Yeni təhsil islahatının həyata keçirilməsində qarşıya çıxan problemlərin uğurla həlli məqsədilə Naxçıvan Müəllimlər İnstitutu Təhsil Nazirliyi ilə birlikdə muxtar respublikanın ümumtəhsil məktəblərində müxtəlifməzmunlu silsilə tədbirlərin keçirilməsini davam etdirir.
Növbəti belə tədbir Şərur rayon Çərçiboğan kənd tam orta məktəbində “Ümumtəhsil məktəblərində şəxsiyyətyönümlü kurikulumların tətbiqi yolları” mövzusunda keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rafiq Abbasov son illər rayonda keçirilən belə tədbirlərin əhəmiyyətindən, yeni təhsil islahatının qarşıya qoyduğu vəzifələrin həllində Müəllimlər İnstitutunun köməyindən danışıb.
Məktəb direktorunun sözlərinə görə, ötən illər ərzində yeni tələblərin tətbiqi işdə ciddi dönüşün yaranmasına, müəllim-şagird münasibətlərinin yeni təməllər üzərində qurulmasına zəmin yaradıb. Bugünkü tədbir də pedaqoji işin səmərəli təşkilinə öz töhfəsini verəcəkdir.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli çıxış edərək bildirib ki, bu gün yetişməkdə olan nəslin inkişafını, tərbiyəsini düzgün təşkil etmək, sürətlə artan elmi-texniki yeniliklərin əsaslarını onlara mənimsətmək üçün uşaqların dərketmə imkanlarını, idrak proseslərinin inkişaf qanunauyğunluqlarını və bu prosesin necə aşılanması və tərbiyə edilməsini bilmək zəruridir. Bu gün hər bir müəllimə və məktəb rəhbərinə məlumdur ki, yeni təhsil islahatının həyata keçirilməsində müəllimlərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Əsl vətəndaş tərbiyə etmək, cəmiyyətimizin gələcək qurucularını düzgün formalaşdırmaq üçün qarşıya qoyulan vəzifələrin həllinə, xüsusən şəxsiyyərtyönümlü istiqamətə daha çox önəm vermək günümüzün vacib məsələlərindəndir. Biz də Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları olaraq məktəblərimizə və müəllimlərimizə hərtərəfli kömək göstərməyə çalışırıq.
Sonra Çərçiboğan kənd tam orta məktəbinin müəllimi Həsən Nəbiyev çıxış edərək şəxsiyyətyönümlü kurikulumların tətbiqi təcrübəsindən bəhs edib, bu işdə öz pedaqoji təcrübəsindən danışıb.
Naxçıvan Müəllimlər İnstitutunun dosentləri Kamal Camalovun, Həsənəli Eyvazlının və Naxçıvan Dövlət Universitetinin dosenti, Çərçiboğan məktəbinin məzunu olmuş Qurban Qurbanovun çıxışları olub.
Sonra konfrans iştirakçıları ilə mövzuya dair müzakirələr aparılıb.
Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti