Beynəlxalq ictimaiyyətin diqqətini əlillərin hüquqlarının qorunmasına cəlb etmək, onların cəmiyyətə inteqrasiyasını gücləndirmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən mayın 5-i dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əlillərin hüquqlarının müdafiəsi daim diqqət mərkəzində olub və bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. Ulu öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikası Konstitusiyasında insan hüquq və azadlıqlarının təminatı, o cümlədən xəstəliyə, əlilliyə, işsizliyə, ailə başçısını və əmək qabiliyyətini itirməyə və qanunla nəzərdə tutulan digər hallara görə bu kateqoriyalardan olan insanların sosial təminat hüququna malik olduğu təsbit edilib. 1998-ci il 18 iyun tarixdə “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi ölkəmizdə insan hüquqlarının qorunmasına göstərilən diqqətin ifadəsi olub, əlillərin hüquqlarının müdafiəsində mühüm əhəmiyyət kəsb etməkdədir.
Ölkəmizdə əlil insanlara dövlət qayğısı ilbəil artır. Sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinə yeni hüquqi imkanlar yaradan qanunvericilik aktlarının qəbul edilməsi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. 2006-cı il 28 dekabr tarixdə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın, 2011-ci il 27 dekabr tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi və bu proqramlarda əlillərin hüquq və azadlıqlarının təmin edilməsi üzrə fəaliyyət istiqamətlərinin müəyyən olunması onlara göstərilən davamlı qayğının ifadəsidir.
Əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bir sıra normativ-hüquqi aktlar qəbul edilib. Müvafiq kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərə hər ay təqaüd və müavinətlər ödənilir.
“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əlilliyi və uşaqların sağlamlıq imkanlarının məhdudluğunu doğuran səbəblərin aradan qaldırılmasına, onların reabilitasiyalarına, cəmiyyətə inteqrasiyalarına hüquqi təminat yaradır. Həmin qanunla əlillərin əməklə, habelə sahibkarlıq fəaliyyətilə məşğul olmaq, eyni zamanda əmək münasibətlərində güzəşt və imtiyazlar hüquqları təmin olunub.
Muxtar respublikamızın dinamik iqtisadi inkişafı və tərəqqisi əlillərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunmasına, onlara göstərilən müxtəlif növ sosial xidmətin səviyyəsinin yüksəldilməsinə, sosial sahənin maddi-texniki bazasının güclənməsinə əsaslı zəmin yaradır.
Müvafiq kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin mənzil və fərdi yaşayış evi ilə, müxtəlif texniki-bərpa vasitələri və protez-ortopedik məmulatlarla təmin edilməsi, tənha yaşayan sağlamlıq imkanları məhdud şəxslərə evdə sosial məişət xidmətinin göstərilməsi, istedadlı əlillərin maddi və mənəvi cəhətdən dəstəklənmələri, habelə onların fərdi məşğulluqlarının və asudə vaxtlarının səmərəli təşkili bu kateqoriyadan olan şəxslərin həyat səviyyələrini yüksəldir.
Hazırda sağlamlıq imkanları məhdud vətəndaşların sosial müdafiələrini gücləndirmək məqsədilə müvafiq kateqoriyadan olan 6518 əlil, o cümlədən 1839 sağlamlıq imkanları məhdud uşaq sosial müavinət, 240 şəhid ailəsi, 888 müharibə əlili və iştirakçısı, habelə I qrup ümumi səbəbdən 684 əlil Prezident təqaüdü alır.
Son 20 il ərzində sağlamlıq imkanları məhdud şəxslərin tibbi reabilitasiyası məqsədilə Naxçıvan Əlillərin Bərpa Mərkəzində 2400 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 1590 uşağın müalicəsi təmin edilib, eyni zamanda onurğa və sinir xəstəliyi olan 197 nəfər xarici ölkələrə müalicəyə göndərilib. Bu müddət ərzində sağlamlıq imkanları məhdud 4410 nəfərə müxtəlif texniki reabilitasiya vasitələri verilib, 2560 nəfərə protez-ortopedik xidmət göstərilib, respublikamızın müxtəlif sanatoriya və pansionatlarında müalicə və istirahətləri məqsədilə 2050 nəfər göndərişlərlə təmin edilib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı, Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək sağlamlıq imkanları məhdudlaşan, 1941-1945-ci illər müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən, ümumilikdə, 438 nəfər minik avtomobili ilə, 191 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evi ilə təmin olunub.
Məhdud fiziki imkanlı şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial reabilitasiya xidmətinin keyfiyyətini yüksəltmək məqsədilə bir sıra tədbirlər görülüb. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji bölmə, kinekt və əmək terapiyası otaqları, Naxçıvan Uşaq Bərpa Mərkəzində multisensorlu terapiya otağı yaradılıb. Naxçıvan Regional İnformasiya Mərkəzində görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün brayl və daktilo əlifbasının tədrisi üzrə kurslar təşkil olunur, onlara audio və elektron kitabxana xidməti göstərilir, hər ay “Könül işığı” adlı brayl jurnalının nəşri təşkil edilir. Eyni zamanda sosial xidmət göstərilən tənha sağlamlıq imkanları məhdud şəxslərə mütəmadi olaraq evlərində baş çəkilir, onların zəruri sosial problemlərinin həlli və tibbi müayinədən keçmələri təmin olunur, habelə uşaq serebral iflici, autizm, daun sindromlu və periferik sinir sistemi xəstəlikləri olan uşaqların valideynləri ilə maarifləndirici görüşlər keçirilir.
Sağlamlıq imkanları məhdud şəxslərin istedad və qabiliyyətlərini inkişaf etdirmək məqsədilə bədii yaradıcılıq müsabiqələri, rəsm və əl işlərindən ibarət sərgilər, paralimpiyaçıların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil olunur, onların asudə vaxtlarını, o cümlədən istirahətlərini mənalı keçirmələri istiqamətində tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların müasir tələblər səviyyəsində təhsil almalarına, cəmiyyətə daha fəal inteqrasiyalarına səbəb olur. Bu kateqoriyadan olan uşaqların təhsilə cəlbi istiqamətində görülən tədbirlərin səmərəliliyini yüksəltmək məqsədilə məktəbəqədər və məktəbyaşlı sağlamlıq imkanları məhdud uşaqlarla bağlı məlumat bazası yaradılıb. Hazırda ümumtəhsil məktəblərində 794 sağlamlıq imkanları məhdud uşaq, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən uşaqlar üçün istifadəyə verilən Distant Tədris Mərkəzində isə bu kateqoriyadan olan 19 uşaq təhsil alır.
Dövlət proqramının icrası ilə bağlı olaraq, ötən il sağlamlıq imkanları məhdud 43 uşaq məktəbəqədər təhsil müəssisələrinə, bu kateqoriyadan olan 190 uşaq isə bacarıq və maraqları nəzərə alınaraq məktəbdənkənar müəssisələrə, o cümlədən şahmat və musiqi məktəblərinə, müxtəlif idman qruplarına, həmçinin müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərin artırılması məqsədilə məşğələlərə cəlb ediliblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası məhdud fiziki imkanlı şəxslərin də əmək bazarına inteqrasiyasına, onların sosial rifahının yüksəlməsinə imkanlar yaradır. Belə ki, 2014-cü il ərzində bu kateqoriyadan olan 216 nəfərin məşğulluğu üzrə, o cümlədən onların peşə kurslarına və sosial əhəmiyyətli ictimai işlərə cəlb edilmələri, müəssisələrdə müəyyən edilən kvota yerlərinə işə göndərilmələri istiqamətində tədbirlər həyata keçirilib.
Muxtar respublikada həyata keçirilən davamlı sosial-iqtisadi islahatlar məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin güclənməsinə, onların həyat səviyyəsinin yüksəlməsinə, ümumilikdə, bu kateqoriyadan olan şəxslərə göstərilən dövlət qayğısının artmasına imkan verir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti