Şərur rayonunun Çomaxtur kənd tam orta məktəbində üzunömürlü ailələrin yeniyetmə və gənclərlə görüşü keçirilib. Dəyirmi masa arxasında keçirilən tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Zəhra Bayramova açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov çıxış edərək bildirib ki, ailə insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim və unikal formalarından biridir. Yeni nəslin tərbiyə olunmasında ailə əvəzsizdir. Cəmiyyətin formalaşması və inkişafında ailə mühüm vasitə olmaqla yanaşı, insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ülvi mühitdir. Ailəni fərqli edən cəhət də məhz budur. Ailələrin uzunömürlü olmasında iki amil mühüm əhəmiyyət kəsb edir. Biri ailələrə dövlət qayğısıdırsa, digəri ailəni quran tərəflərin adət-ənənələrə, milli-mənəvi dəyərlərə bələd olmaqla onu ailə üzvlərinə mənimsətməsidir. Muxtar respublikada yaşayan ailələrə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bütün bunlar ailələrin uzunömürlü olmasına xidmət edir. Təsadüfi deyil ki, bu gün muxtar respublikamızda evliliklərinin 70 ili tamam olan ailələr çoxdur.
Vurğulanıb ki, bugünkü tədbirin keçirilməsində məqsəd həmin uzunömürlü ailələrin keçdiyi həyat yolunu, ailələrin uzunömürlü olmalarının sirlərini yeniyetmə və gənclərə aşılamaqdır. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması ailələrin uzunömürlü olmalarında əsas şərtdir. Ailəni quran tərəflər bir-birlərini qiymətləndirməyi öyrənməli, nəzakətli olmalı, yalnız yaxşını yadda saxlamalı, pisi unutmalıdırlar. Tərəflər bir-birlərini qısa müddətdə dəyişməyə (özlərinə oxşatmağa) çalışmamalıdırlar. Bundan əlavə, əxlaqa söykənmək ər-arvadın ümdə vəzifəsi olmalıdır. Bütün bu amillər nəzərə alındıqda ailə möhkəm və uzunömürlü olar.
Bildirilib ki, xüsusilə müasir günümüzdə gənclərin üzərlərinə düşən vəzifə bundan ibarət olmalıdır: ailə dəyərlərinin qorunması ötəri maraqlara və dəyərsiz hislərə deyil, ənənələrə əsaslanmalıdır. Gənclər modernləşən dünyamızda yaşadıqları həyat tərzi ilə ailə institutunun təməllərinin möhkəmliyinin qorunmasına töhfə verməli, özlərinin timsalında ailə modelimizin nüfuzunun artmasına nail olmağa çalışmalıdırlar. Bu zaman ailə dəyərlərimizi möhkəmləndirərək bunun fonunda ailələrimizin bütövlüyünü qoruya, ailə institutumuzu yaşada bilərik.
Tədbirdə uzunömürlü ailələrin üzvləri Abuzər Əliyev və Sənubər Əliyeva, Musa Mehdiyev və Fatma Mehdiyeva çıxış edərək yeniyetmə və gənclərə ailənin bütövlüyünün qorunması haqda tövsiyələr veriblər.
Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti