis sahə məntəqələri, mədəniyyət evi yerləşdirilib. Kənd mərkəzində yaradılan müasir iş şəraiti sakinlərin sosial problemlərinin vaxtında həllinə imkan verib.
Həmin gün gömürlülərin sevincinə sevinc qatan daha bir obyekt isə 2 mərtəbədən ibarət olan məktəb binasıdır. Burada 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompüter, şahmat otağı, kitabxana, hərbi kabinə, idman zalı və açıq idman qurğuları istifadəmizə verilib.
Gömürlülərə göstərilən daha bir qayğı burada istifadəyə verilən xidmət mərkəzidir. Mərkəzdə bərbərxananın, qadın gözəllik salonunun, ət satışı yerinin, ərzaq və təsərrüfat malları mağazalarının fəaliyyətindən istifadə üçün hərtərəfli şərait yaradılıb. Bununla da, kənd sakinlərinin zəruri ehtiyaclarını ödəmələri məqsədilə rayon və şəhər mərkəzinə üz tutmaları problemi aradan qaldırılıb.
Kənddə geniş abadlıq işləri aparılıb, kənddaxili yola asfalt örtük salınıb, yolboyu beton kanal çəkilib, bir neçə su keçidi qoyulub, Ağbulaq kəndindən Gömür kəndinədək və eləcə də kənd daxilində fiber-optik kabel, rabitə, elektrik, qaz və içməli su xətləri çəkilib.
Bizə göstərilən belə qayğı üçün kənd sakinləri adından dövlətimizə minnətdarlığımı bildirirəm.

Zahid Aslanov
Gömür kənd tam orta məktəbinin müəllimi

Naxçıvanın müasir səhiyyə müəssisələrində indi ən çətin
cərrahi əməliyyatlar da uğurla aparılır

Hörmətli redaksiya!
Bu minnətdarlıq məktubunu təkcə öz adımdan yox, 5-6 aprel 2015-ci il tarixlərində Naxçıvan Diaqnos­tika-Müalicə Mərkəzində uğur­lu açıq ürək əməliyyatı aparılması sayəsində yenidən öz sağlamlığına qovuşmuş on nəfər muxtar respublika sakininin adından yazıram.
Dərin minnətdarlıq duyğusu ilə bildirmək istəyirik ki, müstəqil Azərbaycanda, onun ayrılmaz hissəsi olan ulu Naxçıvanda bütün digər sahələrlə yanaşı, səhiyyənin ən müasir standartlar səviyyəsində inkişafı, insanların sağlamlığının hərtərəfli şəkildə qorunması da daim diqqət mərkəzindədir. Diyarımızın səhiyyə ocaqları tamamilə yenidən qurulmuş, ən müasir tibbi avadanlıq, cihaz və aparatlarla, yüksəkixtisaslı mütəxəssislərlə təmin olunmuşdur. Bir vaxtlar hətta adi müayinə və müalicə imkanlarının məhdud olduğu Naxçıvanın səhiyyə müəssisələrində indi ən çətin cərrahiyyə əməliyyatlarının uğurla aparılması adi hala çevrilmişdir.
Biz bütün bunların şahidi olduq. Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasından dəvət olunmuş ürək-damar cərrahiyyəsi üzrə tanınmış mütəxəssislər – tibb üzrə fəlsəfə doktoru Seymur Musayevin, eləcə də Nurlan Mahmudov və Kənan Əsəd­ovun, həmçinin Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin ürək-damar cərrahı İntiqam Fətullayevin, həkimlərdən Xətayi Əliyevin, Şahin Mazan­ovun və digər tibbi personalın birgə zəhməti ilə keçirilən açıq ürək əməliyyatı nəticəsində biz, sözün əsl mənasında, yenidən həyata qayıtdıq. Əməliyyatdan sonrakı dövrdə də bizə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində mükəmməl tibbi xidmət göstərildi.
Artıq sağlamlığımız bərpa olunub, ağrı-acılarımız arxada qalıb, səhhətimiz tam normaldır. Dünyanın ən böyük neməti olan cansağlığına təkrar qovuşduğumuz üçün göstərilən böyük qayğıya, yaradılan şəraitə görə dərin minnətdarlığımızı bildiririk!

Tofiq Əliyev
Naxçıvan şəhər sakini

Məhdud fiziki imkanlı şəxslərə böyük diqqət və qayğı
göstərildiyinin bir daha şahidi oldum

Hörmətli redaksiya!

Sizə bu məktubu Şərur rayonunun Oğlanqala kəndindən yazıram. Mən ötən ayın əvvəllərində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 8 nəfər sağlamlıq imkanları məhdud insanla Türkiyə Respublikasının Dənizli şəhərində fəaliyyət göstərən Nobel Tibb Mərkəzinə 20 günlük fizioterapevtik müalicə üçün göndərilmişdim.

Biz Naxçıvandan Bakıya, oradan da Türkiyənin mülayim iqlimə, təmiz havaya sahib Dənizli şəhərinə yola düşdük. Əzələ və skelet sistemi xəstə­liklərindən neyroloji xəstəliklərə, daxili xəstəliklərdən dəri xəstəliklərinə qədər bir sıra xəstəliklərin müalicə olunduğu bu mərkəz haqda əvvəlcədən məlumatım yox idi və adıçəkilən səhiyyə ocağı ilə tanış olarkən dövlətimizin biz məhdud fiziki imkanlı şəxslərə nə qədər diqqət və böyük önəm verdiyini bir daha dərindən anladım.
Xəstəliyimlə əlaqədar olaraq bildirim ki, son illər ayaqlarımda taqətsizlik yaranıb. Ayağa qalxa bilmirəm, əlil arabasına möhtacam. Tibbi innovasiyaların geniş tətbiq olunduğu Nobel Tibb Mərkəzinə göndərilməyim çox yerinə düşdü. Nəinki Türkiyənin, hətta dünyanın ən tanınmış tibb mərkəzlərindən olan bu müalicə ocağında mən və yoldaşlarım tərkibində bikarbonat, sulfat, maqnezium, sodium, kalsium, karbondioksid, dəmir maddələri olan, yerdən 58 dərəcə istiliklə çıxan qırmızı rəngli termal su və palçıq vannaları qəbul edərək müalicə aldıq. Bundan başqa, yerdən 36 dərəcə istiliklə çıxan ağ rəngli termal sulardan istifadə etməklə müalicə kursu keçdik, oradakı həkimlərdən faydalı məsləhətlər aldıq. Masajlar, elektroterapiyalar, lazerterapiyalar ağrılarımın aradan qaldırılmasına yardım etdi. Su hovuzlarında, salonlarda keçirilən fiziki müalicə kurslarına qatılmağım ağrılara səbəb olan amillərin aradan qaldırılmasında mənə çox kömək oldu. Hiss etdim ki, əzələlərim öz gücünü yenidən qazanır, dayaq-hərəkət sistemi bərpa olunur – sağalıram! Oradakı həkimlər tərəfindən müxtəlif fiziki metodlar vasitəsi ilə orqanizmimin funksional imkanları yaxşılaşdırıldı, müalicə-reabilitasiya, sağlamlaşdırıcı və bərpaedici müalicə kursları nəticəsində səhhətimdə böyük dəyişikliklər baş verdi. Müalicə kursu müddətində mən və yoldaşlarım çox sayda təbiət, mədəniyyət və ətraf mühitin tanıdılması ilə bağlı bir sıra tədbirlərə də qatıldıq. Bu da bizdə effektli müalicə üçün vacib olan yüksək əhval-ruhiyyə, xoş ovqat yaratdı.
Bundan əvvəl iki dəfə Ukraynada müalicəyə göndərilmişəm. Bu müalicə kurslarına göndərilməyimin mənə ən böyük faydası sağalıb əvvəlki kimi ayağa qalxacağıma, yeriyəcəyimə dair ürəyimdə ümid işığının yanması, daha doğrusu, dövlətimiz tərəfindən yandırılması oldu. Xarici ölkədə müalicə almaq üçün göndəriləcəyimi eşidəndə çox sevindim və bu xəstəlikdən qurtulacağıma inandım. İnam isə bir insan üçün hər şeydir. Məndə bu inamı yaratdığına görə dövlətimizə minnətdaram.

Zəminə Süleymanova
Şərur rayonunun Oğlanqala kənd sakini

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR