22 Dekabr 2024, Bazar

İstər əhali, istərsə də ərazi baxımından muxtar respublikamızın ən kiçik rayonu olan Sədərəyi digər regionlardan, bölgələrdən fərqləndirən cəhətlər, xüsusiyyətlər az deyil. Bunlar, ilk növbədə, onun yerləşdiyi coğrafi mövqe ilə bağlıdır. Əvvəla, Sədərək təkcə Naxçıvanın yox, bütöv məmləkətimizin ən ucqarda və sərhəddə yerləşən torpaqlarından biridir: mənfur ermənilərlə həmsərhəddir.

Digər tərəfdən isə dost və qardaş ölkə olan Türkiyə ilə cəmi 11 kilometrlik sərhəd xətti də bu ərazidə (Araz çayı boyunca) yerləşir. Bax bu mənada Sədərək rəmzi bir qapıdır. Bu qeyrət qalası düşmənlərimiz qarşısında qurulub, onları diz çökdürmək, torpaqlarımıza buraxmamaq üçündür. 2002-ci ilin avqust ayında Sədərək əhalisi ilə görüşündə ümummilli liderimiz Heydər Əliyev deyib: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir”.
Sədərəklilər keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində düşmənə qarşı göstərdikləri qəhrəmanlıqları ilə dastan yazdılar. “Şərq qapısı” qəzetinin 1994-cü il 5 fevral tarixli nömrəsində dərc olunan “Sədərək qorunur, yaşayır!” adlı məqalədən oxuyuruq ki, sədərəklilərin şücaəti, qəhrəmanlığı dillərdən düşməyib, sərhədlər aşıb. Belə şücaəti və qəhrəmanlığı ancaq öz yurduna, öz torpağına, öz dövlətinə bağlı olan insanlar göstərə bilərlər.

Bəli, Sədərək belə insanların hesabına qorundu. Bu gün də qorunur. Özü də yüksək səviyyədə – həm torpaq təəssübünü, yurd sevgisini hər şeydən üstün tutan sədərəklilərin, burada xidməti borcunu yerinə yetirən, sərhəddə ayıq-sayıq dayanan əsgərlərimizin hesabına, həm də dövlətimizin böyük qayğısı gücünə.
Sədərəkdə torpaq həm qorunur, həm də becərilir. Yurda bağlılığı, onu daha gözəl görmək arzularının çin olmasını, muxtar respublika sakinlərinin yaxşı yaşamasının prioritet vəzifəyə çevrilməsinin nümunələrini Sədərəkdə daha dolğunluqla görmək olar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 15 mart 2000-ci il tarixli Sərəncamı Vətənə olan sevgi, istək, saf amal və pak əməlin bariz nümunəsidir. Bu sərəncamdan sonra çox keçmədi ki, Sədərək hünər, zəhmət, quruculuq meydanına çevrildi. Qoynunda düşmən mərmilərindən şırımlar açılan bu yurd yerinin sinəsini quruculuq töhfələri bəzədi. İnsanların sabaha olan inamı yüksəldi. Sərəncamın icrası istiqamətində görülən işlər, həyata keçirilən digər məqsədyönlü tədbirlər sərhəd qalasını müasir rayona çevirdi.
İllər öncəki Sədərək və bugünkü Sədərək. Geridə qoyduğumuz illər Sədərəyə nə bəxş etdi? Bu gün necə yaşayır sərhəd rayonumuz? İnsanları gün-güzəranlarını necə qurublar? Statistik rəqəmlər rayonun sosial-iqtisadi inkişafının mənzərəsini açıq-aydın göstərir. Amma biz bu dəfə necə yaşadıqlarını sədərəklilərin dilindən eşitmək istədik. Beləliklə, rayon sakinləri ilə görüşmək, onlarla həmsöhbət olmaq üçün rayona üz tutmaq qərarına gəldik.
...Yol alırıq Sədərəyə. Rahat, geniş magistral yol bizi bu gün gözəlliklər məskəninə çevrilmiş alınmaz qalaya aparır. Az qala hər addımda hava da dəyişir, təbiət də, mənzərələr də. Bir azdan isə Zəngəzur silsiləsinin Dərələyəz sıra dağları ilə üz-üzə dayanırsan. Sədərək dağlara sığınıb. Elə bil əl uzatsan, çatar. Sədərəyə çatana yaxın sol tərəfdəki Ağrı dağına baxmadan keçmək olmur. Sədərəyin ağrılı-acılı, çətin və qanlı-qadalı günlərindəki mərdanəliyinə şahidlik edib bu dağ. Digər şahid olan məkansa buradakı Şəhidlər xiyabanıdır. Sədərəklilərin müqəddəs ünvan saydıqları bu məkanı ziyarət edərkən ürəyimdən keçən fikirlərlə, yəqin ki, oxucularımız da razılaşar: Allah sədərəklilərə doğma ocağa, ata-baba yurduna hədsiz məhəbbət hissi, çətinliklərə sinə gərmək üçün qeyri-adi dözüm, dəyanət verib.
Budur, yağı düşmənlə üz-üzə dayanan, bir vaxt güllələr, bu gün isə güllər açılan, gülzarlığa çevrilən Sədərək rayonu. İndi Sədərəyin ən böyük silahı son illər burada aparılan çox böyük quruculuq və abadlıq işləridir. Həm qəsəbəsində, həm də kəndlərində yollar genişləndirilib, qara örtük salınıb, yaşıllıq zolaqları yaradılıb. Müxtəlif təşkilatlar üçün yeni binalar inşa olunub.
Rayonda ən çox diqqətçəkən burada başqa bölgələrdən gəlib yaşayan gənc ailələrimizdir. Novruzovlar ailəsi 7 ildir, Sədərəkdə yaşayır. Ailə üzvlərindən Natella Novruzova ilə həmsöhbət oluram. Onun dediklərindən:
– Heydərabad qəsəbə tam orta məktəbində ibtidai sinif müəllimi işləyirəm. Həyat yoldaşım uşaq bağçasında gözətçidir. Burada özümüzü sədərəkli kimi hiss edirik. Sədərəyə gəlməzdən əvvəl fikirləşirdim ki, mən sərhəd bölgəsində, həm də düşmənlə üz-üzə olan bir yerdə necə yaşayacağam? Övladlarımı necə böyüdəcəyəm? Səmimi etiraf edim ki, bura gəldikdən sonra burada hər hansı bir çətinliklə rastlaşmadıq. Əksinə, rahat şərait qurduq özümüzə, evlə təmin olunduq. Qürur duyuruq ki, sərhəd bölgəsində fəaliyyət göstəririk. Mən burdan gənclərə səslənirəm: belə bölgələrimiz biz gənc­lərə əmanətdir.
Yeri gəlmişkən deyək ki, Sədərəkdə gənclər və gənc ailələr çoxluq təşkil edir. Həmin gənclərdən birinin ailəsində olduq. Ailə başçısı Əkbər Kazımov hərbçidir. Bir neçə ildir ki, burada qulluq edir. O, düşmən mövqelərini göstərərək deyir:
– Bir baxın, qəsəbədəki binaların hər birindən düşmən mövqeləri açıq-aydın görünür. Ara-sıra atəş səslərinin eşidildiyi, ağır artilleriyanın hədəfi olmaq istisna edilməyən bu rayonda yaşamaq, həqiqətən də, böyük cəsarət və dövlətə, orduya inam tələb edir. Bu da sədərəklilərdə var. Ona görə də onlar əkir-becərir, qurub-yaradırlar, necə deyərlər, öz qaynar həyatlarını yaşayırlar.
Yol kənarında dayanmış qəsəbə sakini Namaz dayı ilə həmsöhbət oluram. Deyir ki, Sədərəyin dünəninin şahidi olanlar bu gününə ürəkdən sevinirlər. Düşmən isə kədərlənir. Sərhəddən bu tərəfə boylanan ermənilər dəqiq bilirlər ki, əsrlər keçsə də, yaşadıqları ərazini bu cür cənnətə döndərə bilməyəcəklər.
Qəsəbə sakinlərinin hansı ilə söhbət etdimsə, onlar bir məqamı xüsusi vurğuladılar: yaşadıqları bu xoş günlər üçün ümummilli liderimiz Heydər Əliyevə borcludurlar. Bildirdilər ki, ulu öndərimiz Sədərəyin ən ağır illərində həm rayonu, həm də sədərəkliləri qoruyub, onlara mənəvi dayaq olub. Ulu öndərimizin sərhəd bölgəsinin ağır illərində dəfələrlə Sədərəyə gəlməsi, bölgə sakinlərinə tövsiyələrini verməsi təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qoruyub. Bu gündən sabaha ümidləri olmayan sədərəklilər də dahi şəxsiyyətin ətrafında sıx birləşiblər, hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inanıblar. Bu gün firavan həyat tərzi məhz Heydər Əliyev ideyalarının işığı hesabına mümkün olub. Bu işıq isə indi daha da gur parlayır və heç zaman sönməyəcək. Bu işığın ziyası sərhəd bölgəsini daha xoş sabahlara aparacaqdır.
Heydərabad qəsəbəsindən Sədərək kəndinə doğru gedirik. Yol yenicə salınıb. Bu da düşmənə bir gözdağıdır. Muxtar respublikamızın sərhəd bölgələrində son illərdə düşmənə gözdağı olan çoxlu obyektlər tikilib. Kəndin girəcəyindəki parkda dincələn ağsaqqallarımızla görüşüb onların yaddaşlarını təzələməyə çalışıram. 79 yaşlı kənd ziyalısı Əsgər Axundovun sözlərini olduğu kimi qeyd dəftərçəmə yazıram:
– Çətin günlərimiz çox olub. Şükür Allaha ki, o günlər arxada qalıb. Ağ günlərə çıxmışıq. Kəndimiz günü-gündən abadlaşır, insanların yaşayış səviyyəsi yaxşılaşır. Gəzib dolaşdığımız, addımladığımız küçələrdə hər ötən gün bir yeniliklə qarşılaşırıq. Görürük ki, susuz torpaqlara su çəkilir, köhnəlmiş binalara yeni həyat verilir, quruyan qızılgüllərin budaqlarında körpə qönçələr açılır. Dünən səkidə gördüyümüz qırıq sal bu gün yerini mərmər daşa verib. Dönün bir baxın, mərmərlə döşənmiş səkinin üstündə gedib-gəlirik. Hər yer inkişaf, tərəqqi ilə nəfəs alır. Budur insanların çöhrəsindəki sevincin, gülüşün səbəbi.
Sədərək kənd 1 nömrəli tam orta məktəbin qarşısında dərsdən evə qayıdan şagirdlər diqqətimizi çəkir. Görkəmli ədibimiz Hüseyn Cavidin bir sözü yadıma düşür: “Bir millətin tərəqqi və tənəzzülünü bilmək üçün onun məktəblərini görmək kifayət edər”. Müasir məktəb binasına, səliqəli məktəbli forması geyinmiş şagirdlərə baxanda adamın ürəyi dağa dönür. Bir vaxtlar övladlarının küçəyə çıxmasından qorxan sədərəklilər indi rahatdırlar. Həmin uşaqların övladları bugünkü əmin-amanlıq şəraitində işıqlı və geniş sinif otaqlarında elm öyrənir, hərtərəfli biliyə malik gənclər kimi yetişirlər.
Bəli, bu gün Sədərək kəndi özünün qaynar həyatını yaşayır. Burada hər sahədə yüksəlişin, inkişafın, yeniliyin şahidi olursan. İlin bu vaxtında hamı iş üstündə, çöldə-bayırdadır. Kənddə şəhər mədəniyyətinin əlamətlərini görürsən. Bu an diqqətimi “Sədərək” şadlıq sarayı çəkir. Bu şadlıq sarayı son illərdə rayon sakinlərinin istifadəsinə verilib. Əvvəllər rayonda restoran olmayıb. İlk dəfə olaraq belə bir yerin tikilib istifadəyə verilməsi sədərəkliləri ürəkdən sevindirib.
Sədərəklilərin “İşıqlı yol” adlandırdığı yol marağımızı çəkir. Bu yolun sağ tərəfində yeni tikilmiş evlərin yaxınlığında oynayan balaca uşaqların qayğısız həyat sahibi olduqlarını ilk anda hiss edirsən. Bir qədər irəlidə tikilməkdə olan evin önündə dayanırıq. Gənc ailə başçısı Ərrəhman Tağıyevlə həmsöhbət oluram. Deyir ki, yenicə ailə həyatı qurub. Torpaq sahəsi alıb, yeni ev tikir. Mənzilinin iki aya hazır olacağını bildirir. Ərrəhmanın atası Sərdar Tağıyev söhbətimizə qoşulur. Üst-başından görünür ki, əkin sahəsindən gəlir.
– Sərhəd bölgəsində yaşamaq, əkin-biçinlə məşğul olmaq çətin deyil ki? Sualımıza belə cavab verir:
– Düşmənlə sərhəddə yerləşən kəndin torpaq sahəsi boş qalmamalıdır. Onların gözü elə bu torpaqlarda deyilmi? Bu həqiqəti hər bir sədərəkli dərindən başa düşür. Biz sıravi torpaq adamları düşmənə həm də bu yolla cavab veririk. Qoy onlar görsünlər ki, bu torpaq bizim ən qiymətli sərvətimizdir və onun qədrini bilirik. Torpaqdan əldə etdiyimiz qazancla gün-güzəranımızı qururuq. Torpaq da zəhmətimizin, ona göstərdiyimiz qayğının qarşılığını birə-beş qat verir.
Çay süfrəsi arxasında sədərəkli Zakir müəllimin evində Ələkbər baba və Xanım nənəylə həmsöhbət oluram. 91 yaşlı Ələkbər Cabbarova sual verəndə kövrəlir, həyəcanlanır. 1941-1945-ci illər müharibəsində iştirak edib. Sədərək döyüşlərində yaşına baxmayaraq, cavanlarla birgə döyüşüb:
– Ömrümün bu vədəsində Sədərəyin ki xoş günlərini gördüm... Qızım, biz nəslin gördüklərini 20-25 il əvvəl danışsaydım, bugünkü firavanlıq sənə nağıl kimi görünərdi. Amma, şükürlər olsun ki, nağıl deyil, həqiqətə çevrilmiş möcüzədir Sədərəyin bugünkü büsatı. Gördüyüm o ağır günlər indi də gözlərim önündən getmir. Bəzən çıxıb gəzirəm kəndimizi. Qonşu Qaraağacı da. İrəli günlərdən birində ora qonaq getmişdim. Qaraağac da bu gün Sədərək kəndindən heç geri qalmır. 1995-ci ildə Qaraağac kəndinin də üzünə işıqlı gün doğdu. Naxçıvanın rəhbəri kəndə gəlmişdi. Əhali ilə görüşüb səmimi söhbət etdi, çətinliklərlə maraqlandı. Deyildi ki, 1991-ci ildən fəaliyyət göstərən ibtidai məktəbin binası yoxdur. Ona görə də dərslər evlərdə keçilir. Rəhbər qətiyyəti karımıza gəldi. 1996-cı ildən yeni dərs ilinə təzə tikilib istifadəyə verilmiş sinif otaqlarında başladılar müəllimlər, şagirdlər. Elə həmin vaxtdan da bu təhsil ocağı səkkizillik məktəbə çevrildi. 2004-cü ildə isə binada yenidənqurma işləri aparıldı, yeni sinif otaqları artırıldı və o dövrdən də Qaraağac məktəbi orta təhsil ocağı kimi fəaliyyətini davam etdirir.
Bizi diqqətlə dinləyən Xanım Abbasovaya üz tuturam. 1935-ci il təvəllüdlü Xanım nənə Sədərəyin ağır günlərini belə xatırlayır:
– 1988-ci ildə bu qədim yurd yeri top-tüfəng meydanına çevrildi. Nə qədər ev, kənd məktəbi, istehsal müəssisəsi dağıdıldı, kəndə külli miqdarda ziyan dəydi. Bu ziyan təkcə maddi ziyan deyildi. O günlərdə neçə-neçə insanın – körpənin, qadının, qocanın ömrünə son qoyuldu, kəndi qorumaq üçün ölkəmizin müxtəlif bölgələrindən buraya könüllülər gəldilər, sədərəklilərlə birlikdə silaha sarıldılar. Qocaları, qadın və uşaqları nisbətən təhlükəsiz yerlərdə qorudular. İgidlərimiz mənfur düşməni Sədərəyə girməyə qoymadı, sərhəd bölgəsinin qəhrəmanlıq tarixinin daha bir səhifəsi belə yazıldı. Kəndimizin qadınlarını başqa rayonlara aparmaq istədilər. Amma biz qadınlar rayonu tərk etmədik. Silahla vuruşmasaq da, düşmənlə vuruşan oğullarımıza dayaq durduq. Şükür, o günlər tez keçdi.

Hava yavaş-yavaş qaralmaqdadır. Biz isə birgünlük təəssüratlarımızla  rayondan  ayrılmaqdayıq.  Bu təəssüratlar içərisində yadımdan çıxmayacaq bir məqamı xüsusi vurğulamaq istəyirəm: sərhəd qalasının  istər gənci və məktəblisi, istər ağsaqqal və ağbirçəyi, istərsə də vəzifəli şəxsi ilə söhbətlərdə hiss edirdim ki, onlar burada əsl sərhədçi ömrü yaşamaqlarından fəxr duyur, doğma Sədərəyin bir vaxtlar yaşadığı ağır günləri unutmur, qovuşduqları günlərin qədrini bilirlər. Sabaha inamları daha güclü olan belə insanların doğma yurd yerlərini fədakarlıqla qorumaları elə böyük Vətəni qorumaqdır. Vətən isə sərhəddən və onu qoruyan insanlardan başlayır. 

 Sara Əzimova
 Əli Xudiyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR