Yaz fəsli gəlişi ilə əhval-ruhiyyəmizi yüksəltməklə yanaşı, müəyyən mövsümi xəstəlikləri də özü ilə gətirir. Bu xəstəliklərin səbəbləri, ilk növbədə, fəsil dəyişkənliyi ilə bağlı orqanizmdə baş verən proseslər və bəzi xarici amillərlə izah olunur. Xüsusən immun sistemi zəif olan insanlar bu aylarda tez-tez xəstəliklərə tutulurlar. Daha çox uşaq və yaşlılarda özünü göstərən bu tip xəstəliklərə el arasında mövsümi xəstəliklər deyilir.
Bəs bu xəstəliklər necə yaranır? Bu xəstəliklərdən uşaqlarımızı necə qorumalıyıq? Suallarımıza cavab tapmaq üçün Nehrəm Kənd Sahə Xəstəxanasının baş həkimi, pediatr Hüseyn Niftəliyevə müraciət etdik. Həkimin çox vaxtını almadan gəlişimizin səbəbini söyləyib suallarımızı ünvanlayırıq.
Son zamanlar uşaqların tez-tez xəstəliklərə yoluxduğunu bildirən Hüseyn Niftəliyev bunu mövsümlə əlaqələndirdi, yaz-yay fəsillərində körpə uşaqlarda ən çox rast gəlinən problemlərin vitamin çatışmazlığı və allergik xəstəliklər olduğunu dedi. Həkimin sözlərinə görə, tibdə “polinoz” adlandırılan bu fəsadlar, əsasən, uşaqları əhatə edir: “Ağacların yarpaqlaması, çiçək açması, çiçək tozunun olması ilə bağlı uşaqlar arasında allergik xəstəliklər tez-tez baş verir. Bu vaxt uşaqlarda asqırmalar, gözdə və boğazda qaşınma kimi simptomlar meydana çıxır. Əgər bunlar müalicə olunmasa, xəstəlik bronxial-astmaya keçə bilər”.
Hüseyn həkim bildirir ki, bir yaşadək uşaqlarda qida allergiyasını yaradan əsas allergenlərdən biri də inək südü zülallarıdır: “Əgər uşaq ana südü ilə qidalanırsa, ana hipoallergen pəhrizə riayət etməli, qida rasionundan soğan, sarımsaq, turp, balıq, göbələk bulyonları və ədviyyatlar çıxarılmalıdır. Süd məhsullarından xama, qatıq və meyvələrdən istifadə olunmalıdır. Bundan əlavə, genetik meyillilik, mədə-bağırsaq sisteminin pozuntusu, keçirilmiş kəskin bağırsaq infeksiyası da uşaqlarda erkən dövrdə qida allergiyasının inkişafına səbəb olan amillərdəndir”.
Hüseyn Niftəliyev deyir ki, yuxarıda sadalanan xəstəlikləri nəzərə almasaq, yaz və yay fəsillərində rast gəlinən xüsusi xəstəlik qrupu yoxdur. Hazırda muxtar respublikada uşaqlar arasında ciddi epidemiya təhlükəsi də müşahidə olunmur: “Uşaqlar ətraf aləmlə çox təmasda olduqları üçün onlarda tənəffüs yolları və tənəffüs sistemi fəsadları baş verə bilər. Bu ən çox rast gəlinən problemlərdəndir. İkinci yerdə yeni doğulan körpələrdə müşahidə olunan xəstəliklər, sonra isə mədə-bağırsaq və yoluxucu xəstəliklər durur”.
“Soyuq qış ayları artıq arxada qalsa da, qrip və soyuqdəyməyə yaxalanmaq riski bu aylarda daha da artır. Buna səbəb yüksək rütubət, dəyişkən hava şəraiti və zəif immunitetdir”, – deyən Hüseyn Niftəliyev əlavə edir ki, bütün bunlar xəstə insanla hətta qısamüddətli əlaqəni də yoluxma təhlükəsinə çevirir. Təəssüf ki, yaz, sadəcə, təbiətin oyanışı demək deyil, həm də bronxial və immunal xarakterli xəstəliklərin inkişafı üçün “ideal şərait” yaradan fəsildir. Xəstəliyin qarşısını almaq üçün görülən profilaktik tədbirlərə vitaminlərlə bol olan balanslaşdırılmış qidalanma və virus əleyhinə preparatların qəbulunu aid etmək olar. Şəxsi gigiyenanı da unutmaq olmaz: əllər tez-tez yuyulmalı, mənzilin havası dəyişilməli və evdə nəmləndirici təmizlik işləri aparılmalıdır.
Qida allergiyasını qidanın tərkibində olan qlikoprotein zülalları yaratdığını deyən Hüseyn Niftəliyev qida allergenləri məhsullarının kulinariyada işlədilməsi zamanı antigen xüsusiyyətlərini dəyişmək qabiliyyətinə malik olduğunu bildirdi: “Qızdırıldıqda zülallar təbii tərkibini itirir. Bu zaman qida allergenlərinin bir qrupu allergenlik xüsusiyyətini itirir, digər qrupu isə, əksinə, allergenlik xüsusiyyəti qazanır. Meyvə və tərəvəzlərin tam yetişməmiş olması da allergenliyi kəskin artırır. Bəzi hallarda valideynlər bu cür xəstəliklərlə mübarizəni ev şəraitində və həkim məsləhəti olmadan aparırlar. Bu hallar çox pis fəsadlar doğura bilər. Uşaqlarımızın səhhətində yarana biləcək hər cür xəstəlik üçün mütləq həkimə müraciət etmək lazımdır. Qusma və ishal olan uşaqlara çay, su verilməsi xeyli azaldılmalı və mütləq həkimə müraciət edilməlidir”.
Həkim qeyd edir ki, valideynlər iqlimin dəyişilməsini nəzərə almalı, körpə uşaqlarını soyuqdan qorumalı, nisbətən böyük uşaqlarını isə havanın temperaturuna uyğun şəkildə geyindirməlidirlər. Uşaqların peyvəndləri vaxtında vurdurulmalı, vitamin ehtiyacını aradan qaldırmaq üçün həkimə müraciət olunmalıdır. Bu fəsildə uşaqları günün altında çox saxlamaq olmaz. Hava ilə təmas üçün səhər və ya axşam vaxtı daha uyğundur.
Sonda müsahibim onu da dedi ki, hər dərman preparatı müəyyən bir xəstəlik üçündür, universal deyil. Bir dərmanın müəyyən olunmuş xəstəliyə faydası vardırsa, onun başqa bir orqana ciddi zərərvermə təhlükəsi də var. Məsələn, hansısa bir xəstənin mədəsində ağrı var və həmin xəstə mədəqoruyucu dərman əvəzinə, ağrıkəsici dərmandan istifadə edərsə, bu zaman xəstədə mədə qanaması, deşilməsi və digər fəsadlar yarana bilər. Mütləq həkim məsləhəti ilə dərmandan istifadə etmək lazımdır. Bu deyilənlər adi ağrıkəsici dərmandan tutmuş allergiya əleyhinə olan dərmanlara qədər hamısına aiddir, hətta vitaminlər belə, həkimin rəyi olmadan istifadə olunmamalıdır. Çünki fərdi olaraq bəzi uşaqların vitaminlərə qarşı allergiyası ola bilər. Hər bir dərman vasitəsi yalnız müayinədən sonra qəbul edilməlidir. Əks halda insan sağlamlığından ola bilər. Bir həkim olaraq valideynlərə, xüsusən analara onu deyərdim ki, özlərinin və övladlarının həyatlarını riskə atmasınlar. Bunlardan əlavə, ailə daxilində rast gəlinən bir xəstəlik hər kəsə aid olmaya bilər. Məsələn, ailənin böyük uşağına yazılan dərman vasitəsini kiçik uşağa da vermək tamamilə səhvdir və təhlükəlidir. Bəzən valideynlər düşünürlər ki, ağrıkəsici, vitamin və sair dərmandan hər iki uşaq istifadə edə bilər. Qətiyyən düzgün deyil! Uşaqlarda ayrı-ayrı xəstəliklər varsa, bunların müalicəsi də fərqlidir.
Arzu Abdullayev