Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” mövzusunda növbəti maarifləndirici kurs təşkil edilib.
Mayın 12-də başlayan və yeddi iş günü davam edəcək kursa “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının, Naxçıvan Avtomobil Zavodunun, Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin, “Sirab”, “Əcəmi“ Tikinti-Quraşdırma və “Naxçıvan Tikiş” Açıq Səhmdar cəmiyyətlərinin, “Prestij Naxçıvan Pivəsi”, “Dekor Qrup“, “Ləzzət Qida-Sənaye”, “Ləzzət Biskvit və Şokolad Fabriki”, “Dostluq” və “Bizim Qida” Məhdud Məsuliyyətli cəmiyyətlərinin kadr işləri üzrə, ümumilikdə, 14 mütəxəssisi cəlb edilib.
Kursda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən “Əmək müqaviləsinin bağlanmasının əsasları və qaydaları”, “Əmək müqaviləsinin nümunəvi forması, onun düzgün doldurulması və ona dəyişikliklərin edilməsi qaydaları”, “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları”, ”Əmək müqaviləsi üzrə işəgötürən və işçinin hüquq və vəzifələri”, “Əmək münasibətləri zamanı digər sənədləşmə işlərinin qanunamüvafiq həyata keçirilməsi”nə dair, həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Həmkarlar İttifaqları Şurasının və Dövlət Baş Sığorta Agentliyinin nümayəndələri tərəfindən “Əcnəbi vətəndaşlarla əmək müqaviləsinin bağlanması və fərdi icazənin verilməsi qaydası”, “İşçilərin əmək hüquqlarının müdafiəsi”, “İşçilərin istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaları” ilə bağlı müvafiq mövzular tədris olunacaq.
Yekunda kurs iştirakçılarının bu sahədə bilikləri yoxlanılacaq.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti